25 Yanvar 2020 01:13
1029
Mədəniyyət
A- A+

Şəxsiyyət və mənəviyyat nümunəsi


Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin hansısa bir xoş sorağını, tələbələrin, ya müəllimlərin uğurunu, xüsusən də dövləti təltiflərini və yubileylərini eşidəndə bu müqəddəs ocağın məzunlarının da sevinci birə beş artır.

Harada işləməsindən, hansı vəzifənin sahibi olmasından asılı olmayaraq, onlar sevindirici nailiyyətlərini bir-biri ilə paylaşır, jurnalist kimi yetişmələrində əməyi olan o müəllimlərin şəninə ürəkdolusu xoş sözlər deyirlər. Jurnalistika fakültəsində çalışan gözü-könlü tox, xeyirxah və qayğıkeş müəllimlərin hamısının adını bir-bir sadalasaq, bəlkə də sizləri yormuş olarıq. Xeyirxah və qayğıkeş sözünü təsadüfən işlətmədik. Yəqin ki, fakültənin 1970-ci illər məzunlarının yadındadır. O zaman Jurnalistika fakültəsi indi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) fəaliyyətdə olan binasında yerləşirdi. Azərbaycan dilini tədris edən Rəsul müəllim birinci kurs tələbələrinin ilk dərs gününü təbrik etdikdən sonra xüsusən də oğlanlara xitabən deyirdi: "İçərinizdə Bakıya ilk dəfə gələnlər çoxdur, bilirəm, bu fakültənin tələbələri çalışqan və fədakar olurlar, dərsinizi yaxşı oxuyacaq, universiteti də bitirəcəksiz... Amma bir tövsiyəm var, əli ilə pəncərədən küçəyə tərəf işarə edərək dərsə gələndə, gedəndə bu "Kommunist” küçəsindən (indi "İstiqlaliyyət”) keçəndə tramvaydan ehtiyatlı olun, o yana-bu yana çox baxmayın...”

Yumor hissi ilə deyilmiş bu fikirlərin arxasında nə qədər böyük səmimiyyət və canıyananlıq olduğunu açıqlamağa yəqin ki, ehtiyac yoxdur. Bax, bu fakültənin saathesabı müəllimlərindən tutmuş laborantına və dekanına qədər hamı tələbələrə özəl qayğıları, təmənnasız münasibətləri ilə fərqlənirdilər. Belə müəllimlərdən biri də bu günlərdə 80 yaşının şöləsi respublikanın bütün mətbuat orqanlarında görünən pedaqoq-alim, ustad jurnalist, professor Yalçın Əlizadədir.

Xatırladaq ki, yubilyar Yalçın Əlizadə 80 il əvvəl, 1940-cı ilin yanvarında qədim Gəncədə dünyaya göz açıb. 1957-ci ildə Bakı şəhəri 132 saylı orta məktəbi bitirib. Özünün dediyi kimi, hələ orta məktəbdə oxuduğu vaxtlardan bu peşəyə könül verib. 1962-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirəndən sonra Azərbaycan radiosunda gənc mütəxəssis kimi jurnalistlik fəaliyyətinə başlayıb. Doqquz il burada müxtəlif vəzifələrdə çalışıb - reportyor, redaktor və şöbə müdiri olub. Yaxşı jurnalist kimi formalaşıb, sonra "Xəbərlər” baş redaksiyasının baş redaktoru vəzifəsinə irəli çəkilib. O illərdə Azərbaycan radiosunda siyasi icmalçı kimi çıxış edən Şirməmməd Hüseynov Yalçın Əlizadənin nəzəri biliyinə, bu peşəyə olan istəyinə, yaradıcılıq potensialına yaxından bələd olaraq onu dekanı olduğu Jurnalistika fakültəsinə müəllim dəvət edib. Bundan sonra Y.Əlizadə jurnalist taleyini birdəfəlik bu fakültəyə bağlayıb.

Y.Əlizadə fakültəyə qədəm qoyduğu ilk günlərdən pedaqoji və elmi fəaliyyəti ilə ona olan etimadı doğrultmağa, fakültənin nüfuzunu yüksəltməyə çalışıb. O zaman Yalçın müəllim bizə "Televiziya və radiojurnalistikasının əsasları”ndan dərs deyirdi. Mühazirələri o qədər maraqlı və canlı keçirdi ki, 90 dəqiqəlik vaxtın nə zaman başa çatdığını hiss etmirdik. Bəzən elə dərsin ortasındaca tələbə-aparıcı tərəfmüqabili - tələbə yoldaşı ilə "verilişi” davam etdirərək televiziya və ya radio üçün müsahibə götürməyin incəliklərini, fərqli cəhətlərini əyani olaraq öyrənirdik. Bu seminarlarda biz tələbələr respublikamızın məşhur televiziya və ya radio aparıcılarının simasında hazırlığımızı, qabiliyyətimizi nümayiş etdirirdik. Çünki Yalçın müəllimin mühazirələrində mövzu ilə bağlı bizə öyrədəcəyi məqamları, problemləri televiziya və radiodan gətirdiyi misallarla o qədər dolğun təhlil edirdi ki, elə bilirdik biz də bu verilişin iştirakçısıyıq. Seminar dərslərimiz bəzən həftənin müəyyən günləri Azərbaycan radiosunun səsyazma studiyasında və müxtəlif şöbələrində davam etdirilirdi. Yalçın müəllimin dəstəyi sayəsində tələbə-jurnalistlərin nəzəriyyə ilə təcrübənin vəhdətindən yaranan verilişləri radioda səslənəndə hamımızda məmnunluq doğururdu. Məhz bu məmnunluğun nəticəsi idi ki, fakültədə, xüsusən də qızlar arasında televiziya jurnalistikasına meyil edənlər çox idi.

