23 Yanvar 2020 12:44
841
Mədəniyyət
A- A+

Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub


Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti, görkəmli bəstəkar və ifaçı Polad Bülbüloğlunun 75 illik yubileyi ərəfəsində yanvarın 22-də Moskvada "Dostlar məclisi” ("Вечер для друзей") adlı konsert olub.

AZƏRTAC xəbər verir ki, Moskva Myuzikl Teatrında baş tutan gecəni yubilyar ənənəvi olaraq "Bakı” mahnısı ilə açıb. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinləndiyi mahnıları səslənib. Yubilyarı təbrik edənlər arasında qızı Leyla, oğlu, gənc dirijor Murtuza, nəvəsi Anna da var idi.

Gecənin aparıcısı, Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman, kinorejissor Yuli Qusman, Rusiyanın Xalq artisti Lev Leşenko, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxışlarında Polad Bülbüloğlunu sədaqətli dost, görkəmli bəstəkar və müğənni, məharətli diplomat, müdrik insan, Azərbaycanı sonsuz məhəbbətlə sevən vətənpərvər kimi səciyyələndiriblər. Çıxış edənlər onun dahi Bülbülün oğlu, böyük sənətkarlar Üzeyir Hacıbəyli və Dmitri Şastokoviçin tələbəsi Qara Qarayevin yetirməsi olduğunu diqqətə çatdırıblar. Səhnədə quraşdırılmış ekranda Polad Bülbüloğlunu həyat yolunda müşayiət edən insanlar – ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, sənət dostları və həmkarları canlanıb.

Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü bildirərək deyib: "Çox şadam ki, bu konsert baş tutdu. Çoxdandır ki, oxumurdum. Axırıncı dəfə beş il bundan qabaq Moskvada və Bakıda konsert vermişdim. Şadam ki, zal dolu idi, pərəstişkarlarım gəlmişdi. Azərbaycan musiqisinin Moskvanın mərkəzində səslənməsi məni qürurlandırır. Konserti Bakı haqqında mahnımla açıb, Azərbaycan haqqında mahnı ilə bitirdim. Bugünkü konsertdən böyük zövq aldım. Yenidən səhnədə olmağıma çox şadam. Yaxın günlərdə Bakıda, Heydər Əliyev Sarayında da konsert verəcəyəm. İndi ona hazırlaşırıq”.

Gecənin qonaqları Polad Bülbüloğlu haqqında fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüblər:

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko: "Söz tapa bilmirəm, emosiyalarım aşıb-daşır. Nostalji hislər keçirdim. O, parlaq bəstəkar, parlaq müğənnidir. Onun hitə çevrilmiş bütün mahnılarını özü ilə birlikdə oxumaq istəyirsən”.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin: "Polad Bülbüloğlunun ifasını Sovet İttifaqı kimi nəhəng bir ölkənin xalqı alqışlayırdı. Elə indi də həm Azərbaycanda, həm də Rusiyada, MDB-nin digər ölkələrində milyonlar onu sevməkdə, yaradıcılığını qiymətləndirməkdə davam edir, çünki onun həyat və yaradıcılığı musiqi mədəniyyətimizin parlaq səhifəsidir”.

Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov: "Bu gün Moskvada yaşayıb, qəlbən hər zaman Bakı ilə olanlar üçün əlamətdar gündür. Bu gün sevimlimiz Polad Bülbüloğlunun 75 illik yubileyini qeyd edirik. O, hər cəhətdən unikal insandır. Mən onu həm dostluq, həm ifaçılıq sənəti, həm bəstəkarlıq sahəsində dünya çempionu adlandırardım. Şübhəsiz ki, o, həm də müasir dövrümüzün görkəmli diplomatıdır. Mənim əziz dostum Mixail Qusman da bu günlər yubileyini qeyd edir. Biz onunla 40 ildən artıqdır ki, tanışıq. Hələ sovet dövründə gənclər təşkilatında birgə işləmişik. Mən Rusiyada yaşayan bütün azərbaycanlıları bu iki yubiley münasibəti ilə təbrik edirəm”.

Federasiya Şurası Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçyov: "Polad Bülbüloğlu şəxsiyyətinin böyüklüyü mənim üçün onun insanların qəlbində tutduğu yer ilə ölçülür. Biz hamımız onun mahnıları ilə böyümüşük. Onun həyata, insanlara münasibəti bizim hamımız üçün nümunə olub. Mən Polad Bülbüloğlunu özümə müəllim hesab edirəm. O, nə yaradıcılığında, nə diplomatiyada, nə də həyatında heç zaman xaric tonlara yol verməyib. Polad Bülbüloğlu çətin missiya yerinə yetirir. Ümumiyyətlə, onun heç asan missiyası da olmayıb. O, hər zaman yüksəklərdə olub və mən ona bu səviyyəni hər zaman qorumağı arzu edirəm”.

"Soyuzmultfilm” kinostudiyası İdarə Heyətinin sədri, M.Qorki adına Kinostudiyanın direktoru Yuliana Slaşyova deyib: "Polad Bülbüloğlunun gəncliyinə, gümrahlığına bugünkü 18 yaşlı artistlər həsəd apara bilərlər. Mən onun mahnıları ilə böyümüşəm, uşaqlığımda sevə-sevə baxdığım filmlərdən musiqiləri eşitmək çox xoşdur. Polad Bülbüloğlunun sonsuz həyat eşqinin şahidi olanda, ruhun yenidən doğulmasına, gəncliyin sonsuzadək davam edə bilməsinə inanırsan. Mən bu günlərdə Bakıda baş tutacaq dəyirmi masada iştirak etməyi nəzərdə tutmuşam. Azərbaycan və Rusiya arasında mədəni əməkdaşlığa, o cümlədən kino və animasiya sahəsində layihələrdən danışacağıq. Düşünürəm ki, bizim çox böyük əməkdaşlıq perspektivlərimiz var”.

NTV telekanalı Baş direktorunun müavini Timur Vaynşteyn: "Bu gün Moskva ictimaiyyəti üçün əlamətdar gündür. Bu gün Polad Bülbüloğlunu dinləməyə gələnlər arasında onun xeyli pərəstişkarları var. 75 yaşlı müğənninin 2 saat yarım canlı, orkestrin müşayiəti ilə oxuması sonsuz alqışlara layiqdir. Mən onun Moskvada keçirilən yubileylərindən birində "Bakılı oğlanlar” Komandası ilə birlikdə çıxış etməyimizi xatırlayıram. Bu gün Mixail Qusmanı da təbrik etmək istəyirəm. O, mən hələ dünyaya gəlməmişdən məni tanıyıb. Mixail Solomonoviç məni doğum evindən evəimizə gətirib. Onun "Bakinski raboçi” qəzetində mənim dünyaya gəlməyim xəbərini o zaman Bakıda olmayan atama çatdıran telefonçu qız barədə dərc etdiyi məqaləni hələ də yadigar saxlayıram”.

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy: "Polad Bülbüloğlu keçmiş SSRİ məkanında ilk addımlarını 1960-cı illərdə Ümumittifaq radiosunun redaksiyasında atıb. Sonradan o, 2006-cı ildə Moskvaya fövqəladə və səlahiyyətli səfir təyin edilib: "Bir dəfə MDB mədəniyyət nazirlərinin Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşündə mən Poladın ən yaxşı və təcrübəli nazir olduğunu deməyə cəsarət etdim. Heydər Əliyev bu fikrimə gülümsəyərək belə cavab verdi: "Düşünürəm ki, mən onu hələ rəndələyirəm...”. "Deməli, sizin mədəniyyət naziri dünyanın ən "rəndələnmiş” naziri olacaq”, - deyə fikrimi söylədim. Prezident İlham Əliyev Poladı nahaq yerə Moskvaya səfir təyin etməyib. Hələ yaradıcılığı dövründə və nazir olduğu vaxtlarda o, Moskvada çox qapıları və ürəkləri inamla açırdı. Polad Bülbüloğlu həm musiqidə, həm diplomatiyada, həm də dostluqda istedadlıdır”.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video