26 Yanvar 2020 22:04
606
CƏMİYYƏT
A- A+

Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyə olunmağımıza göstəriş verən Prezidentimizə minnətdarıq


Türkiyənin zəlzələ baş verən bölgələrindən təxliyə edilən 102 azərbaycanlı tələbə və bir uşaq yanvarın 26-da səhər saatlarından etibarən 3 avtobusla Naxçıvana gətirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, vətəndaşlarımız Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanıb və 15:30-da təyyarə ilə Naxçıvandan Bakıya yola salınıb.

Təxliyə olunanlardan Malatyada təhsil alan Fuad Həsənov bildirib ki, zəlzələdən sonra digərləri kimi, o da yaşadığı yeri tərk edib. Azərbaycana qayıtmaq istəsə də, buna maddi imkanı olmayıb. Lakin sonradan Türkiyədəki səfirliyimizdən tələbələrə zəng edilərək bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, onlar heç bir vəsait ödəmədən avtobuslarla Naxçıvana aparılacaq, buradan isə Bakıya yola salınacaqlar. O deyib: "Bizim tələbələrimiz arasında pasportları itən və ya dağıntılar altında qalanları da olub. Oradakı konsulluğumuz bunu nəzərə alıb və həmin tələbələr lazımi sənədlərlə təmin ediliblər. Bizə bu şəraiti yaradan, bizi xilas edən Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm”.

Malatyada təhsil alan digər tələbə Mələkxanım Alıyeva da dövlətimizin başçısına minnətdarlığını bildirib. Qeyd edib ki, zəlzələdən sonra hər kəs binalardan uzaq yerlərdə qalmağa üstünlük verib. Havaların şaxtalı keçməsi insanların çətinlik çəkməsinə yol açıb. Türkiyə dövləti və xalqı fəlakətdən zərər çəkənlərə hər cür dəstək göstərir. O, Azərbaycan Prezidentinin ölkə vətəndaşlarının, o cümlədən tələbələrin təxliyə edilməsi barədə göstərişini sevinclə qarşıladığını vurğulayıb. Bunun dövlətimizin vətəndaşlarına verdiyi yüksək dəyərin ifadəsi olduğunu qeyd edib.

Mələkxanım Alıyeva deyib: "Dövlətimizin öz vətəndaşlarını himayəyə götürərək fəlakət bölgəsindən uzaqlaşdırması Azərbaycan Prezidentinin insanlarımıza verdiyi dəyər kimi həmişə yaddaşımızda qalacaq”.

İnönü Universitetinin tələbəsi İlham Məmmədov da tələbə yoldaşlarının fikirləri ilə tam razı olduğunu vurğulayaraq qeyd edib ki, zəlzələ hər kəs kimi onu da qorxudub. O deyib: "Belə vəziyyətlərdə insan nə edəcəyini, hara gedəcəyini bilmir. Çünki qorxu, həyəcan buna imkan vermir. Məhz belə bir vəziyyətdə Prezidentimizin bizi unutmaması, bizim təxliyə olunmamız barədə göstəriş verməsi bizə, sanki yenidən həyat bəxş etmiş oldu. Səmimiyyətlə minnətdarlığımı bildirirəm. Dövlətimiz var olsun!”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video