20 Fevral 2020 04:02
3832
İQTİSADİYYAT
A- A+

Gədəbəydə “ASAN xidmət” modeli


Prezident İlham Əliyevin mütərəqqi islahatlarının real nəticəsi olaraq yaradılan Operativ Xidmət Mərkəzi vətəndaş məmnunluğunun və səmərəli fəaliyyətin uğurlu formuludur


Prezident İlham Əliyev "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət qulluqçuları hər zaman vətəndaşların xidmətində olmalıdırlar” fikrini bəyan edərək bunu prinsip kimi dövlət idarəçilik sisteminin əsas prioriteti olaraq diqqətə çatdırıb.

Dövlət başçısının bu məramı, həmçinin vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması ilə bağlı mütəmadi verdiyi tapşırıqlar bütün dövlət qurumlarında, o cümlədən, yerli icra hakimiyyəti orqanları qarşısında da mühüm vəzifələr müəyyənləşdirib.


İlk təşəbbüs Gədəbəydən gəldi


Prezident İlham Əliyevin son illərdə daha geniş miqyas alan mütərəqqi islahatları nəticəsində idarəçilik aparatında fəaliyyət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu innovativ yeniliklər nəticəsində artıq real nəticələr də əldə edilir.

Dövlət başçısının yerli icra hakimiyyətləri orqanları qarşısında qoyduğu tələblər - vətəndaşların müraciətlərinə operativ baxılması, onların qəbulu və dinlənilməsi prosesinin təkmilləşdirilməsi, hər bir müraciətə həssas münasibət göstərilməsi, müraciətlərin mahiyyəti üzrə qərarların qəbulu, eləcə də işgüzar mühitin yaradılması, hesabatlılıq, şəffaflıq kimi prinsiplər nəticə etibarilə rayon icra hakimiyyətlərinin fəaliyyətinin daha da səmərəliləşdirilməsini, effektivliyin artırılmasını və vətəndaşların etimad ünvanına çevrilməsini təmin edəcək.

Ölkə Prezidentinin bu istiqamətdəki tapşırıqları və tövsiyələri Gədəbəydə fəaliyyət prioriteti kimi qəbul edilib. Rayon icra hakimiyyəti başçısının aparatı tərəfindən proses dərindən öyrənilib, yerli spesifika diqqətlə araşdırılıb, bu sahədə mövcud olan beynəlxalq təcrübə mənimsənilib.

2019-cu ilin fevral ayının 15-dən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşlara rahat, daha məsuliyyətli, aşkarlıq şəraitində və vaxt itkisi olmadan xidmət göstərmək üçün Operativ Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Onu da xüsusi vurğulayaq ki, bu təsisat yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq məhz Gədəbəydə yaradılıb.

Prezident İlham Əliyevin müəllifi olduğu və Azərbaycanın milli brendinə çevrilən "ASAN xidmət”in iş metodlarının, fəaliyyət üslubunun tədricən tətbiq olunduğu və meyar kimi qəbul edildiyi Operativ Xidmət Mərkəzinin ən mühüm məram və məqsədi rayon icra hakimiyyətinin səlahiyyətlərinə şamil olunan xidmətin və fəaliyyətin optimallaşdırılmasını, effektivliyini təmin etmək, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olmaqdır.


Prezident tapşırığının uğurlu icrası


Operativ Xidmət Mərkəzinin fəaliyyətini təmin etmək məqsədilə rayon icra hakimiyyəti yaxınlığında yeni bina inşa olunub. Binanın inşaat planı hazırlanarkən onun xidmət yönümünə uyğunlaşdırılmasına xüsusi önəm verilib. Qarşıdakı illərdə daha geniş fəaliyyət miqyasına malik olma perspektivinin də nəzərə alındığı layihənin icrası keyfiyyətlə həyata keçirilib.

