21 Fevral 2020 22:35
1212
Səfərlər
A- A+

Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Roma şəhərinin meri xanım Vircinia Raggi ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Prezident İlham Əliyev İtaliyaya dövlət səfərinin nəticələrindən çox məmnun olduğunu bildirdi. Səfər çərçivəsində 25-dən çox sənədin imzalandığını vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. Bu strateji tərəfdaşlıq münasibətləri əlaqələrimizin bütün sahələrini əhatə edəcək.

Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən görüşlərin çox səmərəli olduğunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan ilə İtaliya arasında əlaqələr çox yüksək səviyyədədir. O cümlədən Azərbaycan ilə İtaliya arasında mədəni sahədə əməkdaşlıq və şəhərlərarası əlaqələr də inkişaf edir. 1972-ci ildə Bakı və Neapol qardaşlaşmış şəhərlər elan edilib. 2012-ci ildə Romanın Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bundan başqa, Roma şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq.

Azərbaycan Prezidenti vurğuladı ki, Bakı və Roma arasında imzalanacaq bəyannamə şəhərlərimiz arasında əlaqələrin inkişafı üçün geniş imkan yaradacaq. Eyni zamanda, digər şəhərlərimiz arasında da belə əməkdaşlıq əlaqələri var.

Xanım mer Vircinia Raggi Romada arxeoloji qazıntılara verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirdi və bunu yüksək qiymətləndirdiklərini dedi. O, Bakı və Roma şəhərləri arasında əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində və əzmində olduqlarını vurğuladı. Mer, həmçinin vurğuladı ki, 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyət İli elan edilməsi ilə əlaqədar Roma şəhərində də çoxsaylı tədbirlər keçiriləcək.

Görüşdən sonra dövlətimizin başçısı və Roma meri şəhərin qədim ərazisinin qalıqlarına baxdılar.

Dövlətimizin başçısı Roma meriyasının Xatirə kitabına ürək sözlərini yazdı.

Qeyd edək ki, 2014-cü ilin iyulunda Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Roma şəhər meriyası arasında saziş imzalanıb. Bu saziş "Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tuturdu.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. Diqqətə çatdırıldı ki, qazıntı işləri zamanı tarixi, arxeoloji dəyər kəsb edən çox əhəmiyyətli tapıntılar əldə edilib.

Qazıntı zamanı əldə edilən tapıntılar Prezident İlham Əliyevə təqdim olundu.

Bildirildi ki, Roma şəhərinin sakinləri sazişə əsasən görülən işləri və əldə edilən tapıntıları çox yüksək qiymətləndirirlər və buna görə minnətdarlıq edirlər.

Sonra Prezident İlham Əliyevin iştirakı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Roma şəhər meriyası arasında əməkdaşlıq haqqında bəyannamə imzalandı.

Bəyannaməni Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Roma şəhərinin meri xanım Vircinia Raggi imzaladılar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video