19 Yanvar 2020 00:59
1199
SİYASƏT
A- A+

Didərgin ruhların əbədiyyət məskəni


Minillik məzarlığın 102 illik şəhadət tarixi


Dayanın, Şəhidlər Xiyabanıdı,

Yas toya qarışıb, toy yasa burda.

Qızıl qumaşlarda qara xonçalar,

nişan gətiriblər bir qıza burda.

Nigaran gedənlər yatır xəbərsiz,

yatağı boş qalıb, atı yəhərsiz.

Ana var, oğulsuz, gəlin var ərsiz,

nəydi bu müsibət, bu cəfa burda?


Cisimlərini fəda edərək ruhları ilə azadlıq dastanı yazanlara ithaf


Bakı yaman qüssəliydi, yaman qəhərli... Gözlərindən al qan damlayırdı... Bu dəhşətli şənbə simsiyah gecənin zülmətiylə pərdələnmək istənsə də, topa-topa buludların arasından ay şahidlik edirdi övladlarına tutulan divana... Yerdəki haqsızlığa, ədalətsizliyə... Bir də zülmə dirənc göstərən ərlərə, ərənlərə... Cisimlərini fəda edərək ruhları ilə azadlıq dastanı yazanlara...

1990-cı il yanvarın 20-si idi...

Qara dona bürünmüşdü Bakı... Parçalanmış bağrından al-qırmızıya bükülmüş şəhid tabutları süzülürdü... Beli sınmış qərənfillər axan göz yaşları ilə yollara qanlı cığır salırdı Bakının ən uca zirvəsinə sarı...

Düz 72 il əvvəl, 1918-ci ildə eyni xain aqibətlə üzləşən şəhidlərimizin yerlə-yeksan edilən və ruhları didərgin düşən məzarlığına tərəf...

Qan yaddaşımızın üstündən qara xətt çəkilərək üzərində istirahət parkı və abidə ucaldılan qədim qəbiristanlığa doğru...

Minlərin, milyonların and yerinə, Azərbaycanın azadlıq, müstəqillik simvoluna çevriləcək Şəhidlər Xiyabanına...


Tarix heç nəyi unutmur


Deyirlər, tarix heç nəyi unutmur. Hələ bir neçə gün öncəyə qədər park olan bu məkan yenidən öz əvvəlki taleyinə qovuşmuşdu. Axı, bura elə əzəldən qəbiristanlıq idi...

Bakıdakı Şəhidlər Xiyabanının yerləşdiyi ərazi müxtəlif dövrlər ərzində Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park və Kirov Parkı adını daşıyıb. Sovet hakimiyyəti illərinə qədər bura Çəmbərəkənd qəbiristanlığı olub. Tarixi qaynaqlarda bildirilir ki, ötən əsrin əvvəllərində də bu yerlərdə erməni daşnaklarının və bolşeviklərinin güdazına getmiş soydaşlarımız torpağa tapşırılıb. O cümlədən, qəbiristanlıqda Azərbaycanın görkəmli şəxslərindən Əlirza Rasizadə, Səməd bəy Mehmandarov, Cəlil Məmmədquluzadə, Midhət Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Ağa Musa Nağıyev, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev və digərləri dəfn edilmişdi. Cümhuriyyət dövründə Bakının baş memarı vəzifəsində çalışan Zivər bəy Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət Sentrokaspi Diktaturasından azad olunması zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında ucaldılacaq abidə kompleksinin layihəsini hazırlamışdı. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunmuşdu.

1934-cü ildə Sergey Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün qəbiristanlıq yerlə-yeksan edilib və Çəmbərəkənd qəbiristanlığının yerində istirahət parkı salınaraq Kirovun abidəsi ucaldılıb. İmkanı olanlar öz əzizlərinin qəbrini bu ərazidən başqa yerə köçürə biliblər, digər məzarlar isə torpağa qarışaraq itib.

Məlumatlarda göstərilir ki, Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiklərindən tikintidə baş daşlarından da istifadə edilib...


Xalq öz taleyinə sahib çıxdı


1990-cı ilin 20 yanvarında gecə baş verən sovet zülmünə qarşı "Bu qan yerdə qalmaz” səsləndirən qəzəbli insan izdihamı "Azadlıq” meydanına axışdı. Onlar azadlıq uğrunda şəhid olan vətən övladlarının cənazələrinin Bakının ən hündür nöqtəsində torpağa tapşırılmasını istəyirdilər...

