13 Yanvar 2020 14:39
616
İQTİSADİYYAT
A- A+

Azərbaycanın İtaliyadakı səfiri İtaliya mətbuatında ölkəmizin iqtisadi potensialından danışıb


Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın "European Affairs” onlayn jurnalında geniş müsahibəsi dərc olunub. Müsahibə yanvarın 14-də Romada keçiriləcək Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası ərəfəsində ölkəmizin iqtisadi potensialı, iki ölkə arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı mövzulara həsr edilib.

AZƏRTAC xəbər verir ki, səfir müsahibəsində Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri, əhalisinin yüksək artım səviyyəsi və güclü iqtisadi potensialı ilə Cənubi Qafqazın ən böyük dövləti olduğunu, ölkəmizin iqtisadi inkişafının əsasını təşkil edən enerji sektoru ilə yanaşı, son illərdə qeyri-neft sektorunun da sürətlə inkişaf etdiyini, ölkəmizdə genişmiqyaslı islahatların aparıldığını, bu müsbət nəticələrin bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının "Doing Business-2019” hesabatında əks olunduğunu bildirib.

Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açan diplomat, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika sektorlarındakı layihələrdən söz açıb, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun ərazisində azad iqtisadi zonanın həm Avropa, həm Asiya bazarlarına xidmət edəcəyini, həm də Avropa ilə Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsi kimi Xəzər regionunda mühüm bir logistika mərkəzi rolunu oynayacağını, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin strateji əhəmiyyətini daha da artıracağını, eyni zamanda, italyan şirkətləri üçün də yeni imkanlar yaradacağını deyib.

Diplomat İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ölkəmizin isə İtaliya üçün əsas xam neft tədarükçüsü olduğunu, TAP təbii qaz boru kəmərinin istismara verilməsindən sonra Azərbaycanın İtaliya üçün enerji təchizatçısı kimi rolunun daha da artacağını deyib. O, habelə ölkəmizin Cənubi Qafqazda İtaliya məhsullarının əsas idxalçısı olduğunu və Azərbaycana İtaliyadan ixracının həcminin bu ölkənin Cənubi Qafqazın digər iki ölkəsi ilə birgə ticarət dövriyyəsinin həcmindən daha çox olduğunu vurğulayıb. Çoxsaylı italyan şirkətlərinin Azərbaycanın enerji, neft-kimya, infrastruktur, ətraf mühit, İKT sektorlarında həyata keçirdiyi layihələrdən söhbət açan səfir iki ölkənin bir-birini tamamlayan iqtisadiyyatlara malik olduqlarını, italyan "know-how” və texnologiyalarının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və şaxələndirilməsi üçün əhəmiyyətli olduğunu, ölkəmizin isə İtaliya üçün vacib enerji təchizatçısı olmaqla yanaşı, son illərdə bir sıra digər məhsullar, o cümlədən əsas fındıq tədarükçülərindən də biri olduğunu, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən də İtaliyaya mühüm sərmayələrin yatırıldığını bildirib.

Müsahibədə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdən söz açan diplomat bu tədbirlərin Azərbaycanda təşkilinin ölkəmizə böyük etimadın göstəricisi olduğunu, ölkəmizin ötən müddət ərzində dialoq üçün vacib bir platformaya çevrildiyini, bütün bunların da Azərbaycanın təkcə vacib siyasi və iqtisadi tərəfdaş kimi deyil, eyni zamanda, turizm istiqaməti kimi tanınmasında mühüm rol oynadığını deyib. O, ölkəmizin turizm potensialı, habelə bu yaxınlarda İtaliyanın aparıcı nəşriyyat evi "Polaris” tərəfindən nəşr olunmuş "Azərbaycan turizm bələdçisi” kitabı barədə məlumat verib. Səfir Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının bir sıra oyunlarına ev sahibliyi edəcəyini, bu oyunların italyan idman və səyahətsevərlərin Azərbaycanı ziyarət etmək üçün maraqlı imkanlardan olacağını bildirib.

Sonda diplomat yanvarın 14-də Romada keçiriləcək Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası barədə danışıb, hər iki ölkənin səlahiyyətli qurumlarının nümayəndələrini bir araya gətirərək bu iclasın iki ölkə arasında iqtisadiyyatla yanaşı, humanitar, mədəniyyət, səhiyyə, elm-təhsil sahələrində əməkdaşlıqda əldə edilmiş nəticələrin müzakirəsi və Azərbaycan-İtaliya strateji tərəfdaşlığını daha da gücləndirmək üçün yeni hədəflərin müəyyənləşdirilməsində mühüm bir platforma olduğunu diqqətə çatdırıb.

Müsahibə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.europeanaffairs.it/blog/2020/01/10/azerbaigian-eutopean-affairs-intervista-s-e-mammad-ahmadzada-ambasciatore-in-italia/

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video