22 Yanvar 2020 02:53
2099
SİYASƏT
A- A+

117 ölkə, 53 dövlət və hökumət başçısı...


Prezident İlham Əliyevin iştirak etdiyi 50-ci Davos Dünya İqtisadi Forumunda beyin mərkəzlərinin, siyasi, iqtisadi və elmi elitanın diqqəti bir daha Xəzər regionuna, Azərbaycana yönəldi


Yanvarın 21-də İsveçrənin Davos şəhərində sayca 50-ci Dünya İqtisadi Forumu öz işinə başlayıb. "Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda 4 gün davam edəcək forumda Xəzər Həftəsi, Qlobal İdeyalar Platforması müzakirə ediləcək.

Yanvarın 24-dək davam edəcək forum çərçivəsində Trans-Xəzər Qaz Kəməri, onun Xəzər regionunda rolu və Xəzər Nəqliyyat Koridoruna həsr edilmiş sessiyalar keçiriləcək. Sessiyalar zamanı geopolitik və iqtisadi dəyişikliklər, regionda sülhün qorunması məsələlərinə toxunulacaq. Forumda 117 ölkənin nümayəndələri, o cümlədən 53 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. 400-dən çox açıq və qapalı iclası keçiriləcək forum həmçinin dünyanın hər yerindən 119 milyarderi bir araya gətirib.


İlham Əliyevin 14-cü Davos səfəri


1971-ci ildə isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə yaradılan Davos İqtisadi Forumunun (DİF) hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar, elm adamları, nüfuzlu siyasətçilər, iqtisadçılar, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.

1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "Dövlətlərin qlobal rəqabətə davamlılığı” adlı məruzə hazırlanır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki göstərici əsasında - potensial inkişaf və rəqabətədavamlılıq indeksi üzrə qiymətləndirilir. Bu, yeganə forumdur ki, həm rəsmiləri, dünya liderlərini, həm də iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya toplamaq imkanına malikdir. Bu baxımdan Davos Forumu müzakirələr, müxtəlif ölkələrdən investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından da olduqca vacib platformadır.

Diqqət çəkən əsas məqamlardan biri də budur ki, öz tarixi fəaliyyəti dövründə bu mötəbər tədbir yalnız iki dəfə Davosdan kənarda təşkil edilib. Böyük qürur hissi doğuran hal ondan ibarətdir ki, bu dünyəvi forum ABŞ-dan başqa yalnız Azərbaycanda - Bakı şəhərində keçirilib. 2013-cü ildə "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoq” mövzusunda keçirilmiş Dünya İqtisadi Forumu bu dünyəvi qurum tərəfindən ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verilən yüksək tarixi bir dəyər kimi də qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev forumun fəxri üzvüdür. Dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında Davos Forumunda iştirak edən cənab İlham Əliyev 2020-ci ildə 14-cü dəfə bu mötəbər toplantıya qatılmış oldu. Hələ 2016-cı ildə Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab forumda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Azərbaycan Prezidentinə təqdim etmişdi.

Azərbaycana göstərilən bu yüksək etimad, həm də ölkə rəhbərinin Dünya İqtisadi Forumunda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdiyi çoxsaylı və yüksək səviyyəli işgüzar görüşlərin nəticəsi kimi qəbul olunmalıdır.


Ölkənin potensialının təqdim edilməsi üçün vacib platforma


Göründüyü kimi, cənab İlham Əliyev Davos İqtisadi Forumunun arzuolunan prezidentlərindən biridir. Dövlət başçısı ən vacib müzakirələrdə hər zaman məruzəçi kimi çıxış edir. Onun dünyada gedən siyasi və iqtisadi proseslərə münasibəti ciddi marağa səbəb olur. Bu mötəbər forumda yaxından iştirak edərək təcrübə, imkanlar mübadiləsini ortaya qoymaqla dünyadakı mövcud problemlərin aradan qaldırılmasına töhfəsini verir.

Builki işgüzar səfər çərçivəsində də Prezident mühüm görüşlər keçirib. Yanvarın 20-də cənab İlham Əliyev "VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə, "Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə, "CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə, yanvarın 21-də isə dövlət başçısı "Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees't Hart, "Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, Rusiyanın "LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov, Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşlər keçirib. Həmçinin Azərbaycanla Dünya İqtisadi Forumu arasında çox mühüm niyyət protokolu imzalanıb.

Maraqlı keçən görüşlərdə Prezident İlham Əliyev ölkəmizdə son illərdə aparılan islahatların artıq müsbət nəticələr verdiyini, bunun xüsusilə şəffaflığın və hesabatlılığın artırılması hesabına vergi və gömrük orqanlarının topladığı büdcə gəlirlərində özünü göstərdiyini qeyd etdi. Dövlət başçısı ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğuladı.

Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli inkişafı dəstəklədiklərini bildirən şirkət rəhbərləri vurğuladılar ki, bütün bunlar Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfə verəcək.

Təbii ki, forum çərçivəsində keçirilən çoxsaylı görüşlər əməkdaşlığın inkişafına, ölkəmizə investisiya axınının çoxalmasına, Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına real zəmin yaradır.


Dünyanın lider islahatçı ölkəsi


Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində də dövlət başçısı bu forumun əhəmiyyətindən və Azərbaycanın son illərdəki yüksələn nüfuzu, artan imkanlarından söz açıb.

Azərbaycan Prezidentinin dediyi kimi, Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir: "Mən 2007-ci ildən başlayaraq artıq 14-cü dəfədir ki, Davosda bu forumun İllik toplantısında iştirak edəcəyəm. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir”.

Həqiqətən də məhz cənab İlham Əliyevin həyata keçirdiyi bu islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsulluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb.

Dünya Bankının "Doing Business 2009” və "Doing Business 2019” hesabatlarında Azərbaycan dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb.

Məqalədə qeyd edilir ki, 2007-ci ildən keçən dövr ərzində ölkəmizə 111 milyard dollardan çox xarici investisiya cəlb olunub. Bu da mühüm layihələrin reallaşdırılması ilə yanaşı, iqtisadiyyatın bütün sahələrində irəliləyişləri təmin edib. Bunlar Dünya İqtisadi Forumunun hər il açıqladığı "Qlobal Rəqabətlilik Hesabatı”nda da öz əksini tapıb.

Əgər Davos İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəldi. 2019-cu ildə isə Azərbaycan "Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, "Hökumət tənzimləməsinin yükü” və "Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü yerdə, "Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, "Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə, "Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşdı.


Beynəlxalq layihələr, Avrasiyanın nəqliyyat mərkəzləri


Bir vaxtlar elektrik enerjisi idxal edən bir ölkə bu gün dünyanın əsas enerji ixracatçısıdır. Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilən ölkəmiz bu gün Şimaldan Cənuba və Şərqdən Qərbə yüklərin daşınmasında mühüm nəqliyyat qovşağıdır. 2017-ci ilin oktyabr ayından istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu, 2018-ci ilin may ayından fəaliyyətə başlayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu istiqamətdə həyata keçirilən proseslərə böyük töhfə verir.

Ötən 16 il müddətində Azərbaycan enerji layihələrini də uğurla həyata keçirməyə davam edib. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan "Cənub qaz dəhlizi” layihəsinin reallaşmasına nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişir. Bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard dollar olan bu layihə 4 hissədən ibarətdir - "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Bu il layihə tam olaraq fəaliyyətə başlayacaq.

Dövlət başçısı vurğulayıb ki, Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video