18 Yanvar 2020 01:53
1432
CƏMİYYƏT
A- A+

Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə hazırdır


Xalqımız bu il də qanlı 20 Yanvar faciəsini böyük ehtiram və qürur hissi ilə qeyd edir. Bu münasibətlə respublikamızın müqəddəs ziyarətgahında hazırlıq və son səliqə-sahman işləri başa çatıb. Bu müqəddəs məkanda 158 nəfər 20 Yanvar şəhidi uyuyur, onlardan dörd nəfəri naməlum şəxsdir. Burada həmçinin 256 nəfər Qarabağ müharibəsi və 38 nəfər daxili qoşunların şəhidi dəfn olunub. Xiyabanda 1992-ci il yanvarın 25-26-da baş verən Daşaltı əməliyyatındakı 70 şəhidin adına da abidə ucaldılıb.

Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanında əbədiyyət yuxusuna getmiş Vətən övladları İlahi zirvəni fəth ediblər. Bu səbəbdən də Şəhidlər xiyabanı xalqımızın müqəddəs yerlərindən sayılır. 20 Yanvar şəhidləri ilə bərabər burada uyuyan bütün şəhidlər böyük ehtiramla anılır. Çünki bu müqəddəs ziyarətgah xalqımızın həm hüzn, həm də qürur yeridir.

Öz rəngarəng görünüşü ilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı ziyarətçilərini qəbul etməyə hazırdır.

Faciədən 30 il keçməsinə baxmayaraq, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün insanlar bu günlərdə də xiyabana üz tutur. Yanvarın 20-də böyük bir izdihama qoynunu açacaq bu müqəddəs məkan al-qırmızı rəngə boyanıb.

On gündən çoxdur ki, xiyabanda müxtəlif hazırlıq işləri görülür. Abadlıq, səliqə-sahman işləri ilə tanış olmaq üçün biz də Şəhidlər xiyabanına gəldik.

Tədbirlər planına uyğun olaraq, şəhidlərimizin əziz xatirəsinin dərin hüznlə yad edilməsi, 20 Yanvar faciəsinin 30-cu ildönümünün layiqincə keçirilməsi məqsədilə işlər tam yekunlaşıb.

Şəhidlər xiyabanında xüsusi hazırlanmış layihə əsasında bədii-estetik cəhətdən 20 Yanvar tematikasına uyğun dizayn-tərtibat işləri aparılıb, ərazidə cari təmir, abadlıq və təmizlik işləri görülüb, yaşıllıqlar qaydaya salınıb. Bakı Şəhər İcra Hakimiyyətinin ərazidə olan nümayəndəsi bildirdi ki, xiyabandakı bütün elektrik avadanlıqları, eləcə də naqillər yoxlanılıb və digər lazımi tədbirlər görülüb.

Hər il olduğu kimi, bu il də xiyabanın girişində xüsusi zövqlə qərənfillərdən hazırlanmış xalça göz oxşayır. Divarlara və səkilərə bərkidilən təbii qərənfillər də xüsusi düzülüşü ilə seçilir. Əraziyə cəlb olunan mənzil-kommunal təsərrüfatı birliyinin işçiləri və mütəxəssislər böyük həvəslə öz işlərini görürdülər. Xiyabanın ərazisində təmizlik və abadlıq işləri ilə məşğul olan Çərkəz Rzayev bildirdi ki, gördüyü işdən zövq alır və əməyinin qarşılığında heç bir maddiyyat güdmür. Onun fikrincə, şəhidlərə ehtiram nümunəsi göstərməkdən gözəl bir iş yoxdur və nə qədər çalışsalar da, qəhrəmanlarımızın borcundan çıxa bilməzlər. Çünki onların sayəsində bu gün müstəqil Azərbaycanda sakit həyat hökm sürür.

Yanvarın 14-dən Bakı şəhər ictimaiyyəti nümayəndələrinin, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların, orta və ali təhsil ocaqlarının şagird və tələbələrinin Şəhidlər xiyabanına ziyarəti başlayıb. Biz orada olanda Bakı şəhər orta məktəblərindən gələn şagirdlər "Müasir Azərbaycan tarixi” fənnindən 20 Yanvar faciəsi ilə əlaqədar dərslərini elə Şəhidlər xiyabanında keçirdilər.

Ziyarətçilər arasında diqqətimizi çəkən əli qərənfilli bir qrup ortayaşlı qadınlarla da tanış olduq: Yeganə Rəhimova, Kifayət Məhərrəmova, İradə Əsgərova, Sevər Rüstəmova, Sima İsrafilova və Şəfiqə Həsənova... Kifayət Məhərrəmova bildirdi ki, bakılıyam, tibb işçisiyəm, uzun müddətdir ailəmlə Türkiyədə yaşayıram. Hər il 20 Yanvar - hüzn günündə iştirak etmək üçün İstanbuldan Bakıya gəlirəm. Bir neçə saat əvvəl yaxınlarım məni beynəlxalq hava limanında qarşıladılar, elə oradan da birbaşa buraya gəlmişik. Yanvarın 20-si günü də daxil olmaqla hər gün rəfiqələrimlə buraya ziyarətə gələcəyəm. Allah-Təala bütün şəhidlərimizin ruhunu behiştlik etsin, cəmi şəhidlərin ailələrinə və xalqımıza səbir diləyirəm.

Matəm günü Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən yanvarın 20-də ziyarətə gələnlərin hərəkət marşrutunun müəyyənləşdirilməsi, ictimai asayişin qorunması, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən isə xiyabanda təcili tibbi yardım xidmətinin təşkili həyata keçiriləcək.

Mərasim günü xiyabanda matəm musiqisi səslənəcək, digər təşkilati işlər görüləcək. Yanvarın 20-də saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, faciənin ildönümü ilə bağlı hüzn əlaməti olaraq dövlət bayraqları endiriləcək. Bu an bütün dünya azərbaycanlıları və tərəqqipərvər bəşəriyyət xalqımızla həmrəy olacaq. Hamımızın ürəyindən bu hisslər keçəcək - Vətən sağ olsun!

Rəhman SALMANLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video