20 Yanvar 2020 16:12
519
SİYASƏT
A- A+

Qətərin “The Peninsula” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc edilib


Qətərin nüfuzlu ingilisdilli "The Peninsula” qəzetində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş məqalə dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Qətərdəki səfirliyindən məlumat verilib.

1990-cı ilin 20 yanvar gününün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu bildirilən məqalədə sovet ordusunun döyüş bölmələri tərəfindən həyata keçirilmiş cinayətlər qarşısında Azərbaycan xalqının göstərdiyi qətiyyət və iradədən söz açılıb. Məqalədə bildirilib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları qaldırması və buna keçmiş SSRİ hakimiyyəti tərəfindən dəstək verilməsinə hiddətlənərək Bakının küçələrinə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Qeyd edilir ki, 20 Yanvar faciəsi zamanı çoxlu günahsız insan qətlə yetirilsə də, bu hadisə Azərbaycan xalqının döyüş ruhu, sarsılmazlığı və əzmini qıra bilməyib. Aparılan mübarizə Azərbaycanın müstəqilliyini əldə etməsinə gətirib çıxarıb.

Məqalədə yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən törədilmiş qırğınlar barədə geniş məlumat verilib. Bildirilib ki, insan hüquqlarının kobud şəkildə pozulması və kütləvi qətllər xalqın mübarizə əzmini boğa bilməyin, əksinə, törədilmiş qəddarlıq əks təsir yaradıb. Yaranan vəziyyət çökməkdə olan imperiyanı qorumaq şansını birdəfəlik aradan qaldırıb, müstəqillik uğrunda milli hərəkatı gücləndirib.

Məqalədə sovet qoşunlarının törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək bəyanatla çıxış etməsi və Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi qeyd olunub. Məqalədə, həmçinin bildirilib ki, 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, 1999-cu ildə Heydər Əliyevin Fərmanı ilə faciə qurbanlarına "20 Yanvar Şəhidi” fəxri adı verilib.

Məqalənin sonunda Azərbaycan xalqının 1990-cı il yanvarın 20-də həlak olmuş bütün qəhrəmanları dərin hörmətlə andığı və onları heç vaxt unutmayacağı vurğulanıb. Qeyd edilib ki, hər il yanvar ayının 20-də minlərlə Azərbaycan vətəndaşı Bakının ən yüksək hissəsində salınmış Şəhidlər xiyabanında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət etmək üçün həmin məkana gedir, Azərbaycanın azadlığı və müstəqilliyi yolunda canlarını fəda etmiş qəhrəmanlara ehtiramlarını bildirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video