Alternative content

20:22 27 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
17:03 27.02.2020 ABŞ zavodunda faciə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tətil zəngi çalındı
Tətil zəngi çalındı
ANA SƏHİFƏ / Təhsil
00:50 24.01.2020


Şagirdlər yetərincə istirahət edə biləcəklərmi?


Məktəblilərin qış tətili başlayır. Beş aylıq gərgin dərs çalışmalarından sonra qısa müddətə də olsa, dincəlmək onlar üçün gözəl fürsət olacaq. Amma reallıq odur ki, bu müddət ərzində şagirdlərin əksəriyyəti nəinki istirahət edə bilir, əksinə, valideynlərin yanlış tətil proqramları ucbatından səmərəsiz vaxt keçirir, xroniki yorğunluq qazanaraq, yenidən məktəbə yollanırlar. Təəssüf ki, bir çox valideynlər bu dönəmi uşağın məktəbdəki çatışmazlıqlarının tamamlanması, şagirdlər isə saatlarla cizgi filmləri seyr etmək, kompüterdə oyunlar oynamaq, səhərlər daha çox yatmaq kimi dəyərləndirirlər. Məsələn, uşaqların məktəbdə öyrəndiklərini unutmamaları üçün onların tətil boyunca da dərs çalışmalarının vacib olduğu düşünülür. Əksər müəllimlərin tətil zamanı uşaqlara xeyli sayda tapşırıq və test sualları verməsi də bu fikirlərin doğruluğuna əminlik yaradır.

Mütəxəssislər isə sadalananların tamamilə yanlış olduğunu vurğulayır və xəbərdarlıq edirlər ki, bu cür yanaşmalar uşaqların fiziki, psixoloji sağlamlıqlarına zərər vurur.

Bəs uşaqların dincəlməsi, əylənməsi, həm də bu qısa zamanı səmərəli keçirmələri üçün nə etmək lazımdır? Bu xüsusda valideynlər nələrə diqqət etməlidirlər? Ümumiyyətlə, uşaqlar üçün yaxşı bir tətil necə olmalıdır?


Məktəbdəki uğurların açarı evdədir...


Təhsil eksperti Qoşqar Məhərrəmov söyləyir ki, şagirdlərin evdəki vəziyyəti məktəbdəki uğurun vəsiləsidir. Bunun üçün də valideynlərin evdəki atmosferi tənzimləməsi vacibdir. Tətil uşaqların səmərəli dincələ bilməyi üçün önəmli bir fürsətdir. Bu istirahət elə olmalıdır ki, uşaqların diqqətləri dağılmasın, beyinləri yorulmasın, özlərini enerjisiz hiss etməsinlər: "Xüsusilə valideynlərə tövsiyəmiz odur ki, uşaqların səhərdən axşama qədər televizorun, telefonun, planşetin, internetin başında qalmasına icazə verməsinlər. Onların günlərini mənalı və səmərəli keçirmək baxımından tənzimləsinlər. Şagirdin fikrini yayındıran faktorlardan biri internetdir. Hazırda elə bir vəziyyət yaranıb ki, uşaqların tətili, istirahəti sadəcə internetdən ibarət olur”.

Q.Məhərrəmovun sözlərinə görə, valideynlər uşağın bilik qazanmasında onunla yol yoldaşı olmalıdırlar. Əgər belə deyilsə, deməli, uşaqlar o dərslərlə, uğur və ya uğursuzluqları ilə təkbaşınadırlar: "Elə bu səbəbdən valideynlərə tövsiyə edirik ki, uşaqları ilə daha çox vaxt keçirsinlər, xüsusilə də tətil günlərində. Onlarla birlikdə təbiət qoynunda istirahət etsinlər, tarixi yerlərə, açıq muzeylərə səfər etsinlər. Yəni maddi resursların imkan verdiyi qədər uşaqları bu kimi səyahətlərə aparmaq mütləqdir. Övladı üçün xüsusi zaman ayırmaq çox az görünən nümunədir. Amma valideyn övladına zaman ayırmalıdır. Onunla birgə səmərəli vaxt keçirməli, gəzməli, birlikdə dərs oxumalıdır. Reallıqda tətillərdə uşaqların əksəriyyəti sosial şəbəkələrdə, internetdə zaman keçirirlər. Bu isə uşaqların fiziki və əqli inkişafına mənfi təsir edir. Hətta gecə saat 2-ə qədər internetdə zaman keçirir, səhəri günü də saat 1-ə qədər yatırlar. Valideynlər də bu gedişata mane olmurlar. Bir çox hallarda valideynlər özləri uşaqları bu cür əyləncə vasitəsinə yönəldirlər ki, onların gündəlik işlərinə mane olmasınlar. Yaxud elə düşünürlər ki, uşaq hansısa dərslə məşğuldur, ona görə nəzarət etmirlər. Təbii ki, uşaqlar sadalanan bu vasitələrdən də istifadə etməlidirlər, amma valideynin nəzarəti altında. Hazırda "kiber builinq” deyilən bir termin yaranıb. İnternetlə uşağı təkbaşına qoymaq, yad adamla tək qoymaqla eynidir. Valideyn uşağın internet saatlarına mütləq nəzarət etməlidir”.