Qanlı 20 Yanvar faciəsinin şəhidlərinin dəfnini təşkil edən ictimai komissiyanın sədri olan professor Qüdrət Əbdülsəlimzadə sonradan müsahibələrində bildirirdi ki, həmin mitinqdə ölkənin tanınmış ziyalıları, ictimai xadimləri də iştirak edirdi. Bir nömrəli müzakirə mövzusu şəhidlərin dəfni ilə bağlı idi. Müzakirələrin gedişi zamanı əvvəlcə 7, sonra isə işin həcmi, əhatəliliyi nəzərə alınaraq, 11 nəfərlik komissiyanın yaradılması qərara alındı. Bütün bu təşəbbüsləri, təklifləri də xalqın özü verirdi. Bununla bağlı rəsmi heç bir göstəriş olmamışdı: "Ümumiyyətlə, deyə bilərəm ki, 20 Yanvar şəhidlərinin dəfn və ziyarətlərinin təşkilatçısı, nəzarətçisi xalqın özü olmuşdur. Xalq, sözün əsl mənasında, həmin günlərdə öz taleyinə sahib çıxdı”.

Q.Əbdülsəlimzadə məlumat verir ki, o zaman rəsmi hakimiyyət bu hadisələri ört-basdır etməyə çalışırdı. Faciənin miqyasını maksimum azaltmağa səy göstərirdilər. İlk vaxtlarda onlar ümumiyyətlə, şəhidlərin bir yerdə basdırılmasına qarşı çıxırdılar. Hətta şayiələr buraxırdılar ki, Şəhidlər Xiyabanı onsuz da gec-tez dağıdılacaq, ona görə də orada dəfn üçün razılaşmağa dəyməz: "Respublika rəhbərliyi anlayırdı ki, şəhidlərin bir yerdə dəfn olunması artıq xalqın nəzərində yeni və çox qüvvətli bir simvolun, and yerinin yaradılması deməkdir. Bu, eyni zamanda sovet rejiminin xalqa qarşı vəhşiliyini sübut edən əsaslı bir fakt - abidənin yaradılışı idi”.

Həmin vaxt məzarlıq üçün bir neçə yer müzakirə olunurdu. Əsasən üç variant üstündə düşünülürdü. Birinci variant indiki Sahil bağı (26-lar bağı), ikinci variant Bakı mehmanxanasının qarşısındakı İliç bağı idi. Ümumi rəy isə şəhidlərin şəhərin görkəmli yerində dəfn olunmaları ilə bağlı idi. Buna görə də üçüncü variant daha münasib sayıldı. Qərara gəlindi ki, Şəhidlər Xiyabanı kimi 1918-ci il şəhidlərinin dəfn olunduğu yer - Dağüstü Park seçilsin. Bu, həm də tarixi yaddaşın təzələnməsi oldu.


Şəhidləri dağüstü parkda dəfn etmək lazımdır...


Dəfn komissiyasının üzvü, BDU-nun müəllimi Azər Nəbiyev o günlərdə şahid olduğu hadisələrlə bağlı məlumat verir ki, 1990-cı il yanvarın 20-də, dan yeri söküləndə MK-nın qarşısında başlayan matəm mitinqinə gəlir: "Adamlar şok vəziyyətində idilər. Elə mən özüm də nə edəcəyimi kəsdirə bilmirdim. Hamı bir-birinin üzünə baxır, bir-birilərinə sual verirdi: "Niyə belə oldu? İndi nə edək, neyləyək, kimə müraciət edək?” MK-nın qarşısına toplaşanların hamısı gecəki müsibətdən, şəhid olmuş adamlardan danışırdı. Bu zaman bir nəfər dilləndi: şəhidləri Dağüstü Parkda dəfn etmək lazımdır. Bu arxitektor Nəriman Əliyev idi.”

