Alternative content

21:38 28 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV And yeri: Şəhidlər xiyabanı
And yeri: Şəhidlər xiyabanı
ANA SƏHİFƏ / SİYASƏT
02:10 22.01.2020


30 ildir bu müqəddəs ziyarətgah ilboyu insan axını ilə dolub-boşalır


Bu müqəddəs məkanın adı dillər əzbəridir. 30 ildir ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı əzəmətlə bu zirvədə dalğalanır, əbədi məşəl isə yanır.

Köhnə Dağüstü parkın yerində öz əzəməti ilə ucalan memorial abidə yenə də (əslində, hər gün bu müqəddəs and yeri, məbəd ziyarətçilərini qarşılayır) uşaqlı-böyüklü hər kəsin baş əydiyi məbədə çevrilib. Şəhidlər xiyabanının al-qırmızı qərənfillərə bürünməsi də məhz qəhrəmanlıq tarixinin şərəfinədir.

Qərənfil libaslı bu müqəddəs məkanda 158 nəfər dəfn edilib ki, onlardan dördü naməlumdur. Xiyabanda eyni zamanda 256 Qarabağ, 38 nəfər isə Daxili Qoşunların şəhidi uyuyur. Bunlardan başqa, 1992-ci il yanvarın 25-26-da baş verən məlum "Daşaltı əməliyyatı”nda şəhid olan 70 döyüşçümüzün də şərəfinə burada abidə qoyulub.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı ilə ucaldılan Şəhidlər Abidə Kompleksi xiyabanın rəsmi simvoludur! Üzəri qızılla süslənmiş bu abidə kompleksi xiyabanın ümumi kompozisiyasının kulminasiyası sayılır! Müstəqillik illərində gözəlləşən, yeniləşən, məşhurlaşan, iyirmi birinci yüzilliyin ən inkişaf etmiş paytaxtı kimi tanınan, son illər bir çox beynəlxalq tədbirlərin keçirildiyi, multikulturalizm məkanı, tolerantlıq nümunəsi olan Bakı buradan bir az da geniş panoramda görünür.

Şəhidlər Xiyabanında diqqətçəkən abidələrdən biri də 1918-ci ildə Bakını işğaldan azad etmək üçün gəlib burada şəhid olan türk əsgərlərinə ucaldılan anıtdır. Azərbaycan və Türkiyə bayraqları əziz şəhidlərimizin ruhu naminə daim burada qoşa dalğalanır.

Xiyabanda Azərbaycanın igid, cəsur oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun da büstü ucalır.

Şəhidlər xiyabanındakı ilk qarşılaşdığımız məzar İlham və Fərizəyə aiddir. Bu iki Azərbaycan gənci həm milli mücadilə, həm də sevgi, sədaqət rəmzidir! 20 Yanvar gecəsi İlham sovet ordusunun Bakını işğal etməyə gələn silahlı quldur dəstələrinin odsaçan gülləsinə tuş gəlib şəhid olduqdan sonra Fərizə bu ayrılığa dözə bilməyib və "İlhamsız yaşamaqdansa ölmək yaxşıdır” deyərək intihar edir! XX əsrin Leyli və Məcnunu, Fərhad və Şirini, Tahir və Zöhrəsi kimi sevilən və daim yad edilən İlhamla Fərizə haqqında dastan isə artıq dillər əzbəridir. Məhz buna görə İlhamla Fərizənin toy tarixi - 30 iyun Azərbaycanda "Sevgililər Günü” kimi qeyd edilir!

Bu il də Şəhidlər xiyabanına gələnlərin arasında ağsaqqal da var, ağbirçək də, uşaq da, böyük də, sağlam da, əlil də...

Öncədən deyək ki, ziyarətə adəti üzrə yanvar ayının 15-16-dan başlayaraq ayrı-ayrı kollektivlər bağça, məktəb və gənclər təşkilatlarının nümayəndələri gəlirlər. Ənənə bu il də davam etdirildi.

BDU-nun dosenti Ələmdar Cabbarlının fikirləri bir qədər fərqli - istək və arzu xarakterlidir: "20 Yanvar xalqımızın tarixində ən şərəfli səhifələrdən biridir. Əliyalın xalqımız məhz o gün tankların qabağına çıxmaqla öz mərdliyini, cəsarətini, imperiyaya qarşı mübarizliyini bir daha sübut etdi. 20 Yanvar xalqımızın müstəqillik savaşında mühüm əhəmiyyətə malik bir gündür...”

"İstedadlı Əlillər” İctimai Birliyinin sədri, birinci qrup əlil Cavad Qasımov da ziyarətçilərin arasında idi. Əlil arabasında bu müqəddəs məkanı ziyarət etməyi özünün vətəndaşlıq borcu sayır: "Azadlıq aşiqləri o zaman sübut etdilər ki, bizi müstəqillik yolundan heç bir imperiya, hər hansı qüvvə döndərə bilməz. Bugünkü müstəqilliyimizə görə biz ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Dövlətimiz tərəfindən xiyabanın abadlığı, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, ailələrinə qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi kimi mühüm tədbirlər görülüb. Bu insanlar heç vaxt unudulmayacaqlar. Ədəbiyyatımızda şəhidlərimizin obrazları yenə də yaradılmalı, bədii əsərlərdə onlar nümunə, örnək kimi gənclərimizə təqdim edilməlidir”.