Təhsil ekspertinin fikrincə, tətillərdə məktəblilərə çoxlu ev tapşırıqları verərək onları yükləmək doğru deyil. Onsuz da əksər hallarda uşaqlar həmin tapşırıqları yerinə yetirmir. Ona görə də tətili səmərəli keçirmələri üçün valideynlərin, müəllimlərin kiçik və maraqlı tapşırıqlar verməyi tövsiyə olunur: "Söhbət 100-150 testdən ibarət dərs tapşırıqlarının verilməsindən getmir. Bu, hansısa tədqiqat tapşırığı, müşahidə nəticəsində məqalə, esse yazmaq tapşırığı, kitab mütaliəsi də ola bilər. Həmçinin dərslərin ümumi təkrarı üçün müəyyən qədər tapşırıqlar vermək lazımdır. Yaxud hansısa incəsənət fəaliyyəti ilə məşğul olmaq, rəsm çəkmək, teatra, yaşına uyğun konsertə getmək... Əslində, valideyn övladı ilə qarşı-qarşıya oturub onun fikirlərini soruşsa, edə biləcəkləri bir çox maraqlı fəaliyyətlər ortaya çıxacaq. Belə halda asudə vaxtı səmərəli keçirmə üçün alternativ yollar tapılacaq. Sadəcə uşaqların fikrini öyrənmək lazımdır. "Biz bu tətildə nə edəcəyik?” Bax bu sualı hər bir valideyn öz övladına verməlidir”.


"Tətildə də valideynin "dərsini oxu” deməsi uşaqlarda ikrah hissi yaradır”


Psixoloq Xatirə Səfərova deyir ki, tətil insanlara gördükləri işləri, üzərlərindəki məsuliyyəti bir müddət kənara qoyub rahatlanmaq, ruhunu, beynini yeniləmək üçün verilir. Çünki insan fiziki, xroniki yorğunluğa məruz qalır: "İnsan davamlı olaraq monoton rejimə keçərsə və rutin halda hərəkətlərə davam edərsə, bu, onun üçün heç də fəaliyyətin inkişafına dəlalət etmir. Əksinə, düşünün ki, bir insan durmadan, dincəlmədən eyni işləri görür, eyni fəaliyyətlə məşğul olur və nəticədə psixi gərginlik yaranır. Bu gərginlik isə bir neçə psixi xəstəlikdən ibarət paket şəklində geri qayıda bilir. Məsələn, uşaq depressiyası, aqressiya, yəni emosional davranış pozuntusu və s. Bunlar hamısı insanın mütəmadi olaraq oxumasının, çalışmasının və dincəlməsinin mümkün olmadığı təqdirdə yaranır”.

