18 Yanvar 2020 01:53
504
CƏMİYYƏT
A- A+

20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb


20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə əvvəlcə 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar faciəsindən artıq 30 il ötdüyünü bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini A.Kərimov bildirib ki, 20 Yanvar günü Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bir gün kimi hər il yad edilir. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirib. Nəticədə 147 nəfər amansızcasına qətlə yetirilib, 744 nəfər yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

A.Kərimov qeyd edib ki, faciədən bir gün sonra, 1990-cı il yanvarın 21-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində sovet rəhbərliyinin bu dəhşətli cinayətini kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılması tələbini irəli sürən bəyanatla çıxış etməsi faciəyə verilən ilk siyasi qiymət olub. Ulu Öndərin təşəbbüs və tapşırığı ilə 1994-cü il martın 29-da qəbul edilən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərarla 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Nazir müavini diqqətə çatdırıb ki, 20 Yanvar gününün Ümumxalq hüzn günü kimi elan olunması, "20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin sosial siyasəti həmin kateqoriyadan olanların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. İndiyədək nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələri sırasında 20 Yanvar əlilləri və şəhid ailələrinin mənzillə, 20 Yanvar əlillərinin minik avtomobilləri ilə təminatı da həyata keçirilib.

Qeyd olunub ki, 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri Prezidentin təqaüdü ilə, 20 Yanvar əlilləri əlilliyə görə müavinət və ya pensiya ilə təmin edilirlər. 2019-cu ildə təqdim edilən iki sosial paket çərçivəsində onların müavinət və təqaüdləri də orta hesabla 100 faiz artırılıb, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Müvafiq Tədbirlər Planına uyğun olaraq, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə (103-ü şəhid ailəsi üzvü və 287-si 20 Yanvar əlili olmaqla 390 nəfərə) birdəfəlik maddi yardım ayrılıb.

Tədbirdə çıxış edən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə və 20 Yanvar faciəsinin şahidlərindən biri Mübariz İsmayılov 1990-cı ilin 20 Yanvar hadisələrini xatırlayaraq həmin gecə baş verən qırğın və xalqımıza qarşı törədilən qəddarlıqdan danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video