Ən müasir zövqlə dizayn edilən, bütün zəruri maddi-texniki təchizatla, avdanlıqla təmin olunan bina 625 kvadratmetr sahəyə malikdir. Burada məlumat masası, server otağı, böyük monitor, ATS, 8 nəfərlik "dəyirmi masa”, növbəliliyi təyin edən terminal, ödəmələrin həyata keçirilməsi üçün "Milli Ön” aparatı, 9 bilgisayar dəsti mövcuddur. Vətəndaşların rahatlığını təmin edən gözləmə zalında 36 kreslo dəsti yerləşdirirlib.

Gədəbəyin ən müasir, modern infrastrukturları sırasında olan Operativ Xidmət Mərkəzinin binası ilə tanış olarkən rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevlə rastlaşdıq. Son tamamlanma işlərinə şəxsən nəzarət edən rayon icra başçısı ilə əməkdaşlar mərkəzin infrastrukturuna bağlı ən xırda detalları da qızğın müzakirə edir, yekun dəyərləndirmələrini aparırdılar.

Müzakirələr və son tapşırıqlar bitəndən sonra İbrahim Mustafayevlə həmsöhbət olduq. "Bu mərkəzin müəllifi məhz möhtərəm Prezident İlham Əliyevdir”, - deyə söhbətə başlayan rayon icra hakimiyyətinin başçısı vurğuladı ki, dövlət başçısının qarşımızda müəyyənləşdirdiyi vəzifələrin əsas qayəsi vətəndaşa layiqli xidmət, əhalinin problemlərinin həllində qüvvələrimizi səfərbər etməkdir: "Prezidentin digər tələbi isə bu prosesdə ənənəvi üsullardan deyil, məhz müasir metodlardan, innovativ təşəbbüslərdən bəhrələnməkdir. Hamımızın qarşısında cənab İlham Əliyevin rəhbər kimi nümunəsi və örnək fəaliyyəti var. Yəni elə bu nümunənin timsalında hər bir məmur ən uğurlu fəaliyyəti göstərmək imkanındadır. Operativ Xidmət Mərkəzi də bu baxımdan dövlət başçısının tələb və göstərişlərindən irəli gələrək yaradılıb. Həmçinin ötən birillik fəaliyyəti dövründə də mərkəzin xidmət prosesi Prezidentin iş üslubu əsas götürülərək daim təkmilləşdirilib. Ona görə də, bütün gədəbəylilər böyük fərəhlə bu mərkəzi Prezident İlham Əliyevin əsəri hesab edirlər”.


Müraciətlərin 99 faizi müsbət həll edilib


Yeni binada fəaliyyətə başlayacaq olan Operativ Xidmət Mərkəzi qeyd etdiyimiz kimi, artıq bir ildir gədəbəylilərin xidmətindədir. Ötən dövr ərzində vətəndaşların qəbulu prosesi tam yeni sistem əsasında aparılıb, müraciətlərin araşdırılması və müvafiq qərarların qəbulu işi innovativ standartlara uyğunlaşdırılıb.

Rayon əhalisinə operativlik, şəffaflıq prinsipləri əsasında xidmət göstərən mərkəz sənədlərin rahat qəbul edilməsini, süründürməçilik və korrupsiya hallarının qarşısının alınmasını, həmçinin vətəndaşın eyni vaxtda və vahid məkanda rayon icra hakimiyyətinin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edir.

Mərkəzdə yeni sistemin tətbiqi artıq ümumi işlərə öz müsbət təsirini göstərməkdədir. Ötən bir il ərzində həyata keçirilən bu layihə rayon ictimaiyyətinin məmnunluğuna səbəb olub. Vətəndaşların etimadını doğruldan mərkəzdə xidmətlərin həm sayının artırılması, həm də keyfiyyətinin daha da yüksəldilməsi nəzərdə tutulub.