X.Səfərovanın fikrincə, tətilin necə keçirilməsi çox vacibdir. Tətil aktiv və passiv dincəlmədən ibarətdir. Aktiv dincəlmədə insan daha çox yenilənir, nəinki passiv dincəlmədə. Məsələn, uşaqlar tətili yalnız telefona asılı qalmaq kimi düşünürlərsə, bu da yenilənməyə gətirib çıxarmır. Əksinə, ikinci xroniki yorğunluğa səbəb ola bilir: "Mən demirəm telefonlar, kompüterlər, planşetlər uşaqların əlindən alınmalıdır. Amma bu, valideynlərin nəzarəti altında olmalıdır. Həmçinin valideynlər uşaqlara aktiv dincəlməni öyrətməlidirlər. Aktiv dincəlmə səfalı rayonlarımıza səyahət, açıq havada, dağlarda, meşələrdə gəzmək şəklində ola bilər. Bu cür istirahət uşaqlara daha böyük uğurlar gətirər, nəinki evdə yatıb bütün günü telefonla oynamaq. Çox yaxşı olar ki, valideynlər işdən gəldikdən sonra uşaqlarını götürüb yaxınlıqdakı parklara yollansınlar, onlarla birlikdə velosiped sürsünlər. Təəssüf ki, hazırda əksər valideynlərin özlərinin də tənbəllikdən əziyyət çəkdiyi, dincəlmənin mexanizmini bilmədikləri acı reallıqdır. Xarici ölkələrə nəzər salanda görürük ki, insanlar ancaq aktiv dincəlməyə üstünlük verirlər. Bizdə aktiv dincəlmə çox azdır. Nadir hallarda ailələr parklarda sadəcə yürüyüş edirlər, uşaqları ilə birlikdə hansısa oyunlar oynayırlar, əylənirlər”.

Psixoloq qeyd edir ki, valideynlərin övladlarına qarşı münasibətində daha çox motivasiyaedici istiqamət öndə olmalıdır. Amma əksər hallarda bunun əksi baş verir. Məsələn, bir valideyn öz övladını ideal görmək istəyir. Onu olduğu kimi qəbul etmir, çalışır öz xəyalındakı, təsəvvüründəki uşaq kimi formalaşdırsın. Çox zaman da uşağın davranış tərzi, dərs nailiyyətləri valideynin idealına uyğun gəlmir. Buna görə də valideyn övladına başqa fonda müraciət etməyə başlayır. Tətil zamanı da ona dərs oxuması ilə bağlı basqı edir. Bu isə valideynin qorxusundan irəli gələn davranış mexanizmidir: "Motivasiya bütün yaşlarda insan üçün önəmlidir. Valideyn "dur, dərsini oxu!” deməkdənsə, "əminəm ki, tətil bitib dərslərin başlayanda sən buna daha yaxşı hazır olacaqsan” desə, bu, uşağa daha çox motivasiya verəcək. Tətil zamanı valideynin ondan əl çəkməməsi, "dərsini oxu” deməsi uşaqlarda ikrah hissi yaradır. Uşağı basqı ilə dərsdən soyutmaq, uzaqlaşdırmaq lazım deyil. Düzdür, tətil zamanı tamamilə dərslərdən kənarlaşmaq, heç bir kitab üzü açmamaq da düzgün deyil. Amma qorxulu da deyil. Bu zaman məsələn, iki gündən bir dərslər təkrar oluna bilər.

Bundan başqa, elə psixotexnikalar, oyunlar var ki, tətil zamanı valideyn bundan istifadə edərsə, uşaq çox gözəl motivasiya alacaq. Məsələn, ana dərs kitabını uşağın gözünün qabağından götürür ki, tətil zamanı kitab açmağa icazə vermirəm, sən ancaq dincəlməlisən. Bununla da o, uşağın beynində kitabı qadağa olunmuş tabu versiyasına keçirir. Valideyn əks terapiya edir və kitabı dərs masasının üzərində görünən yerə qoyur. Bu zaman uşaqda əks təsir yaranır və o, məhz bu kitabları oxumaq istəyir. Bu, sınanılmış bir üsuldur. Valideynlərin bu üsuldan istifadə etməsini tövsiyə edirəm”.

Uşaqlar ömürlərinin çox hissəsini oxumağa həsr edirlər. Tətil isə bundan dincəlmək üçün verilən zamandır. Bu zaman kəsiyində onlar təkcə fiziki yox, ruhən, psixoloji baxımdan da dincəlməlidirlər. Muzeylər, teatrlar, kinolar uşaqlar üçün həm keyfiyyətli istirahət mənbəyi, həm də həyat dərsidir. Odur ki, tətil zamanı uşaqlara dərs tapşırığı yox, həyat dərsi vermək lazımdır.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM