18 Yanvar 2020 11:52
640
CƏMİYYƏT
A- A+

Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək


2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi. Aparılan bu siyasət ötənilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilməsinə təminat verir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir ötən ilin yekunlarına dair keçirilən müşavirədə dövlətimizin başçısının təşəbbüsü ilə 2019-cu ildə çox geniş sosial paketin əhaliyə təqdim edildiyini, sosial sahədə inqilabi addımların atılmasını, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm uğurlarından olduğunu, sosial ödənişlərdə edilmiş ciddi artımların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini vurğulayıb. O, 2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını, yanvar ayı ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artımın ediləcəyini diqqətə çatdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindənAZƏRTAC-a verilən məlumata görə, müşavirədə bildirilib ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və Agentliyin 1 və 2 saylı Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu innovativ yeniliklər olub və ölkəmizdə dövlət sosial xidmətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edib. 1 saylı DOST mərkəzi 65 minədək vətəndaşa xidmət edib, məmnunluq səviyyəsi 95,2 faiz olub. "Könüllü DOST” proqramına 6 min 900 müraciət edilib, 250 könüllü işə cəlb edilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi tanınır. Təsadüfi deyil ki, 2 saylı DOST mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev DOST xidmətinin fəaliyyətinin başqa ölkələrdə maraq doğuracağına və təcrübə mübadiləsi üçün müraciətlər daxil olacağına əminliyini bildirib.

Nazir bu il Bakıda daha 2 DOST mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlərin aparıldığını deyib.

Qeyd olunub ki, ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə (296 min ailə üzvü) çatıb. Dövlət başçısının tapşırığına uyğun olaraq həmin proqramların 2020-ci ildə də genişləndirilməsi təmin olunacaq. Nazirliyin məşğulluq orqanları tərəfindən 103 min 28 şəxs münasib işlə təmin edilib, 3 min 168 şəxs peşə hazırlığına, 135 minə yaxın vətəndaş peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib. Ötən il 38 min ödənişli ictimai iş yerinin açılmasına imkan verən "İşsizin DOSTu” proqramı, eləcə də həmin proqramın icrası sahəsində şəffaflığın təminatına yönələn işlər bu il də davam edəcək.

Əmək müqavilələrinin sayında 2019-cu ildə 153 min artımın olduğunu qeyd edən S.Babayev artım dinamikasının 2020-ci ildə də davam etməsinin əsas hədəflərdən olduğunu deyib. O, sosial sahədə geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla 21 sosial təminat növünün e-təyinat sisteminin işə salındığını, bu əsasda cari ildə 200 minədək təyinatın e-qaydada aparılacağını diqqətə çatdırıb. 2019-cu ildə nazirliyin daha 13 e-arayış xidmətinin yaradıldığını və bu xidmətlərin sayının 15-ə çatdırıldığını, 2020-ci ildə daha 15 e-arayış xidmətinin istifadəyə veriləcəyini bildirib.

S.Babayev nazirliyin bərpa mərkəzlərində 10 min 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərildiyini, əlilliyi olan şəxslərin 38 min 41 reabilitasiya vasitəsi ilə təmin olunduğunu deyib. O, ötən il Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının, Protez-Ortopedik Bərpa Mərkəzinin, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, Gəncədə Peşə Hazırlığı Mərkəzinin açıldığını, 2020-ci ildə də 10 reabilitasiya və sosial xidmət müəssisəsinin istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımından bəhs edən S.Babayev əsassız pensiya və əlillik təyinatlarının ləğvi, habelə geniş elektronlaşma proqramı nəticəsində büdcə vəsaitlərinə qənaət edilməsi, imtiyazlı şəxslərin mənzil və avtomobillə təminatı və digər sahələrdə əldə edilən müsbət nəticələri qeyd edib. Prezident İlham Əliyevin tapşırığına əsasən bu il daha 1500 mənzilin və fərdi evin müharibə əlilləri və şəhid ailələrinə veriləcəyini diqqətə çatdırıb.

Dövlət başçısının 2019-cu il dekabrın 30-da imzaladığı Fərmanla nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılmasının məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsində müsbət nəticələr verəcəyini bildirib.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Fuad Heydərov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov hesabat məruzələri ilə çıxış ediblər.

2019-cu ilin yekunlarına dair müşavirədə Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr, bu il sosial sahədə aparılacaq islahatlar, habelə dövlət başçısının Fərmanı ilə nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün aparılan işlər müzakirə olunub. Nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib, sosial islahatların bu il də geniş miqyasda davam edəcəyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video