26 Yanvar 2020 00:24
1497
Elm və texnika
A- A+

Atəşin evi


"...Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ağaclar ovuc içi kimi görünürdü. Külək əsdikcə yanan alovun dilləri sanki qəribə rəqslər edir, gah bulaq kimi qaynayır, gah dalğa tək yan-yörəyə hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə bir təsəvvür yaranırdı ki, guya külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra bir-birilə əlbəyaxa olurlar. Külək nə qədər cəhd edirdisə, odu, alovu söndürə bilmirdi”.

Fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səfəri” əsərində təsvir etdiyi bu məkandan danışacağıq. Dünyada mövcud olan iki atəşgahdan birindən... Atəşpərəstlərin ən ali sitayiş və ibadət məbədi olan Suraxanı Atəşgahından.

Atəşgah Bakıdan 30 km aralıda, Abşeron yarımadasındakı Suraxanı qəsəbəsinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir. XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi” və ya "Alov yeri” anlamı verir.

Güman olunur ki, indiki Atəşgahın yerində qərar tutmuş qədim Od Məbədi ərəb istilası dövründə dağıdılıb. XV əsrdən sonra Hindistanla yaranan iqtisadi və mədəni əlaqələrin inkişafı nəticəsində hindli atəşpərəstlər yenidən Abşerona gələrək, Suraxanı Atəşgahını bərpa ediblər. Deyilənə görə, məbəd Bakıya gələrək burada məskunlaşan və əslən Şimali Hindistandan olan sinkhlər təriqətinə mənsub hind icması tərəfindən inşa olunub.

Qədim məbədin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş Atəşgahın sahəsi 1368 kvadratmetr, yaxud 0,14 hektardır. 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. Hücrələrdə davanaqari və qumruki hind əlifbaları ilə yazılmış müxtəlif məzmunlu kitabələr dövrümüzə qədər çatıb. Hücrələrin damında tüstünün çıxması üçün deşiklər açılıb. Məbəd ərazisindəki ən qədim tikili 1713-cü ilə, ən yeni tikili isə kitabəyə əsasən 1810-cu ildə tacir Kançanaqaranın hesabına inşa edilmiş mərkəzi altardır.

Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş portalına malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar - alov məbədindən ibarətdir. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən günbəzlə örtülmüş dörd tərəfinin açıq formada olması burdan qaynaqlanır.

Məbədin əsas binası həyətin ortasında yerləşən səcdəgahdır. Məbədin içərisində və damında od püskürməsi üçün çıxıntılar quraşdırılıb. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otağı - balaxana yerləşir. Səcdəgahın yanında hazırda daşlarla doldurulmuş dərin dördbucaqlı quyu yerləşir. Əvvəllər həmin quyuda vəfat etmiş dindarların cəsədləri müqəddəs odda yandırılırdı. İbadətgah ərazisində yaşamış onlarla dindar rahib cəmiyyətdən aralı həyat sürərək müqəddəs alov vasitəsilə bədənlərini və ruhlarını təmizləyirdilər. Onlar boyunlarından ağırlığı 30 kiloqrama kimi olan zəncirlər asır, bədənlərinin müxtəif yerləri yanana kimi kalsium oksid üzərində uzanırdılar. Məbəd kahinləri heç bir işlə məşğul olmur və zəvvarların ianələri hesabına yaşayırdılar. Onlar inanırdılar ki, ölümdən sonra insanın ruhu dirilir və yenidən yerə qayıdır. Ruhun hörmətli adam və ya hansısa heyvan cildində qayıtması isə insanın sağ ikən topladığı müsbət karmaların miqdarından asılıdır.

Atəşgah 1972-ci ildən muzey kimi fəaliyyət göstərir. 1975-ci ildə bərpa edildikdən sonra isə "Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin filialına çevrilib. Prezident İlham Əliyevin 19 dekabr 2007-ci ildə imzaladığı sərəncamla bu ərazi "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib, kompleks ətrafında açıq səma altında muzey yaradılıb. "Atəşgah məbədi”nə 30 sentyabr 1998-ci ildən mədəni irs nümunəsi kimi "gücləndirilmiş mühafizə” statusu verilib və UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.

Hər il orta hesabla 145 min nəfərin ziyarət etdiyi muzey unikal və milli maddi sərvət kimi bu gün də qədim din olan zərdüştlüyün ardıcılları haqqında ən müfəssəl məlumat verən, bütün Yer üzündəki iki nadir atəşgahdan birincisi olaraq qalmaqdadır.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video