Operativ Xidmət Mərkəzinə 2019-cu il ərzində 1200 (memarlıq sahəsi - 537, hüquq sahəsi - 218, iqtisadiyyat sahəsi- 319, humanitar sahə - 56, ərazi idarəetmə sahəsi - 70) müraciət daxil olub. Müraciətlərin 1188-i, yəni 99 faizi müsbət həll edilmiş, qalan 12-sinin isə müvafiq sənədləri uyğun gəlmədiyinə görə icrası mümkün olmamışdır.

Rayon sakinlərinin artıq mərkəzin fəaliyyətinin səmərəsini gördüyünü və razılıq etdiklərini söyləyənrayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev söyləyir ki, apardığımız monitorinqlərin nəticəsinə görə, indiyədək mərkəzin fəaliyyətindən narazılıq edən olmayıb: "Buna qədər hansısa sakin, həmçinin ucqar dağ kəndində, rayon mərkəzindən xeyli uzaqda yaşayan vətəndaş müraciətinin həlli məqsədilə icra hakimiyyətinə qəbula gəldikdə, müvafiq inzibati mərhələlər keçməli idi. Yəni müraicət bir neçə şöbə tərəfindən öyrənilməli, fərqli şöbələrdən müvafiq razılaşdırılma əldə olunmalı, qərar verilmə anınadək xeyli vaxt keçməli və sakin dəfələrlə rayon icra hakimiyyətinə gəlməli olurdu. İndi isə mərkəzə təşrif buyuran vətəndaş bir gündə vaxt itkisi olmadan icra hakimiyyəti aparatının bütün şöbələri ilə dərhal birbaşa əlaqə yarada bilir və müraciəti anındaca nəzarətə götürülərək müvafiq cavab verilir. Xüsusi diqqət ayırdığımız məsələlərdən biri də əhali ilə təmasda yüksək alicənablığın, mədəniyyətin və dözümlülüyün təminidir”.


41 istiqamət üzrə keyfiyyətli və şəffaf fəaliyyət


Öyrənirik ki, Operativ Xidmət Mərkəzi Azərbaycan Respublikası Mülkü Məcəlləsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də digər qanunların və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 41 xidmət sahəsini əhatə edir.

Bunlar - Memarlıq və tikinti məsələləri üzrə - 16 xidmət, Hüquq məsələləri üzrə - 10 xidmət, Sosial-iqtisadi məsələlər üzrə - 7 xidmət, İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər üzrə - 8 xidməti əhatə edir.

Mərkəzdə rayon icra hakimiyyəti başçısının aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci, ümumilikdə 7 əməkdaş vətəndaşlara fasiləsiz xidmət göstərir.

Bura müraciət edən vətəndaşlara hazır sənədlər qanunvericilikdə nəzərdə tutulmuş vaxtdan 15-25 gün əvvəl təqdim edilir. Əgər qanunvericilikdə sənədin verilmə müddəti 30 gündürsə, həmin sənəd vətəndaşa bəzən hətta 3 günə də təqdim oluna bilir.

Mərkəzdə quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir. Burada əhalinin problemlərinin operativ həlli məqsədi ilə "qaynar xətt” (164) yaradılmışdır. Vətəndaşların şifahi müraciətləri dərhal araşdırılır və onlara lazımi kömək göstərilir.

Mərkəzdə görmə qabiliyyəti olmayan şəxslərin rahat hərəkəti üçün də imkan yaradılıb. Binaya daxil olan belə şəxslər sarı zolaqda hərəkət edərək həm gözləmə məntəqəsində əyləşə, həm də növbəsi çatanda əməkdaşlara rahat yaxınlaşa bilir.


Əhalinin məmnunluğu artır, vaxt itkisi azalır


Operativ Xidmət Mərkəzi həftənin iş günləri saat 09:00-18:00-dək vətəndaşlara fasiləsiz xidmət göstərir. Hər bir əməkdaş telefon və bilgisayar dəsti ilə təchiz edilib, həmçinin mərkəzdə yaradılan server otağı vasitəsilə yüksəksürətli internetə çıxış təmin olunub.

