19 Yanvar 2020 00:40
574
SİYASƏT
A- A+

Qanlı Yanvarın 30 yaşlı acısı


1990-cı ilin 20 Yanvarı xalqımızın tarixinin şanlı səhifəsidir. Yaxşı gündə də, çətin gündə də ilk xatırlanan Qanlı Yanvar şəhidlərimiz olur. Üstündən 30 il keçməsinə baxmayaraq yenə də həmin anlar olduğu kimi xatırlanır. Çünki həmin gündən hamıya vətəndaş, qeyrət, ləyaqət payı düşür.

Qanlı Yanvar gecəsi rayonlara xəbər veriləndə ki onlarla insan şəhid olub, hərə öz çevrəsini araşdırmağa başladı. O zaman heç kəs bilmirdi ki, onlar şəhid verməmişdilər, şəhidliyi qazanmışdılar.

20 Yanvar şəhidlərinin dördü qubalıdır. Raqib Məmməd oğlu Hüseynovu Qubada hamı tanıyırdı. Səkkiz övlad böyütmüşdü. Mehriban, qəlbi təmiz, hamı ilə ünsiyyət qura bilən idi. Həmin gün Bakıya yenicə gəlmişdi. Taksi maşınında getdiyi yerdə güllə yağışına tuş gəldi, dünyasını dəyişdi.

Əsgəri xidməti Əfqanıstanda keçirmişdi Elçin Suyəddin oğlu Qeybullayev. 1968-ci il təvəllüdlü Elçin orta məktəbdən sonra Xaçmaz Texniki Peşə Məktəbini bitirmişdi. Ürəyi daim Quba ilə çırpınan Elçin Bakıdakı 20 nömrəli ixtisaslaşdırılmış tikinti idarəsində işləyirdi. Kadrlar idarəsi ondan ev növbəsinə duracağını soruşanda "yox” demişdi. "Kim istəyir qoy növbəyə də dursun. Mən bir-iki ilə çıxıb gedəcəm Qubaya. Mən Qubada - cənnətdə yaşamaq istəyirəm”.

20 Yanvar gecəsi təmirlə məşğul olduqları 2 nömrəli tibb məktəbindən qayıdırdı. İki nəfər idilər. Yolda əllərində silah olan əsgərlərlə rastlaşırlar. Elçin onlara səslənir ki, mən də döyüşmüşəm. Lakin buna məhəl qoymayan əsgərlər onlara tərəf atəş açır. Güllələrdən biri onu haqlayır. Onu səki kənarında, başını müqəddəs saydığı torpağa qoyub gözlərini yummuş halda tapdılar.

Əfqanıstanın od-alovunun içindən qurtulan Elçin özününkülərin (əsgərlərin) gülləsindən qurtula bilmədi.

Mirzə Rzabala oğlu Qəniyevin soy-kökü Yerfidəndi. Ailələri Bakıda Yasamal rayonunda yaşayırdı. 1958-ci ildə anadan olmuşdu. Su idarəsində çilingər işləyirdi.

Evləri Salyan kazarmasının yanında idi. Gec evlənmişdi. Həyat yoldaşı Qubanın Çiçi kəndindən idi. İlk və yeganə övladı Şövqiyyə 4 ay idi ki, dünyaya gəlmişdi. Həmin gecə işdən evə qayıdırdı. Gülüşündən doymadığı Şövqiyyəsini əzizləməyə tələsirdi. Atəş səsini eşidib bir taksiyə əyləşib. Evlərinə yaxınlaşanda maşını vurublar. İçəridə olanların hamısını çıxarıb döyüb, sonra gülləyə tutublar.

Mirzənin yaraları ölümcül olsa da, düz bir ay Əzrailə can vermədi. Yaşamaq istəyirdi. İş yeri ilə evlərinin arası 5 dəqiqəlik yol idi. Fəqət, bu qısa yol Mirzəni evə deyil, müqəddəs şəhidlik zirvəsinə apardı.

Müzəffər Qəzənfər oğlu Həsənov da 1939-cu ildə Yerfi kəndində doğulmuşdu. 4 uşaq atası idi Müzəffər kişi. Bir müddət əvvəl Bakıya köçmüşdü. Sürücü işləyirdi.

Ölümündə qəribəlikləri varmış. Müzəffər iki dəfə ölüb, iki dəfə də dəfn edilib. Qanlı Yanvar gecəsi oğlu Zahidi evdə tapmayıb sorağına Salyan kazarmasının qarşısına çıxıb (Əslində, Zahid qonşuda olub).

Bir qədər sonra evə qayıdan Zahid atasının onu axtarmağa getdiyini eşidən kimi bayıra çıxıb. Bütün gecəni atasını axtaran Zahid səhərə yaxın kolların dibində onun pencəyini tapır. Pencəyin qoltuq cibində atasının pasportunu görən Zahid ətrafı axtarır. Kişinin meyiti tapılmır ki, tapılmır. Pencək tapılan yerdən bir qədər aralıda bir meyit görürlər. Görürlər ki, həmin meyitin qol-qıçı əzilib, tanınmaz hala salınıb. Təsəlli üçün onu yığıb aparırlar məscidə. Sonra onu atası bilən Zahid meyiti aparıb Şəhidlər Xiyabanında dəfn edir. Üstünə atasının ad-familiyasını yazıb vururlar. Yanvarın 22-də oğul atasına üç mərasimi də keçirir.

Ancaq səhəri gün Müzəffərin sağ olduğu xəbəri yayılır. Hamı xəstəxanaya axışır. Görürlər ki, Müzəffər doğrudan da sağdır. Üz-gözündə həyat əlamətləri az olan Müzəffər bircə bunları deyə bilib:

- Məni tankla sıxdılar divara, üç-dörd əsgər əllərindəki "dubinka” ilə başıma vurmağa başladı. Sonra bir zabit məni onların əlindən güclə alıb xəstəxanaya göndərdi. Zabitin saçları qara idi. Danışığından ukraynalıya oxşayırdı.

Bundan sonra Müzəffər kişi bir həftə yaşadı. Yanvarın 29-da onu Şəhidlər Xiyabanında dəfn etdilər. Əvvəlki dəfn olunan qəbrin üstündəki lövhə dəyişdirildi.

Müzəffərin adıyla dəfn olunanın kimliyi 30 il keçsə də bəlli deyil. Müzəffər Həsənov o qədər halal adam idi ki, öləndə də özündən qabaq başqa birisi üçün ehsan da verdi. Naməlum məzar kimindirsə, qoy onun halalı olsun.

Ötən tariximizin yaddaş kitabında 20 Yanvar şəhidləri bir salnamədir. Qubanın bu dörd şəhidi daim hörmətlə yad edilir.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video