15 Dekabr 2019 00:40
2162
CƏMİYYƏT
A- A+

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu


Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bugünümüzə qədər keçən illər ərzində ölkəmizin böyük inkişaf yolu keçməsi dünya miqyasında qəbul olunan reallıqdır. 28 ildə qüdrətli ölkəyə çevrilən, dünyada öz mövqeyini cəsarətlə bildirən, hüquqi dövlət quran Azərbaycan hər bir vətəndaşın qarantına çevrilmişdir.

Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir. Azərbaycan da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçdiyindən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin edir. Respublikamızın inkişaf tarixinə bir daha nəzər salsaq görərik ki, XX əsrin 70-ci illərindən ölkədə yüksələn sürətlə inkişaf edən sosial, iqtisadi, təhsil və mədəni quruculuq işləri başlamışdı. Dövlət müstəqilliyinin bərpa edilməsindən keçən qısa bir dövrdə vətəndaş cəmiyyəti, hüquqi dövlət və demokratik siyasi quruluşun bərqərar olması üçün bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Mühüm sənədlər qəbul edilmiş, öhdəliklərə imza atılmışdır. Əgər biz tarixi zaman ardıcıllığını özündə daşıyan sistemli inkişafın insan hüquqlarının əhatəli formada təmin olunmasına xidmət etməsini nəzərə alsaq, onda belə qənaətə gələ bilərik ki, müstəqil ölkəmizdə insan hüquqlarının inkişaf tarixi iki mərhələni - 1993-2003 və 2003-cü ildən sonrakı dövrləri əhatə edir. Bu iki mərhələni eyni məzmun və istiqamətdə məhz insan hüquqları üzrə normativ-hüquqi bazanın yaradılması tamamlamışdır.

Müasir dövrün ən çox işlədilən sözlərindən biri də "vətəndaş cəmiyyəti” ifadəsidir. Bu ifadənin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün təsəvvürlər sistemi yaradır. Vətəndaş cəmiyyəti quruculuğundan söhbət gedirsə, demək demokratik dəyərlərin mövcudluğundan danışılır. İnkişaf nəticəsində əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət anlaşılır ki, bu da tərəqqidə daha yüksək pillədir.

Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada əsas yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir.

İnsan hüquqları ideyası öz kökü etibarilə qədimlərə, antik dövrlərə gedib çıxsa da, bu ideyanın müasir fəlsəfi-siyasi əsasları XVII-XVIII əsrlərdə böyük maarifçilik dövründə formalaşmışdır. XVIII-XIX əsrlərdən başlayaraq "vətəndaş cəmiyyəti” anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlanıb. Məlum olduğu kimi, bu cəmiyyətin gerçəkləşməsi üç tarixi mərhələdən keçib: XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və ideoloji zəmini formalaşıb. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edib. Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə isə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrilib. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı və çoxpartiyalı sistem formalaşıb. Azərbaycanda da cəmiyyəti narahat edən problemləri aradan qaldırmaq, ictimai maraqları uzlaşdırmaq, mənəvi tələbatları ödəmək məqsədilə vətəndaşların müxtəlif ictimai birliklər yaratmaq ənənəsi tarixən mövcud olub. Ancaq etiraf edilməlidir ki, tarixin müxtəlif mərhələlərində hələ vətəndaş cəmiyyəti kimi tam formalaşmamış ictimai birliklər müxtəlif siyasi qüvvələrin təsiri altına asanlıqla düşə biliblər. Əksər vətəndaş cəmiyyətlərinin şəxsi maraqlara üstünlük vermələri onları ictimai-siyasi proseslərdən kənar qoymuş, yaxud barələrində xoşagəlməz fikirlər yaratmışdı.

