18 Yanvar 2020 01:57
616
SİYASƏT
A- A+

Həyata keçirilən islahatlar daha çox sosial sahəni əhatə edir


Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi "Bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır” bəyanatı keçən il də öz təsdiqini tapdı


Xəbər verildiyi kimi, yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Dövlət başçısı müşavirədə ötən il qazanılan uğurlar və qarşıda duran vəzifələr barədə ətraflı danışmış, eyni zamanda yol verilən nöqsanları tənqid etmiş və onların aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdir.

Ölkə rəhbəri çıxışlarında dəfələrlə vurğulamışdır ki, dövlətin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi, sosial müdafiəsinin təminatı durur. Bu müşavirədə də sözügedən sahədə əldə edilən uğurlar xüsusi vurğulandı. Qeyd edildi ki, ötən il sosial sahədə həyata keçirilən uğurlu islahatlar, qəbul edilən qərarlar tarixi əhəmiyyət daşıyır.

Vurğulandı ki, pensiya sahəsində həyata keçirilən islahatlar sayəsində ötən il ölkədə orta pensiya və yaşa görə pensiyanın məbləği hər biri üzrə 15, ən həssas kateqoriya olan əlilliyə görə pensiya isə 22 faiz artıb, sosial müavinətlər və təqaüdlərlə bağlı islahatlar paketi geniş kütləni əhatə edib. Bu proqramların tətbiqi sayəsində 1,3 milyon insanın sosial rifahı yaxşılaşıb.

Keçən il ünvanlı sosial yardım da geniş şəkildə artırılıb. Ümumilikdə bu proqramın icrası 296 min üzvü olan 72 min ailəni əhatə edib. Hər bir ailəyə ödənilən məbləğ isə 209 manata çatdırılıb.

Dövlət Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və əlil olan vətəndaşların sosial problemlərinin həllini də daim diqqət mərkəzində saxlayır. Ötən il Prezidentin təşəbbüsü ilə hər bir şəhid ailəsinə 11 min manat birdəfəlik ödəniş verilmiş, bununla yanaşı, şəhid ailələrinə və müharibə əlillərinə 934 mənzil təqdim edilmişdir. Eyni zamanda əlil şəxslər avtomobil təyinatı proqramı çərçivəsində 600 avtomobillə təmin olunmuşlar.

Müşavirədə dövlət başçısı bildirdi ki, bu istiqamətdə cari ildə də mühüm layihələr icra ediləcək. Belə ki, ötən il bu kateqoriyadan olan şəxslərə 934 mənzil verilmişdisə, cari ildə 1500 mənzilin verilməsi proqnozlaşdırılır. Beləliklə, növbədə 2000 ailə qalacaq ki, onlar da tezliklə mənzillə təmin olunacaqlar.

Həyata keçirilən uğurlu sosial siyasətin bir təzahürü də işləyənlərin minimum əməkhaqqının artırılmasıdır. 2019-cu ildə minimum əməkhaqqının iki dəfə artırılması dövlət sektorunda çalışan, müxtəlif kateqoriyalarda işləyən insanların maaşlarının ciddi şəkildə - 20-100 faiz civarında artmasına səbəb olmuşdur. Bunun sayəsində Azərbaycan minimum əməkhaqqına görə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerdə qərarlaşmışdır. Ötən il əhalinin gəlirləri də kifayət qədər çox - 42 faiz artmışdır.

Müşavirədə dövlət başçısı bunu da xüsusi vurğuladı ki, insanların əmək müqaviləsi ilə işləməsinin şəffaflaşdırılması və bu sahəyə nəzarətin gücləndirilməsi son dərəcə vacib məsələdir. Təsadüfi deyil ki, Prezident bu barədə aidiyyəti qurumlara lazımi tədbirlərin görülməsi barədə dəfələrlə tapşırıqlar vermişdir. Prezident İlham Əliyev müşavirədə bu barədə demişdir: "Bu, qeyri-formal məşğulluqla bağlı mübarizə nəticəsində baş verdi. Yəni bu əmək müqavilələri sadəcə olaraq rəsmiləşdirildi. Bu, birincisi onu göstərir ki, biz düzgün yoldayıq və aparılan siyasət nəticə verir, amma eyni zamanda hələ ki kölgə iqtisadiyyatında minlərlə, on minlərlə insan işləyir. Ona görə kölgə iqtisadiyyatından çıxmaqla bağlı bütün qurumlar fəal işləməlidir və burada çox ciddi koordinasiya aparılmalıdır. Mən Nazirlər Kabinetinə tapşırıq verirəm ki, bu məsələ ilə bağlı ayrıca müşavirə keçirsin və aidiyyəti qurumlar öz təkliflərini versinlər. Qurumlar arasında da çox ciddi koordinasiya işləri aparılmalıdır. 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi çox böyük hadisədir. Əlbəttə ki, həm şəffaflığa xidmət göstərir, eyni zamanda pensiya təminatı üçün də bunun çox böyük əhəmiyyəti var”.

Əhalinin sosial müdafiəsinin təminatının ən təsirli vasitələrindən biri də məşğulluqdur. Bu baxımdan özünüməşğulluq proqramı çərçivəsində vətəndaşların işlə təminatına xüsusi diqqətin verilməsi təsadüfi deyil. Təkcə keçən il bu proqramdan 10,3 mindən çox vətəndaş yararlanmışdır. Onlar müvafiq təlimləri başa vuraraq şəxsi bizneslərini qurmuşlar.

Müşavirədə sözügedən məsələ ilə bağlı bir fakt da səsləndi ki, aparılan danışıqlar nəticəsində BMT-nin İnkişaf Proqramının və Heydər Əliyev Fondunun bu proqrama qoşulması əlavə 500 nəfərin aktivliyini təmin edəcək. Dünya Bankı ilə aparılan danışıqlar da başa çatmaq üzrədir. Kredit sazişi üzrə danışıqlar yekunlaşdıqdan sonra onun iyun ayına qədər imzalanması gözlənilir.

Prezidentin sərəncamı ilə yaradılan DOST Agentliyinin fəaliyyətə başlaması da məşğulluğun təmin edilməsinə öz töhfəsini verir. Belə ki, DOST iş mərkəzləri tərəfindən 38 min yeni iş yeri yaradılmış, 45 mindən çox ölkə vətəndaşının müvəqqəti məşğulluğu təmin edilmişdir. Bundan əlavə, dövlət müəssisələri tərəfindən 28 min iş yeri yaradılmışdır. Həmin proqramın cari ildə də davam etdirilməsi və daha çox iş yerlərinin yaradılması istiqamətində müvafiq tədbirlər görülür.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video