18 Yanvar 2020 23:30
645
İQTİSADİYYAT
A- A+

FAO-nun baş direktoru: Azərbaycan EKTİS təcrübəsini digər ölkələrlə bölüşməlidir


Kənd Təsərrüfatı naziri İnam Kərimov FAO-nun baş direktoru Qu Donqyu ilə görüşüb



Almaniyada səfərdə olan Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Qlobal Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forum çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazir Azərbaycanla FAO arasında əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Onun sözlərinə görə, FAO ilə imzalanmış Tərəfdaşlıq Proqramında əksini tapan məsələlər uğurla həyata keçirilir: "Ölkəmizdə aqrar siyasətin prioritet istiqamətlərini ərzaq təhlükəsizliyinin, o cümlədən ölkə əhalisinin keyfiyyətli, sağlam ərzaq məhsulları ilə təmin olunması və kənd yerlərinin inkişafı təşkil edir. Bu hədəflər FAO-nun əsas fəaliyyət istiqamətləri və hədəfləri ilə üst-üstə düşür. FAO ilə uğurlu əməkdaşlıq modelinin qurulması BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına da öz töhfəsini vermiş olur. Biz beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm veririk, bu mənada FAO beynəlxalq sahədə əməkdaşlıq etdiyimiz ən mühüm tərəfdaşımızdır”.

İnam Kərimov hazırda Azərbaycanla FAO-nun əməkdaşlıq çərçivəsində 10-dək birgə layihənin həyata keçirildiyini, bu layihələrin toxumçuluq, heyvandarlıq, fitosanitar xidmətlər, ziyanvericilərə qarşı mübarizə sahələrini əhatə etdiyini vurğulayıb.

Nazir Azərbaycanda aqrar sahədə aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması barədə məlumat verib. O bildirib ki, EKTİS-in tətbiqi ilə kənd təsərrüfatına dövlət dəstəyinin daha şəffaf, ünvanlı və operativ şəkildə çatdırılması təmin ediləcək. Yeni sistemin tətbiqinin əsas üstünlüklərindən biri vaxt itkisinin aradan qalxması və ölkə üzrə aparılmış əkin barədə məlumatların fermerlər üçün əlçatan olmasıdır.

FAO-nun baş direktoru Azərbaycanda EKTİS-in tətbiqi ilə bağlı prosesdən məlumatlı olduğunu bildirib və aqrar xidmətlərin tam elektronlaşmasını ciddi islahat adlandırıb. O qeyd edib ki, Azərbaycan aqrar xidmətləri elektronlaşdırmağa nail olmaqla ciddi uğura imza atıb və öz təcrübəsini digər ölkələrlə bölüşməlidir. FAO-nun dəstəyi ilə "Rəqəmsal Kənd Təsərrüfatının Transformasiyası Seminarı” adlı layihənin həyata keçirildiyini xatırladan Qu Donqyu bildirib ki, aqrar sahədə elektronlaşma kənd təsərrüfatı məhsullarını istehsal və məhsuldarlıq göstəricilərini yüksəltməyə, bazarlara çevik çıxış imkanları əldə etməyə, istismar xərclərini azaltmağa imkan verir. Artıq dünyada bütün sahələrdə yüksək texnologiyaların tətbiqinin genişləndiyini vurğulayan baş direktor qeyd edib ki, kənd təsərrüfatı da bu prosesdən kənarda qalmamalıdır. Bu baxımdan Azərbaycanın aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində atdığı addımları yüksək qiymətləndirən Qu Donqyu əmin olduğunu bildirib ki, prosesin uğurla başa çatdırılması ölkədə aqrar sahənin inkişafına ciddi təkan verəcək.

FAO-nun baş direktoru Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əlaqələrin qurulmasından məmnun olduğunu deyib. Qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanla 1995-ci ildən əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ötən illər ərzində 50-dən çox layihə həyata keçirilib. Qu Donqyu aqrar sahədə dayanıqlı, səmərəli və peşəkar mütəxəssis bazasının formalaşdırılmasına yönəlmiş layihələrin bundan sonra da dəstəklənəcəyini deyib.

Görüşdə Azərbaycanla FAO arasında imzalanmış Tərəfdaşlıq Sazişi çərçivəsində görülən işlər müzakirə olunub, Qlobal Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forum çərçivəsində müzakirə edilən məsələlərin həlli istiqamətində ikitərəfli və çoxtərəfli əməkdaşlıq modellərinin işlənməsi ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video