Mərkəzdə xidmətlərdən istifadə qaydaları da ən müasir standartlara uyğundur. İlkin olaraq vətəndaş girişdəki xidmət terminalına yaxınlaşaraq aidiyyəti üzrə bölməni secərək çek götürür. Xidmət terminalı avtomatik növbəlilik məyyən edir və vətəndaşın xidmət seçimində və ya xidmətlər barədə hər hansı sualı olarsa, məlumat masasına yaxınlaşaraq xidmətlərə aid əlavə məlumat da ala bilir. Növbəsi çatdığı zaman səsli olaraq vətəndaş aidiyyəti masaya dəvət olunur, xidmətlər masasında oturmuş şöbənin məsul işçisinə yaxınlaşaraq sənədlərini təqdim edir. Məsul işçi tələb olunan sənədlərin tam olmasını yoxlayıb qəbul edir və müraciətin həlli üçün qanunvericilikdə nəzərdə tutulan müddətin minumum iş gününü müəyyən edir.

Xidmətin əməkdaşı həmin sənədin icra müddətini müəyyən etdikdən sonra sənədlərin üzərinə özünəməxsus qısa lövhədə onun götürülmə tarixinı qeyd edir, imzasını atır və sənədlərı "sənədlərin qəbulu və verilməsi” masasına təqdim edir. Əgər sənədin alınması üçün dövlət rüsumu tələb olunursa, vətəndaşa şifrə verilir və vətəndaş mərkəzin nəzdindəki "Milli Ön” aparatında ödəniş edərək çeki əməkdaşa təqdim edir.

1 nömrəli masada əyləşən məsul işçi sənədin qeydiyyatını apararaq vətəndaşa sənədin verilməsi tarixi barədə məlumat verir. Qeyd olunan tarixdə (saat-gün) sənəd vətəndaşa (mərkəzə daxil olduğu anda bir dəqiqə ərzində) təqdim olunur. Xidmət bütövlükdə videolentə alınır və gün ərzində göstərilən xidmətlərin statistikasının serverdə avtomatlaşdırılmış qeydiyyatı aparılır.


Könüllülük işi - könül missiyası


Son illərdə ölkəmizdə könüllülük institutunun təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, 2020-ci il "Könüllülər ili” elan olunmuşdur.

Operativ Xidmət Mərkəzi könüllülük işini vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi qəbul edir. Mərkəzdə fəaliyyət göstərən 10 könüllü öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verir, xidmətin daim təkmilləşdirilməsində əvəzsiz rol oynayırlar.

Mərkəzdə fəaliyyət göstərən 10 könüllünün gündəlik iş prosesi də müəyyənləşdirilib. Könüllülər vətəndaşların qarşılanmasını və onları narahat edən məsələlərin dinlənilməsini həyata keçirir, müraciət edən vətəndaşlara düzgün izah verilməsini və aidiyyəti üzrə istiqamətləndirilməsini təşkil edirlər.

Müraciətlərə əsasən ərizələrin yazılması və yazılmasında köməkliyin göstərilməsi, nəzakətli davranışla əlillərə, yaşlı insanlara və imtiyazlı şəxslərə qayğı göstərilməsi, vətəndaşlar arasında sorğular keçirilməsi, onları razı və narazı salan məsələlər barədə ümumiləşdirmələr aparılması kimi məsələlər də könüllülərin öhdəsindədir. Onlar "Qaynar xətt”ə daxil olan müraciət əsasında sağlamlıq vəziyyətinə görə məhdud hərəkətli vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı həmin şəxslərin öz ünvanlarında ilkin səndləşmə işlərinə də kömək göstərirlər.

