17 Yanvar 2020 11:34
519
SİYASƏT
A- A+

ADA Universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib


Yanvarın 17-də ADA Universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində keçirilən tədbiri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açaraq 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi, şəhidlərin isə ilk qəhrəmanlarımız olduğunu söyləyib. O vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, Azərbaycan xalqı 20 Yanvarı həm kədərlə, həm də qürurla qeyd edir. Qürurla ona görə qeyd edir ki, 20 Yanvar müstəqilliyimizin müəyyənləşdirilməsində çox mühüm rol oynayıb.

Hafiz Paşayev ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı dərc edilən məqalələrdən, kitablardan söz açıb. O deyib ki, Azərbaycanın müstəqillik hərəkatı ilə bağlı həqiqətləri amerikalılara çatdırmaq çox vacib idi. Onlar bu mövzuya çox dərindən yanaşdılar. 1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi və o hadisələr zamanı baş verənlər haqqında çoxlu yalan məlumatlar var idi.

Xarici İşlər naziri Elmar Məmmədyarov deyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı hadisələrdən biridir. Bu faciənin törədilməsinin müxtəlif səbəbləri var idi. Bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı. Guya keçmiş sovet qüvvələri Azərbaycan xalqını qorumağa gəlmişdi. Lakin SSRİ Müdafiə naziri Dmitri Yazov sonradan demişdi ki, onların əsas məqsədi sovet idarəçiliyini qorumaq, qeyri-kommunist, milli qüvvələri cəzalandırmaq idi. Onlar, eyni zamanda, bununla digər sovet ölkələrindəki milli qüvvələrə bir dərs vermək istəyirdilər. İyirmi Yanvar faciəsi Azərbaycanda 70 illik sovet idarəçiliyinin sona çatmasına səbəb oldu.

Nazir Sumqayıt hadisələrinin başvermə səbəblərindən də danışıb. O qeyd edib ki, bu hadisələrin arxasında da müəyyən qüvvələr dayanırdı. Sumqayıt hadisələri zamanı Eduard Qriqoryan şəxsən Sumqayıtda 6 ermənini qətlə yetirmişdi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, 20 Yanvar faciəsi təkcə elə həmin gecə baş verən bir hadisə deyildi. 20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən bir hadisə kimi baxmaq lazımdır. Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə prosesi aparılırdı və bu proses Dağlıq Qarabağda da həyata keçirildi. Bu proseslər məhz ulu öndər Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra həyata keçirildi. İyirmi Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi. Bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi. Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə getməsi və orada mətbuat konfransı keçirməsindən sonra beynəlxalq mediada fərqli mənzərə yarandı. Prezidentin köməkçisi qeyd edib ki, sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq idi. Ancaq bu, mümkün olmadı. Biz müstəqilliyimizi əldə etməyə nail olduq.

Tədbir digər çıxışlarla davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video