23 Yanvar 2020 01:25
775
İQTİSADİYYAT
A- A+

Əhalinin artımı dövlətin sosial öhdəliklərini də artırır


Prezident bu sahədə əlaqədar qurumlara beynəlxalq təcrübəni öyrənməyi tövsiyə edir


Azərbaycanda əhali əsasən təbii artım, yəni doğulan körpələrin sayının dünyasını dəyişən insanların sayını üstələməsi və qismən buraya daimi yaşamaq üçün köçüb gələnlərin hesabına çoxalır. Bunların hər ikisi müsbət haldır. Çünki bir sıra ölkələrdə, əksinə, ölənlərin sayı yeni doğulanların sayını üstələyir və orada artım barədə heç söhbət gedə bilməz. Mənfur qonşumuz Ermənistanda üstəlik əhali dəstə-dəstə ölkəni tərk edir.

Keçən ilin aprel ayında Azərbaycanın 10 milyonuncu vətəndaşı dünyaya gəldi. Dövlət Statistika Komitəsindən aldığımız son məlumata görə, 2019-cu il noyabrın 1-i vəziyyətinə əhalinin sayı 10 milyon 53 min 145 nəfər olub. İlin ilk 10 ayında əhali 71 min 688 nəfər, yaxud 0,7 faiz artıb.

Yanvar-oktyabr ayları ərzində 117 min 752 uşaq dünyaya göz açıb və onların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 1387 nəfər çox olub. Dünyasını dəyişənlərin sayı isə 46 min 403 nəfər təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1783 nəfər azdır.

Azərbaycanda miqrasiyanın saldosu da müsbətdir. Belə ki, həmin dövr ərzində ölkəyə daimi yaşamaq üçün 1693 nəfər gəldiyi halda, buradan köçüb gedənlərin sayı 1354 nəfər olub.

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə əhalinin artmasını belə səciyyələndirib: "Əhali 100 min nəfər artıb və hər il 100 min nəfər artacaq. Nə qədər çox əhali artsa, növbəti illərdə illik artım da çoxalacaq. Biz indi bunu əhalisi sürətlə artan ölkələrin timsalında görürük. Bu, böyük problemlər gətirir. Artan əhali böyük üstünlükdür, təbiidir və eyni zamanda, bizim iqtisadi siyasətimizin və ölkədə mövcud olan sabitliyin təzahürüdür”.

Dövlət başçısı eyni zamanda bunun özlüyündə böyük problemlər ehtiva etdiyini xüsusi vurğulayıb. Prezident əvvəlki çıxışlarında da dəfələrlə qeyd edib ki, əhalinin artımı qarşıya mühüm vəzifələr qoyur. Belə ki, dövlətin sosial-iqtisadi siyasəti həm də əhalinin artımına hesablanmalıdır. Bu səbəbdən də Azərbaycan dövləti yeni iş yerlərinin yaradılmasını, əhalinin məşğulluğunun təmin edilməsini daimi prosesə çevirib və həmin istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Müəssisə və təşkilatlarda yaradılan iş yerlərindən əlavə, sahibkarlığın inkişafı, özünüməşğulluğun genişləndirilməsi, kənd təsərrüfatında tənəzzülə uğramış sahələrin yenidən bərpası bu qəbildən olan tədbirlərdir. Ölkədə çoxsaylı məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin istifadəyə verilməsi, idman qurğu və komplekslərinin getdikcə artırılması da bu məqsədə xidmət edir.

Keçən ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident yenidən bu mövzu üzərinə qayıdaraq əhalisi sürətlə artan ölkələrin problemlərinin təhlil edilməsinin vacib olduğunu bildirib. Qeyd edib ki, bu, təkcə İqtisadiyyat Nazirliyinin işi deyil. Nazirlər Kabineti, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar məsələ ilə bağlı ciddi təhlil aparmalıdır.

Proqnoz öyrənilməli və ehtiyat mənbələri müəyyənləşdirilməlidir. Çünki dövlət başçısının dediyi kimi: "Bizim mövcud ərazimiz, əkin sahələrimiz, təbii resurslarımız bəllidir. Onların gələcəkdə dəyişməsi mümkün deyil. Ona görə bütün bunlar hesablanmalıdır ki, 20-30 ildən sonra hansı vəziyyətlə üzləşəcəyik”.

Əhalisi sürətlə artan ölkələrin təcrübəsi də məhz bu baxımdan öyrənilməlidir. Beynəlxalq maliyyə qurumları ilə birlikdə uzunmüddətli strategiya işlənib hazırlanmalıdır. Onlar dünyanın bütün yerlərində fəaliyyət göstərirlər. Ona görə də bu sahədə böyük təcrübələri var.

İndi bizim vəsaitə ehtiyacımızın olmadığını deyən Prezident İlham Əliyev gələcəkdə yarana biləcək problemi də diqqətə çatdırıb: "Düzdür, bu gün bu problem mövcud deyil. Əhali artmalıdır. Amma bir gün bu, problemə çevriləcək. Ona görə bizim iqtisadi artımımız artan əhaliyə uyğun artmalıdır”.

Azərbaycan dövləti dünyaya göz açan hər bir vətəndaşını, necə deyərlər, əliboş qarşılamır. Böyük infrastruktur layihələrinin həyata keçirilməsi, məktəbəqədər tərbiyə müəssisələrinin, təhsil və səhiyyə ocaqlarının istifadəyə verilməsi, idman komplekslərinin şəbəkəsinin genişləndirilməsi və s. həm də əhalinin artımına hesablanır. Lakin Azərbaycanda əhalinin artımı daha çox iş görülməsini gündəmə gətirir. Dövlət başçısının tələbi də məhz bu işlərin daha geniş miqyasda aparılmasıdır.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video