O illərdə radio və televiziya ixtisasına ciddi ehtiyac duyulduğundan Şirməmməd Hüseynov ümidlərinin reallaşdığını görüb fakültədə Televiziya və radio kafedrasını yaratmağa nail olmuşdur. Kafedraya əvvəl Tofiq Rüstəmov, sonra isə Yalçın Əlizadə rəhbərlik etmişdir. Xatırladaq ki, Yalçın Əlizadə müəllim, baş müəllim, kafedra müdiri, hətta bu fakültənin dekanı olanda da təvazökar və obyektiv müəllim mədəniyyətinə malik ziyalı olaraq yüksək təşkilatçılıq bacarığı ilə seçilmişdi. Müəllim adını və nüfuzunu həmişə uca tutan Yalçın Əlizadəni tələbələrinə sevdirən həm də sadə, səmimi, mədəni və təvazökar olması idi.

Jurnalistika fakültəsinin məzunu olmuş peşəkar qələm sahibləri yubilyar müəllimləri haqqında yazmağı, danışmağı özlərinə mənəvi borc bilirlər. Yalçın müəllimin yetirmələrindən olan professor Qulu Məhərrəmli yazır: "Elmi, biliyi, şəxsiyyəti, mənliyi ilə çoxlarına nümunə olub. Buna görə də jurnalistika aləmində, ali təhsil sistemində Yalçın müəllimi nüfuzlu şəxsiyyət və mənəviyyat adamı kimi tanıyır və ehtiram göstərirlər”.

Yazıçı-publisist, "Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova deyir: "Uşaqlıq illəri Gəncədə keçmiş Yalçın Əlizadə Gəncə ədəbi mühitində, Gəncəbasar jurnalistləri arasında da böyük nüfuza və hörmətə malikdir. Yadımdadır, mən Jurnalistika fakültəsində oxuyanda Yalçın Əlizadə fakültəyə təzə gəlmişdi. Səliqəli geyimi, mədəni davranışı, xoş rəftarı ilə tələbələrin diqqətini çəkirdi. Yalçın müəllimin Gəncəbasar bölgəsində yerli qəzet və jurnallarda, nəşriyyat işində, radio qovşağı və televiziyada çalışan tələbələri çoxdur. Bu çoxluq böyük sevgi ilə ömrünün 80, pedaqoji fəaliyyətinin 49 ilini şərəflə başa vuran müəllimimizi ürəkdən təbrik edir. Çox qürurluyuq ki, professor Yalçın Əlizadənin tələbəsi və bu fakültənin məzunlarıyıq”.

Türkiyədən bu təbriklərə qoşulan Jurnalistika fakültəsinin məzunu, filologiya elmləri doktoru, professor Tamella Əliyeva "facebook” səhifəsində yazır: "Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirə dəvətli idim. Tədbir ərəfəsində məzunu olduğum Jurnalistika fakültəsini də ziyarət etdim, müəllimlərimlə görüşdüm. Biz tələbələrin yanında xətri dünyalar qədər əziz olan professor Yalçın müəllimlə telefonla danışa bildim. Səsini eşitdim, çox sevindim. Bilsəydim, elə onda sevimli müəllimimi yubiley münasibətilə hamıdan əvvəl mən təbrik edərdim. Yalçın müəllimi ürəkdən təbrik edir, ona həyatda ən şirin nemət olan cansağlığı arzu edirəm”.

Xatırladaq ki, 80 yaşını böyük sevgi ilə qeyd etdiyimiz müəllimimiz daim axtarışda olan yenilikçi jurnalist kimi radiojurnalistikanın nəzəri problemləri ilə yaxından maraqlanmış, onun problemlərini tədqiqata cəlb etmiş və bununla da Azərbaycan radiojurnalistikasının nəzəri bazasını daha da zənginləşdirmişdir. Onun ərsəyə gətirdiyi "Radiojurnalistikanın əsasları” (1991), "Azərbaycan efiri - tarix və müasirlik” (professor Qulu Məhərrəmli ilə müştərək) (2006), "Ədəbi redaktə” fənninin proqramı” (bakalavr hazırlığı üçün) (2012), "Radio jurnalistikası: təməl bilikləri” (2013) kimi elmi-nəzəri əsərləri bu gün də bu sahənin tədqiqatçılarının və tələbə-jurnalistlərin stolüstü kitabıdır.

Professor Yalçın Əlizadənin elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 1966-cı ildə "Qızıl qələm” mükafatı laureatına, 1989-cu ildə Əməkdar jurnalist fəxri adına, 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə "Tərəqqi” medalına layiq görülmüşdür. Dövlətimizin və xalqımızın müstəqilliyinin və işıqlı gələcəyinin tərənnümçüsü olan vətənpərvər və milli ruhlu jurnalist kadrların hazırlanmasında əməyi olan Yalçın Əlizadənin zəngin elmi-pedaqoji fəaliyyəti Prezident İlham Əliyev tərəfindən də yüksək dəyərləndirilmişdir. Prezidentin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilmişdir. "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı”na da layiq görülmüşdür.

Şəxsiyyət və mənəviyyat nümunəsi kimi tanınan müəllimimizi - professor Yalçın Əlizadəni 80 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video