Mərkəzdə fəaliyyət göstərən könüllülərə iki aydan sonra sertifikat verilir. Operativ Xidmət Mərkəzində könüllülərin fəaliyyəti rayon sakinlərində xoş təəssüratlar yaradır.


Paytaxtdan məsafəcə uzaq, standartlar baxımından isə çox yaxın


Sənədlərin aşkarlıq şəraitində qəbulu və vətəndaşa təqdimi, şəffaflığın artırılması, süründürməçilik və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi mərkəzin fəaliyyətinin əsas mahiyyətini təşkil edir. Həmçinin vətəndaşın eyni vaxtda vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, işgüzar mühit, açıqlıq, məmnunluq, yerli dövlət hakimiyyəti orqanlarının qapılarının vətəndaşlar üçün hər zaman açıq olması, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması bu xidmətin əsas hədəflərindəndir.

Bu məramların dövlət başçısının tələblərini ehtiva etdiyini xatırladan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev söhbətimizdə onu da xüsusən vurğuladı ki, icra strukturlarına etimadın daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi kimi məqamlar artıq real fəaliyyətdə ilkin uğurlu nəticələrini verir: "Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmət təqdim edən mərkəzin fəaliyyəti nəticəsində əhalinin icra strukturuna inamı yüksəlir və tərəflər arasında anlaşılmayan məsələ qalmır. Bu isə əlbəttə ki, Prezidentin ümdə tələblərindən biridir”.

İbrahim Mustafayev Operativ Xidmət Mərkəzinin fəaliyyəti ilə yanaşı, digər uğurlu təşəbbüslərin də həyata keçirildiyini, Gədəbəydə vətəndaş məmnunluğunu yüksəldəcək yeni layihələrin üzərində işlədiklərini də söylədi: "Necə deyərlər, durmaq yox, yola davam... Fəaliyyət nə qədər uğurlu nəticələr versə də, bununla kifayətlənmək olmaz. Xidməti prosesi, inzibati fəaliyyəti, idarəçiliyə yanaşmaları daim yeniləməli, müasirləşdirməli, Prezidentin kamil nümunəsinə uyğun təkmilləşdirməliyik”.

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ildə milli brendimiz kimi "ASAN xidmət”i yaradaraq əhaliyə keyfiyyətli, operativ və şəffaf xidmət göstərilməsinin ən mükəmməl sistemini formalaşdırdı. Bu gün dünyanın müxtəlif ölkələri Azərbaycan təcrübəsindən yararlanır, eləcə də ölkəmizin müxtəlif regionlarında 16 "ASAN xidmət” məkəzi əhalinin xidmətindədir.

Yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq Gədəbəydə, xüsusən də ucqar dağ rayonu olduğunu nəzərə alaraq, yaradılan Operativ Xidmət Mərkəzi Prezident İlham Əliyevin tapşırıqlarının və tələblərinin uğurla icrasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə, əhalinin icra strukturlarına qarşı etimad və inamının artmasına böyük töhfə verəcək. Vətəndaşlara 41 istiqamət üzrə keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmət göstərmək məqsədinin uğurla həyata keçəcəyinə isə şübhə yoxdur. Çünki hədəf də düzgün müəyyənləşdirilib, gedilən yol da doğru seçilib.

Gədəbəy paytaxtdan nə qədər uzaqda yerləşsə də, son dövrlərdəki böyük quruculuğu və müasir abadlığı, həmçinin elə Operativ Xidmət Mərkəzinin timsalında çoxsaylı innovativ layihələri ilə ucqar dağ rayonu imicindən vidalaşıb...

Gədəbəy artıq gözdən-könüldən uzaq rayon deyil, inkişaf dinamikası ilə Bakıya xeyli yaxınlaşıb...

Gədəbəy indi paytaxt standartlarını mənimsəmiş, vətəndaşa xidmətin yüksək nümunəsini yaratmış, sabahın aydın hədəflərini düzgün müəyyənləşdirmiş insanların məskənidir...

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video