15 Fevral 2020 02:28
451
SİYASƏT
A- A+

Paşinyanın növbəti uğursuzluğu


Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır


Ermənistanda Paşinyanla Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan arasında çəkişmə ictimai-siyasi müstəvidə daha gərgin vəziyyət yaradıb. Hakimiyyət belə vəziyyətdə yenə keçmiş hərbi xunta təmsilçilərinə qarşı administrativ metodlardan istifadə edərək onları neytrallaşdırmağa çalışır. Elə bunun nəticəsidir ki, artıq aprelin 5-də ölkədə referendum təyin edilib.

Görünən odur ki, seçkilərdən sonra Tovmasyan avtomatik olaraq öz postundan uzaqlaşdırılacaq, Konstitusiya Məhkəməsinin yeni tərkibi seçiləcək. Lakin Prezident Armen Sarkisyan köhnə hakimiyyətin adamı olduğu üçün Nikol Paşinyanın dəyişikliklər islahatına mane olur. Prezidentlə baş nazir arasında qarşıdurmanın dərinləşəcəyi ehtimalı böyükdür.

Məhz belə bir vaxtda, erməni mediasının məlumatına görə, Şəhərsalma Komitəsinin rəhbəri Vaqan Vermişyan həbs olunub. Bildirilir ki, Vermişyanın həbsi onun ofisində Təhlükəsizlik Xidməti tərəfindən aparılan axtarışdan sonra baş tutub. Məlumata görə, Şəhərsalma Komitəsinin rəhbəri rüşvət almaqda şübhəli bilinir. Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Vermişyan vəzifə səlahiyyətlərini aşaraq bir neçə tikinti şirkətindən il ərzində 2,5 milyon dram rüşvət alıb.

Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan isə 1,747 milyard dram dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəsmi saytının yaydığı məlumatda bildirilir ki, sabiq maliyyə naziri öz müavini ilə ilkin razılığa gələrək ölkənin gömrük sisteminin ehtiyacları üçün 2 milyard 282 milyon dram dəyərində 8500 elektron kilid alıb, halbuki cəmi 2000 kilidə ehtiyac olub. 2019-cu ilin oktyabr ayı üçün olan məlumatlara əsasən, cəmi 251 kilid istifadə edilib. Nəticədə dövlətə ciddi maddi ziyan vurulub.

Aparılan müstəqil sorğulara görə, baş nazirə etimad azalmaqda davam edir. Hakimiyyətdə olduğu ötən müddət ərzində ölkənin makroiqtisadi göstəriciləri, əhalinin güzəranı yaxşılaşmayıb. Sosial-iqtisadi göstəricilər daha da pisləşib, ölkədən kütləvi köç azalmayıb, xarici borclar artıb, Ermənistana böyük sərmayə yatırımına nail olunmayıb.

"Lragir” portalı yazır ki, Paşinyan tərəfindən iqtisdi inkişafla bağlı formalaşdırılan ideyaları xalq hələ ki, anlaya bilmir. Amma əhalinin əsas gəlir mənbəyi olan kənd təsərrüfatındakı tənəzzülü, ölkənin başqa sahələrindəki "yüksəlişə” qatıb uğur kimi qiymətləndirmək başa düşülən deyil: "Görəsən ölkənin hələ ki, əsas aparıcı sahəsi olan kənd təsərrüfatındakı tənəzzülü aradan qaldırmaq üçün baş nazir nəyə ümid edir? Bəlkə, ölkədə bir neçə fermerin də qatıldığı pilot məhsul sığortası hesabınamı? Qeyd edilməlidir ki, bu gün Ermənistanda kənd təsərrüfatına mənsub səlahiyyətlilər hələ ki, əyalətlərdə ciddi təşəbbüslə çıxış etməyiblər. Əslində, bu da əsassız deyil. Çünki Paşinyan hökumətinin dövlətə dəstək proqramında yeni bir şey yoxdur: hamısı özündən əvvəlkilərdən qalan mirasdı. Məhz bu mənada, bunların ötən illə müqayisədə daha uğurlu olacağına ölkədə inanan yoxdur”.

Bu gün ölkənin ixracdan daha çox idxal etdiyini bildirən sayt, nəticə olaraq xarici ticarət balansının mənfi saldosunun dərinləşdiyini xüsusi qeyd edir. Lakin maraqlıdır ki, nə Paşinyan şəxsi "Facebook” səhifəsində, nə də onun komanda üzvləri ictimaiyyətlə ünsiyyətdə olarkən bu barədə danışmaqdan yayınırlar.

Bildirilir ki, Ermənistan Statistika Komitəsinin rəsmi məlumatına görə, 2019-cu ilin son aylarında ölkənin xarici borcu 5 milyard 573 milyon dollardan, 5 milyard 790 milyon dollara yüksəlib, yəni 217 milyon dollar artıb. Ermənistana sərmayə yatırılmır və dünya təcrübəsi də göstərir ki, xarici investisiya axını olmayan ölkə inkişaf edə bilməz. Yeni bir sual doğur, Paşinyan və onun komandası bu istiqamətdə hər hansı bir addım atıblarmı? Təbii ki, yox! Demək olar ki, təkcə Paşinyan hakimiyyəti dövründə ölkəyə birbaşa xarici sərmayə 60 milyon dollardan çox azalıb. Ancaq Paşinyanın belə bir şəraitdə ölkənin "parlaq inkişafı” ilə bağlı "Facebook” səhifəsindəki paylaşmaları insanda gülüşdən çox ikrah hissi oyadır.

Bu arada, ağır sosial-iqtisadi vəziyyət fonunda Ermənistanda müşahidə olunan hallardan biri də yenidən çoxsaylı etiraz aksiyalarının başlanmasıdır. Bu günlərdə Ermənistan Müdafiə Nazirliyi binası qarşısında əsgər valideynləri etiraz aksiyaları keçiriblər. Buna səbəb nazirliyin birinci ordu korpusu ərazisində qar uçqunu altında qalan 8 hərbçidən 4-nün ölməsi, digərlərinin isə ağır vəziyyətdə olmasıdır. Eyni zamanda əslən Ermənistanın Ararat bölgəsindən olan 2000-ci il təvvəllüdlü müddətli əsgər Valeri Karapetyanın işğal olunmuş Dağlıq Qarabağdakı hərbi hissələrin birində müəmmalı ölümü valideynlərin etirazlarına səbəb olub.

İctimai nəqliyyat vasitələrinin sürücüləri də kütləvi tətillərə başlayıblar. 350-dən çox sürücünün etirazı ictimai nəqliyyatı iflic edib. 20-25 dərəcə şaxtalı havada minlərlə sakin dayanacaqlarda saatlarla marşrut avtobusunu gözləmək məcburiyyətində qalıb. Etirazlara əsas səbəb fevralın 1-dən yanacaqdoldurma məntəqələrində qazın qiymətinin 25 faiz bahalaşmasıdır.

Görünən odur ki, hakimiyyət getdikcə dərinləşən problemlərə son qoymaq iqtidarında deyil. Elə bu səbəbdən qarşıdakı müddət ərzində Ermənistanda vəziyyətin daha da pisləşməsi gözlənilir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video