26 Yanvar 2020 00:53
2365
SİYASƏT
A- A+

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir


Ümummilli Lider Heydər Əliyev demişdir: "Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan xalqların da nümayəndələri yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.

Sosiologiya lüğətində multikulturalizm bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir.

Rusiyada 1987-ci ildə Multikulturalizm Problemləri Komitəsi fəaliyyətə başlamışdır. İnkişaf etmiş ölkələrdən olan İsveçin isə multikultural siyasətinin əsas istiqamətlərini dil və təhsil strategiyaları təşkil edir. 1997-ci ildə qəbul edilmiş "İmmiqrasiya haqqında” qanun İsveçi multikultural cəmiyyət kimi qələmə verir. 1901-ci ildə Avstraliyada "İmmiqrasiya haqqında” qanun izolyasionizm siyasətinin idarə olunmasında əsas rol oynamışdır. Kanadada cəmiyyətin formalaşması isə ötən əsrin altmışıncı illərinə təsadüf edir.

Nəhayət, multikulturalizm termininin cəmiyyətin bütün sahələrini əhatə edən bir anlayış olduğunu deyə bilərik. Multikulturalizm bir-biri ilə əlaqəli olan müxtəlif xalqların və cəmiyyətlərin eyni ölkə daxilində vahid şəkildə yaşaması və həyat tərzidir. Ölkəmizə gəlincə, multikulturalizm Azərbaycanın demokratik proseslərinin bir hissəsidir. Ona görə də bu istiqamətdə keçirilən tədbirlər Azərbaycanın multikultural dəyərlərə yüksək etimadının sübutudur. 2016-cı ilin aprelində Bakı şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bir daha dünyaya sübut etdi ki, Azərbaycanda multikultural dəyərlərə yüksək səviyyədə diqqət yetirilir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çoxmillətli dövlət kimi inkişafını şərh edərkən demişdir: "Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər zəngin olar”.

Bu bir həqiqətdir ki, azərbaycançılıq ideologiyası bir tərəfdən azərbaycanlıların ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içərisində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər tərəfdən ölkəmizin türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir. Azərbaycançılıq məfkurəsini müasir Azərbaycanın ideoloji təliminə çevirən Ulu Öndər Heydər Əliyevin 13 avqust 2001-ci ildə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı verdiyi bəyanatda səslənən fikirlər kifayət qədər aktual və ibrətamizdir: "Hər bir xalqın öz adət-ənənəsi, milli-mənəvi və dini dəyərləri vardır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, onları qəsdən təhrif edirsə, bu hal bizi narahat etməlidir”.

Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olduğunu demişdir: "Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır”.

Hazırda Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın milli-mənəvi dəyərlərə yanaşmada fikirləri maraqlıdır: "Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq, gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın”.

Heydər Əliyev Fondu multikultural dəyərlərin təbliğində böyük xidmətlər göstərir, dünyada gedən proseslərə öz töhfələrini verir. Belə ki, Fondun prezidentinin təşəbbüsü ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, "Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgəyaşama”, "Azərbaycan - tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Bakıda Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısı keçirildi. Məqsədi sivilizasiyalararası dialoq prosesinin inkişafına təkan vermək idi. İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirləri tədbirdə iştirak etmişdilər. Bu, tarixdə ilk dəfə idi ki, iki önəmli beynəlxalq təşkilatın nümayəndələri Bakıya toplaşmışdılar. Bakıda 2009-cu ildə keçirilən növbəti tədbirə Avropa Şurasının mədəniyyət nazirləri ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının üzvləri də dəvət edilmişdilər. Beləliklə, dünyada qəsdən və süni şəkildə dağıdılmağa və eroziyaya məruz qoyulan multikultural dəyərlərə ölkəmizin yüksək səviyyədə qiymət verdiyi bir daha sübut olundu. Prezident İlham Əliyev bildirmişdir ki, dövlətimiz nəinki məscidlərin, o cümlədən provaslav və katolik kilsələrinin, sinaqoqların bərpasına və yenidən inşasına sərmayə yatırır. Qəsbkar Ermənistana isə terror, etnik təmizləmə siyasəti xarakterikdir, bu işğalçı ölkə Azərbaycanın mədəni irsini məhv etməyi ən ali məqsəd olaraq seçmişdir.

Dövlətimizin başçısı 2015-ci il noyabrın 17-də Parisdə UNESKO-nun 38-ci sessiyasının Liderlər Forumunun tribunasından Ermənistanın mədəni irsə qarşı terrorçuluq siyasətini xüsusi vurğulamışdır: "Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abdilərin məhv edilməsindən əziyyət çəkən ölkəni təmsil edirəm. İşğal nəticəsində ölkəmizin 600-dən çox tarixi və memarlıq abidəsi, 40 min eksponatı olan

22 muzey, 10 məscid məhv edilmişdir. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa edilmiş erməni kilsəsini görə bilərsiniz”.

Prezident İlham Əliyev Qafqazın ən qədim kilsələrdən birinin Şəkidə, Şamaxı şəhərində isə 743-cü ildə tikilmiş qədim məscidin yerləşməsindən söz açmışdır. Dövlət başçısı onu da əlavə etmişdir ki, xalqımız bundan qürur və fərəh hissi keçirir: "Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm-dövlət syasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”.

İndi əksəriyyət belə bir həqiqətin fərqindədir ki, bütün bəşəriyyəti təhdid edən ayrı-ayrı problemlərin həlli üçün hamı öz imkanlarını birləşdirməlidir. Ayrı-ayrı dövlətlərin, cəmiyyətlərin təmsilçiləri daha tez-tez bir araya gəlməlidirlər. Fərqli dinlər, mədəniyyətlər arasında dialoqun əldə olunmasına hər kəs səy göstərməlidir.

Dövlət başçısının fərman və sərəncamları əsasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu sahədə atılmış ən uğurlu addımlardandır. Əlbəttə, 2016-cı il yanvar ayının 11-də "Multikulturalizm ili”nin elan edilməsi məqsədilə imzalanmış sərəncam ölkəmizdə bir daha multikultural dəyərlərə olan hörmət və tolerant düşüncə tərzinin mövcudluğunun sübutu olmuşdur.

Konstitusiyada Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işinin əhəmiyyəti də öz əksini tapmışdır. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə göstərilmişdir. Ölkəmizdə kompakt şəkildə müxtəlif etnosların nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyanı qoruyub saxlayan unikal xüsusiyyətlərinin daşıyıcısıdır. Yəni multikulturalizm bizim ölkədə Azərbaycan dövlətinin sabit və davamlı siyasi kursudur.

Adilə FƏRƏCOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müdavimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video