23 Yanvar 2020 01:28
924
Mədəniyyət
A- A+

Həzi Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib


Yanvarın 22-də görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib.

AZƏRTAC xəbər verir ki, həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəhidlər xiyabanında, general Həzi Aslanovun məzar-abidə kompleksinin önündə xalqımızın igid oğulları sırasında adı qəhrəmanlığın rəmzinə çevrilən, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsinə yeni parlaq səhifələr yazan tank qoşunları generalının xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin general, zabit, gizir, kursant və əsgərləri, Təhsil və Mədəniyyət nazirliklərinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, Bakı qarnizonundakı hərbi hissələrin, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisələrin, təhsil və mədəni-maarif ocaqlarının nümayəndələri, generalın ailə üzvləri iştirak ediblər.

Əvvəlcə məzar-abidə kompleksi önünə əklillər qoyulub, qəhrəmanın xatirəsi ehtiramla yad edilib, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə Dövlət Himni ifa olunub.

"Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin əmri ilə yaradılan təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Həzi Aslanovun hərb tarixində müstəsna xidmətlərindən danışıb. O, Prezidentin sərəncamının təkcə bir qəhrəmana deyil, ümumiyyətlə, İkinci Dünya müharibəsi illərində müxtəlif cəbhələrdə vuruşan, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən altı yüz mindən çox Azərbaycan övladının xatirəsinə böyük ehtiramın bariz nümunəsi olmaqla yanaşı, həm də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyətinin, eləcə də gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Nəzərə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, eləcə də Kremldə məsul vəzifə tutduğu vaxtlarda xalqımızın tarixinə sonsuz hörmətlə yanaşıb, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işğalçılar qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarının, görkəmli hərbi sərkərdələrin hünər və rəşadətlərini yüksək qiymətləndirib, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri davam etdirməyi məsləhət görüb. Ulu Öndər əcdadlarımızın qəhrəmanlıq nümunələrinin bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olduğunu dəfələrlə qeyd edib. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevə görə xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır.

Xatırlanıb ki, Ulu Öndər nəinki respublikamızda, həmçinin vətənimizin hüdudlarından uzaqlarda da Azərbaycan oğullarının qəhrəmanlıqlarının təbliği, adlarının əbədiləşdirilməsi, tanıdılması istiqamətində çox mühüm işlər görüb. Məhz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Krımın Kerç rayonunda, Sapun-Qora yaxınlığında 77-ci, Rostov vilayətinin Taqanroq şəhərinin Sambek yüksəkliyində 416-cı Azərbaycan milli atıcı diviziyalarının şanlı döyüş yollarını əbədiləşdirmək məqsədilə möhtəşəm abidə kompleksləri yaradılıb. Həzi Aslanov, Mahmud Əbilov, Akim Abbasov, Məlik Məhərrəmov və bir çox general və zabitlərin yubileyləri dövlət səviyyəsində qeyd olunub, neçə-neçə Sovet İttifaqı qəhrəmanının ev-muzeyi yaradılıb və abidələri ucaldılıb.

Anım mərasimində vurğulanıb ki, Heydər Əliyev general-mayor Həzi Aslanovu Böyük Vətən müharibəsində döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisi kimi qiymətləndirərək "O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir”, - deyib. Hər il respublikamızda 9 May - Qələbə Günü tədbirləri Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz Həzi Aslanovun məzar-abidəsi qarşısında keçirilən anım mərasimi ilə başlanardı. Bu ənənələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Bildirilib ki, "Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində Müdafiə, Təhsil və Mədəniyyət nazirliklərinin birgə tədbirlər planında il ərzində respublikanın bölgələrində, hərbi hissələrdə, təhsil və mədəniyyət müəssisələrində beynəlxalq konfransların, tank heyətləri arasında yarış-müsabiqələrin, fotosərgilərin, teatrlaşdırılmış kütləvi mərasimlərin, vətənpərvərlik filmləri həftəsinin keçirilməsi nəzərdə tutulub. İl ərzində Həzi Aslanovun keçdiyi döyüş yolu və adı ilə bağlı ünvanlara ekskursiyalar təşkil olunacaq, yeni kitablar, albom, plakat və açıqcalar nəşr ediləcək, qəhrəmanın tank və mexanikləşdirilmiş digər zirehli texnikalar sahəsində yenilikləri və hərbi elmi məqalələri əsasında sənədli tədris filmi çəkiləcək. Eləcə də Bakı Bələdiyyə Teatrında Abdulla Qurbaninin "Həzi Aslanov xatirələr işığında” pyesi tamaşaya hazırlanacaq. Bundan əlavə, faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan beynəlxalq əsgər mahnıları festivalı iştirakçılarının Lənkəran şəhərinə səfəri və festival çərçivəsində qəhrəman həmyerlimizə həsr olunan konsert proqramının təşkili reallaşacaq. Rusiya Federasiyası "Zvezda” televiziya kanalının istehsalı olan "Ordu əfsanəsi Həzi Aslanov” filminin yaradıcı heyəti ilə görüş, respublika musiqi və teatr kollektivlərinin iştirakı ilə ədəbi-bədii gecə, Azərbaycan Dövlət Pedaqoji və İqtisad universitetlərində konfrans və kütləvi vətənpərvərlik tədbirinin keçiriləcəyi də planlaşdırılıb.

Anım mərasimində Həzi Aslanov irsinin tədqiqi və araşdırılmasında müstəsna xidmətləri olan Əməkdar incəsənət xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov, Respublika Veteranlar Təşkilatı sədrinin birinci müavini polkovnik Cəlil Xəlilov, Aslanovlar ailəsi adından qəhrəmanın nəvəsi Emin Aslanov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.

Tədbir Azərbaycan Bayrağı altında fəxri qarovulun Həzi Aslanovun abidəsi önündən təntənəli keçidi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video