Amma dəfn yeri üçün rəsmi orqanlardan icazə almaq lazım idi... Bu məsuliyyətli iş A.Nəbiyevə həvalə olunur. O zaman Dağüstü Park "26-lar” rayonunun (Səbayel rayonu nəzərdə tutulur) ərazisinə aid idi və rayon partiya komitəsinin birinci katibi Vəli Məmmədov olub. V.Məmmədov müraciətə müsbət yanaşsa da, bildirib ki, hərbi vəziyyət olduğundan gecədən bütün seyflər möhürlənib, lazım olan blankların heç biri əl altında deyil. Uzun axtarışdan sonra təsadüfən bir blank tapılıb. V.Məmmədov nə Mərkəzi Komitə, nə də hərbi komendantla razılaşdırmadan o blanka həmin ərazidə dəfnin təşkili üçün qərar yazıb imza atır...

Beləliklə, qısa müddətdə aşağıdakı heyətdən ibarət komissiya üzvləri təşkil olunur: Qüdrət Əbdülsəlimzadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov, Rəhim Qasımov, İbrahim Əliyev, Nəriman Əliyev, İsmayıl İncəli, Malik Mehdiyev, Xalid Muxtarov. Sonradan təklif olunur ki, Şeyxülislam Allahşükür Paşazadə də komissiyaya daxil edilsin.


Yanvarın 22-si saat 12-00-da...


Komissiya sədri Q.Əbdülsəlimzadə söyləyir ki, yanvarın 20-də saat 11-12 radələrində 120-130 nəfərlik dəstə Dağüstü Parka gəlir: "Camaat külünglə, bellə başladılar məzarları qazmağa. Təxminən 100 nəfərin məzarını qazmağı nəzərdə tuturduq. İşin gedişində təklif olundu ki, texnika işə cəlb edilsin. Mərasim iştirakçıları texnika ilə qəbirlərin qazılmasına razı olmadılar. Köməyə yeni insan axını gəldi. İnsanlar iş prosesində bir-birilərini əvəz etdilər. Yanvarın 20-də məzarları qazıb hazırlaya bilmədik. Axşam saat 18-də fövqəladə vəziyyəti həyata keçirən hərb

çilər xiyabana gəldilər. Camaat gecə işləmək istəyirdi. Hərbçilər dedilər ki, axşam saat 8.00-dan sonra burada heç kəs qala bilməz. Başqa cür hərəkət edə bilməzdik. Xiyabanı tərk etməli olduq. Yanvarın 21-də yenidən xiyabanda məzarların qazılmasını davam etdirdik. Həmin gün qaranlıq düşənə kimi işlədik. 120-dən artıq qəbir qazıb hazırladıq”.

Elə həmin gün, yəni yanvarın 21-də Azərbaycan Respublikasının Ali Sovetinin gərgin iclası keçir. İclasda Dəfn Komissiyasının üzvləri də çıxış edirlər. Yanvarın 22-si səhər saat 6.00-a qədər müzakirələr aparılır. Nəhayət, saat 12.00-da şəhidlərin cənazələri insanların çiyinlərində Azadlıq meydanından izdihamla paytaxtın küçələrindən keçməklə indiki Şəhidlər Xiyabanına gətirilir. Dəfn mərasimi 5 saat çəkir. Yanvarın 22-də 51 nəfər dəfn olunur. Bunların arasında 1918-ci il mart qırğınları zamanı şəhid olan 3 nəfərin cəsədinin qalıqları da çıxarılaraq yenidən adət-ənənəyə uyğun dəfn edilir.

Dəfn komissiyası düz 42 gün - yanvarın 20-dən martın 2-dək Şəhidlər Xiyabanında fəaliyyət göstərir. Bu müddət ərzində bütün Azərbaycan xalqı axın-axın şəhidləri ziyarət edir, onlara ehtiramını bildirir...


Əbədi məşəl


5 avqust 1998-ci ildə Ulu Öndər Heydər Əliyev Şəhidlər Xiyabanında "Əbədi məşəl” abidə kompleksinin ucaldılması haqqında sərəncam verib. Kompleksin tikilməsinə aid keçirilən müsabiqədə memar Elbay Qasımzadənin rəhbərlik etdiyi layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. 9 oktyabr 1998-ci ildə açılışı olan bu abidə 8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir. Sərdabənin divarlarını zərif şəbəkə bəzəyir. Gecə səmasında parlayan qızılı rəngli günbəz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin ruhunu təcəssüm etdirir.

2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən "Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilib.

Bura vətən fədailərinin əbədi uyuduğu məkandır... Bura Azərbaycanın qürur, vətənə sədaqət simvoludur. Bura milyonların ziyarətgahı Şəhidlər Xiyabanıdır...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video