19 Yanvar 2020 00:49
793
SİYASƏT
A- A+

Otuz yaşlıların 30 illik dərdi: üç gündən sonra toyu olacaqdı...


Hələ də qayıdacağı gözlənilən şəhid Sadıqov Yusif Allahverdi oğlunun "sağ qolunun faciəsi”, yaxud "qara nağılı”


Şəhidlərimizin 30 ildir ki, uyuduğu xiyabanda yan-yanaşı sıralanan məzarların üstünü ilboyu örtən qərənfillər də onlara ağı deyir sanki. Hələ onu demirik ki, bu məzarda dəfn edilən "sağ qolun sahibi”ni gəlib-gedənlərdən soraqlayanların qıpqırmızı gözləri 30 ildir dikilir ziyarətçilərin üzünə.

"Sağ qolun faciəsi”ni yazan qələmi necə tutum, bilmirəm. Bircə onu bilirəm ki, bu dərdi qələm yaza bilməzdi! Bu faciəni ancaq ürəyin qanı, gözlərin yaşı ilə yazmaq mümkündü.

Atası Allahverdi 50 il müəllimlik edib. "SSRİ Xalq maarifi əlaçısı” olan atanın dilə gətirə bilmədiyi dəhşətlər yalnız oğlunun sağ qolunun faciəsi deyil. Həm də ermənilər bu ailəni 1988-ci ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndindən didərgin salıb. Bakıya pənah gətirəndən fikir-xəyalı doğma həyət-bacada, ikimərtəbəli daş evində, bağ-bağatında qalan atanın yatsa, fikrinə də gəlməzdi ki, unuda bilmədiyi yurd yerlərinin dərd-sərinin üstünə daha dəhşətlisi gələcək. Bunu da erməni şovinistləri onun başına açmışdı.

Tanıyaq şəhidimizi, qəhrəmanımızı... Sadıqov Yusif Allahverdi oğlunun dünyaya gəldiyi müəllimlər ailəsində dörd uşaq olub: üç oğlan, bir qız. Böyük qardaş Misirəddinin 30 il bundan öncə 35 yaşı olub. ADU-nun (indiki BDU) fizika-riyaziyyat fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, 30 il öncə iki uşaq atası olub. Qardaşı Xalıqverdi ondan üç yaş kiçikdir. O da BDU-nun məzunu olub, həm də eyni ixtisas üzrə. 30 il öncə evsizlik dərdindən ailə qura bilməyib.

Bacısı Sayalının isə o zaman 30 yaşı olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirib və filologiya üzrə fəlsəfə doktoru olub.

Bu məlumatlar ailənin 30 il öncəki vəziyyətindən kiçik epizoddur. 30 il bundan əvvəl Yusif bu evdən birdəfəlik gedəndən sonra ailənin pərgarı pozulub. Çünki evin işığını, od-ocağını da özü ilə aparıb bu "insafsız” bala. Dərd-bəlasını qoyub gedib, bir də sağ qolunun faciəsini...

...Atası Allahverdi Sadıqov dərdini dilə gətirəndə yüz dəfə ölüb-dirilib. 1964-cü ildə anadan olan Yusif Sadıqov orta məktəbi "Qızıl medal”la bitirib. 1981-ci ilə ADU-nun (indiki BDU) fizika-riyaziyyat fakültəsinə qəbul olub. Universiteti 1986-cı ildə fərqlənmə diplomu ilə başa vurub. Bir il İsmayıllı rayonunda müəllim işləyib. 1988-ci ildə aspiranturaya daxil olub, iki il də burada əla oxuyub, namizədlik dissertasiyası yazıb, müdafiə etmək məqamında sağ qolunu bədənindən ayırıblar! Buna ata-ana, qardaş-bacı dözər, qohum-əqrəba tablaşarmı?!

Bu "qara nağıl”, Şəhidlər Xiyabanında 9-cu qəbirdə dəfn edilmiş, hələ də yiyəsinin gəlib çıxacağını gözləyən Sadıqov Yusif Allahverdi oğlunun sağ qoluna yazılanlardandır...

Atasının dediklərindən məlum olur ki, o müdhiş gecə, axşam saatlarında "Salyanski kazarma”nın qarşısında olub Yusif: "Axşam evə gəlib nişanlısıgilə zəng etdi ki, ayın 23-də atamgil sizə gələcək. Yəni evdə olsunlar. Sonra oturub çörək yedi. Saat 12-yə 15 dəqiqə qalmış soyunub yatdı. Hiss eləyirdim ki, havadan ölüm qoxusu gəlir. Arada dedim ki, ay Yusif, burda nəsə var, nəsə eləyəcəklər. Qayıtdı ki, xeyr, heç nə etməzlər. Vəssalam, beləcə uzanıb yatdıq. Anası gecə saat birin yarısı məni oyatdı ki, Yusif yoxdur, atışma səsinə çıxıb gedib. Gördüm ki, hamı küçədədir. Yusifi soruşdum. Dedilər ki, hə, getdi. O gecə gəlmədi. Səhərisi gün hər yeri axtardıq tapmadıq. Fevralın 4-də Semaşkonun morquna getdim. Paltarlarının nişanəsini gördüm...”

Yusifin anası özünü saxlaya bilmir, Allahverdi müəllimin yaddaşını təzələyir: "...Sən gətirib sağ qolun kəsik paltarlarını atdın ortaya. Mən baxıb tanıdım. Beş kəsik paltar qolu vardı. Boynu qara dərili paltonun qolunu tanıdım. Özüm almışdım "Gənclik” univermağından...”

Qara Yanvardan yazan qəzetlərin qara sətirlərindən oxuyuruq: "...Salyan kazarması”nın yolun bəri qırağında bir oğlan qolu tapılıb”. "Meyitlərlə birlikdə Semaşko ölüxanasına bir kişi qolu gətirib veriblər”. "Sağ qolu kəfənləyib Şəhidlər Xiyabanında basdırıblar”. "Bir kişinin sağ qolu tapılıb, gətirib ölüxanada qolu kəsik bir meyitin yanına qoyublar. Görüblər ki, yox, düz gəlmir. O meyitin sol qolu yoxdur, bu isə sağ qoldur...”

Başqa bir məlumatda isə göstərilir ki, Salyan kazarmasının yaxınlığında qurulan "barrikada”nı dağıtmaq üçün tank birbaşa vəhşicəsinə oradakıların üstünə hücum edib. Asfalt yolda qan su yerinə axsa da, bir ədəd sağ qoldan başqa heç nə tapılmayıb. O gündən sonra anası Kəhriz xalanı Şəhidlər Xiyabanından aralamaq mümkün olmayıb. Şəhid anaları balasına, o isə itirdiyi oğlunun dəfn edilmiş sağ qoluna ağı deyib...

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video