Bakı şəhərinin Binəqədi, Səbail, Yasamal, Nizami, Nərimanov rayonlarındakı tam orta məktəblərin müəllim və şagird kollektivləri, eləcə də valideynlər xiyabanı ziyarət etməyi özlərinə borc biliblər. Xiyaban yaşıdlılar da az deyil bu il: 30 yaş gəncliyin odlu-alovlu, hisslərin və duyğuların baş alıb getdiyi dövrdür. Nə yaxşı ki bu yaşda olanlarda vətənpərvərlik hissi yüksəkdir. Xiyabanı ziyarət edən tələbə-gənclər bu il daha çox idi. BDU-nun tələbələrindən Güldanə Mirzəzadə, Cəmilə Nəcəfzadə, Sənan Sadıqzadə, Rəşad Mirzəzadə, Ramin, Bəhram Bəylərov qardaşları, ibtidai sinif müəllimi Aynurə Nəcəfova və digərlərini bu müqəddəs məkana gətirən bir gecədə torpaq üzərinə qanları ilə "Azadlıq” yazan şəhidlərin məzarlarını ziyarət etmək və amallarına sadiq qalacaqlarını təsdiqləməkdir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi fəallarından biri Həbib Misirov dedi ki, Azərbaycan gəncliyi qəhrəman şəhidlərimizlə fəxr edir: "Bütün bunlar barədə düşünərkən Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi dəyərli fikirlər bir daha yada düşür: "20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov fikirlərini belə ifadə etdi: "Şəhidlər xiyabanını ziyarət etmək mənəvi borcdur. 20 Yanvar Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı oldu. Ölkədə milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən silahlı qüvvə və ağır hərbi texnika dinc əhalini amansızcasına atəşə tutdu. Yüzlərlə insan şəhid oldu və yaralandı. Sovet ordusu adı altında paytaxta soxulan erməni quldur dəstələrinin törətdiyi həmin vəhşiliklər insanlıqdan çox-çox uzaq idi. Xocalı qətliamı da məhz düşmənlərimizin bəd niyyətləri ilə həyata keçirilmədimi? 20 Yanvarın davamı olaraq sonralar respublikamızın ərazilərinə havadarlarının dəstəyi və yardımları ilə Ermənistan tərəfindən genişmiqyaslı hərbi təcavüz edilmədimi?! Qanlı 20 Yanvar xalqımıza düşməni yaxından tanıtdı...”

Builki ziyarətçilərin arasında altı yaşlı bir nəfər də diqqətimizi çəkdi. Məhəmməd Fərəcli anası Mehriban müəllimə ilə gəlmişdi. Şəhidlər xiyabanı haqqında bilgiləri bizi heyran qoydu. Balaca Məhəmməd şəhidlərimizə həsr edilən xeyli şeir bilirdi. Əlində tutduğu bir cüt qərənfili hansı məzarın üstünə qoyacağını soruşduqda fikirləşmədən "İlqarla Larisanın” dedi. Anası Mehriban xanım isə bildirdi ki, 20 Yanvar öz dəhşətləri ilə yaddaşlara yazılıb: "Çürüməkdə olan, müvazinətini itirmiş sovet imperiyasının cəlladları o müdhiş gecədə daşnaklarla birləşərək Bakını qan çanağına döndərmişdi. Keçmiş SSRİ-nin ilk və həm də sonuncu prezidenti M. Qorbaçov nəinki milli azadlıq mübarizlərinin qətlinə, əslində, insanlığa və azadlığa qarşı fərman vermişdi. Lakin o dəhşətli gecədən qan içində çıxan xalqımızın mərd, qorxmaz, mübariz övladları öz şəhidlikləri ilə imperiya xislətli, erməni qiyafəli ölümə qələbə çaldılar”.

Azərbaycan Dənizçilik Akademiyasının baş müəllimi, əmək veteranı Hüseyn Məmmədov fikrini öncə xalqımıza xas, poetik ifadə etdikdən sonra bildirdi ki, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək, o gecə şəhidlik zirvəsinə ucaldılar: "Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq”.

Müqəddəs and yerinə çevrilən Şəhidlər xiyabanına 30 ildir ki, yaşından, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, nəinki Azərbaycan vətəndaşları gəlir, ümumiyyətlə, paytaxtın əcnəbi qonaqları, yaxın-uzaq ellərdə yaşayan soydaşlarımız da Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçənləri burada doğmaları kimi yad edir, ruhlarına dualar oxuyurlar. Yeni ailə quran gənclərimizin də and yerinə çevrilib bu müqəddəs məkan.

Şəhidlər xiyabanı qərənfil libasına bürünərək, növbəti 30-cu anım günündə də ziyarətçilərini beləcə - həm qüssə-kədərli, həm də qürurla qarşıladı. Şəhidlərə yüksək ehtiramlarını göstərməyə gələnlər isə gecəyə kimi bu müqəddəs ünvanda oldular.

Reportajı hazırladılar:

Zöhrə FƏRƏCOVA,

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM