23 Yanvar 2020 01:47
1540
İQTİSADİYYAT
A- A+

İqtisadi inkişafın sürəti investisiya qoyuluşundan asılıdır


İlin yekunları ilə bağlı müşavirədə bu məsələyə xüsusi diqqət yetirildi


Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş müşavirədə iqtisadiyyatın bütün sahələrində baş verən müsbət dinamikanı qeyd edərkən investisiya qoyuluşunun əhəmiyyətini də vurğulayıb.

Məlumdur ki, investisiya qoyuluşu iqtisadiyyatın inkişafını təmin edən şah damarıdır. İnkişaf etmiş ölkələrin keçdiyi yola diqqət yetirəndə də görürük ki, qazanılan nailiyyətlərdə iqtisadiyyata fasiləsiz investisiya qoyuluşu mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısı sözügedən müşavirədə investisiya qoyuluşunun məqsədi və istiqamətləri barədə demişdir: "İkinci vəzifə ondan ibarətdir ki, investisiya proqramımız infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verməkdir. O cümlədən bu infrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməlidir. Misal üçün, yeni infrastruktur tutaq ki, bu və ya digər rayonda iqtisadiyyatın real sektoruna nə dərəcədə müsbət təsir göstərmişdir”.

Müşavirədə o da qeyd edildi ki, istər dövlət sərmayələrinin, istər özəl sərmayələrin iqtisadiyyata cəlb olunması xüsusi əhəmiyyətə malikdir. Çünki dünyanın iqtisadi tarixi və ölkəmizin yaxın keçmişdəki təcrübəsi göstərir ki, iqtisadi artımın sürəti məhz qoyulan investisiyalardan asılıdır. Ötən il əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib. Məqsəd isə bu rəqəmin 25 faiz və ya ondan yüksək olmasıdır.

Məlumdur ki, kapital qoyuluşu həssas məsələdir. Bu üzdən özəl sərmayənin cəlb edilməsi üçün onun qorunması vacib şərtdir. Kapital qoyuluşunun qorunması yalnız mükəmməl hüquqi qanunvericilik bazasının təmin edilməsi ilə mümkündür.

İri infrastruktur və digər nəhəng iqtisadi layihələrin icrasında dövlət vəsaitindən kapital qoyuluşu kimi istifadə edilib. Nəticə göz qabağındadır. İndi Azərbaycanda nəqliyyat və digər infrastruktur layihələrinin yüksək səviyyədə olması inkişaf etmiş ölkələrlə müqayisə edilir. Hətta bu sahədə bir sıra inkişaf etmiş ölkələrdən öndəyik. Dövlət tərəfindən investisiyaların yatırılmasında əsas tələb səmərəlilik amillərinin sərtləşdirilməsi və bu investisiyaların prioritet sektorların inkişafı ilə sıx uzlaşdırılmasıdır.

İnvestisiyaların iqtisadiyyatın müxtəlif sahələrinə məqsədyönlü şəkildə qoyulması, elmi araşdırmalar aparılaraq yatırılması yüksək səmərə verir. Çünki əvvəlcədən dərin təhlil aparılmasa, istehsal edilən malın alıcısının olduğu müəyyənləşməsə, məhsulun satışında problem yaranar. Məhsul isə satıldıqda qoyulan investisiyanın səmərəsi olur. Bu məqsədlə ölkədə aparılan investisiya siyasətində bütün bunlar nəzərə alınır.

Qeyri-neft iqtisadiyyatının və ümumiyyətlə, qeyri-neft ixracının, o cümlədən iqtisadi artımın sürətləndirilməsinə dair həyata keçirilən siyasət sayəsində kənd təsərrüfatı və aqro klaster, neft-kimya sənayesi və bu sahəyə qoyulan irihəcmli investisiyalar səmərə verir. Hazırda bu sahələr üzrə böyük, kiçik və orta biznes klasterinin yaradılması nəzərdən keçirilir.

Dünya təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlığın inkişafı hər bir ölkədə iqtisadi dayanıqlılığın təminatında mühüm faktordur. Buna görə Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstək verməlidir. Məlumdur ki, bu məqsədlə güzəştli kreditlər ayrılarkən həmin kateqoriyadan olan sahibkarlara üstünlük verilir. Dövlət dəstəyi sayəsində son 16 ildə Azərbaycanda bu kateqoriyadan olan müəssisələrin sayı və istehsalda payı xeyli artıb.

Dövlət başçısı investisiyaların real sektora qoyulmasının əhəmiyyətini xüsusi vurğulayaraq onu da qeyd etdi ki, kənd təsərrüfatı sahəsində böyük potensialımız var. Xüsusilə kənd təsərrüfatı məhsullarının emalı diqqət mərkəzində olmalıdır. Yəni biz xammal ixracatçısından hazır məhsul ixracatçısına çevrilməliyik. Ötən il meyvə-tərəvəz istehsalında böyük artım qeydə alınıb. Lakin meyvə-tərəvəzin hazır məhsula çevrilməsi üçün kifayət qədər emal müəssisələrimiz yoxdur. Müxtəlif şirələr, kompotlar, konservlər və qurudulmuş meyvə istehsalı ilə məşğul olan sahibkarlara dəstək verilməlidir. Belədə ölkəmiz meyvə-tərəvəzi daha böyük həcmdə emal edərək hazır məhsul kimi xarici bazara ixrac etmək imkanı qazanar.

Aparılan iqtisadi islahatlar, real sektora investisiya qoyuluşu ötən ilin iqtisadi göstəricilərində də özünü açıq şəkildə əks etdirir. Belə ki, ümumi daxili məhsul 2,2 faiz artıb, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 14 faizə çatmışdır. Sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video