Burada tarixə bir ekskurs etmək yerinə düşər. Bizə elə gəlməsin ki, yerli özünüidarə orqanları - bələdiyyələr XX əsrin sonlarında formalaşmışdı. Bu təcrübə hələ XIX əsrdən, Azərbaycanın çar Rusiyasının tərkibində olduğu illərdən mövcud olmuşdur. Rusiyada təhkimçilik islahatından sonra Cənubi Qafqazı kəndli hərəkatı bürümüşdü. Çar hökuməti vətəndaş cəmiyyəti, hüquqi dövlət yaratmaq naminə yox, öz idarə sistemini tənzimləmək və başlanan hərəkatı yatırmaq xatirinə 1870-ci illərdə obyektiv olaraq Azərbaycanda da bir sıra islahatlar, o cümlədən şəhər islahatı da keçirmişdi. Belə ki, 1870-ci il iyulun 11-də çar şəhərlər haqqında yeni "Əsasnamə”nin layihəsini təsdiq etmişdi. "Əsasnamə”yə görə şəhər dumaları silksiz əvəz olunurdu. Duma üzvləri - bələdiyyə üzvləri isə əmlak senzi əsasında dörd il müddətində seçilirdi. Duma (bələdiyyə) seçkilərində vergi verən əhalinin hamısı iştirak edə bilərdi. Şəhərdə vergiləri verməyən fəhlələr, qulluqçular, ziyalılar bələdiyyə üzvləri seçkilərində iştirak edə bilməzdi. Şəhər özünüidarəsinin başlıca vəzifəsi isə təsərrüfat məsələləri - şəhərin abadlaşdırılması, bazarların tikilməsi, yerli ticarət, maarif, səhiyyəni himayə və s. ilə məhdudlaşdırılırdı. Eyni zamanda, məhdud şəkildə "Şəhər əsasnaməsi” 1874-cü ildə Bakı, Gəncə, Şuşa, Nuxa, Naxçıvan və Ordubad şəhərlərinə şamil edilmişdi. Göründüyü kimi, o dövrdə məcburiyyətdən keçirilməsinə icazə verilən bələdiyyə seçkiləri Azərbaycanın bütün şəhərlərinə aid edilməmiş və qəsdən keçirilməsi gecikdirilmişdir. Bələdiyyə üzvlərinin hüquqlarının məhdudlaşdırılması bir yana, seçkilərdə iştirak silklər üzrə müəyyənləşdirilmiş, əhalinin əsas hissəsi - ziyalılar və şəhərdə yaşayanlar vətəndaş cəmiyyəti və hüquqi dövlətin olmadığından seçkidən kənarda qalmışlar.

Hazırda "vətəndaş cəmiyyəti və hüquqi dövlət”in bərqərar olduğu Azərbay-canda keçirilən seçkilərlə çar Rusiyası dövründə aparılan bələdiyyə seçkilərini müqayisə etməklə görürük ki, ovaxtkı bələdiyyə seçkiləri və onların fəaliyyətləri "vətəndaş cəmiyyəti və hüquqi dövlət”in bərqərar olmadığından asılılıq şəraitində olmuşdur.

Belə müqayisələr obyektiv olaraq göstərir ki, Azərbaycan müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçmişdir. Aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmuş, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılmışdır. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir.

Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda istər-istəməz XX əsrin 90-cı illərinin əvvəlləri yada düşür. Xalqımız ovaxt milli dövlətçiliyini bərpa etsə də, çoxlu mənəvi sarsıntılara məruz qalmış, böhranlı, ağrılı-acılı və faciəli günlər yaşamışdır. Azərbaycanın müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ilin yayında xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizi xaos və hakimiyyətsizlik bəlasından xilas etmiş, içtimai-siyasi sabitliyin təmin edilməsinə nail olmuş, bütün sahələrdə əsaslı islahatların aparılması üçün zəmin hazırlamışdır.

Hüquqi dövlətin Azərbaycan modeli ümumxalq səsverməsi yolu ilə 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyası ilə gerçəkləşmişdir. 5 bölmə, 12 fəsil və 158 maddəni özündə birləşdirən Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarına üstünlük verən ən demokratik konstitusiyalardan biridir. Bu ali qanunun bütöv bir fəslinin və 60-a yaxın maddəsinin məhz insan hüquq və azadlıqları ilə bilavasitə bağlılığı dövlətimizin hüquqi və demokratik prinsipləri uca tutmasını təsdiq edir. Konstitusiyanın "Əsas insan hüquqları və azadlıqları” adlanan və 48 maddədən ibarət olan III fəsli insan hüquqları və azadlıqlarının geniş dairəsini nəzərdə tutur.

Heydər Əliyevin müəllifi olduğu yeni Konstitusiya dövlət quruculuğu sahəsində fundamental islahatlara yol açdı. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratdı və yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərləri özündə əks etdirdi. Müstəqil Azərbaycanın Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi. Konstitusiyanın "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq” müddəası ölkəmizin sivil gələcəyinə hesablanmış dövlət sisteminin qurulmasından xəbər verirdi. Belə ki, 1993-cü ildə ölüm cəzası üzərində moratorium qoyulmuş, 1995-ci ildə əfvetmə institutu bərpa edilməklə əfv komissiyası yaradılmış, 10 fevral 1998-ci il tarixdə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası tamamilə ləğv edilmişdi.

1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. "Bələdiyyələrə seçkilər haqqında”, "Bələdiyyələrin statusu haqqında” qanunların qəbulu və 1999-cu ilin dekabr ayında Azərbaycan Respublikasında ilk bələdiyyə seçkilərinin keçirilməsi hüquqi dövlət quruculuğunun inkişafında reallaşdırılan uğurlu islahatların bariz göstəricisidir.

Bələdiyyələrin hüquqi statusu ilə bağlı əsas müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiya ilə yanaşı, yerli özünüidarəni birbaşa tənzimləyən iyirmiyə yaxın qanun qəbul edilmişdir. Bunlardan "Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Bələdiyyə qulluğu haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, "Yerli rəy sorğusu haqqında” sənədləri, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”ni qeyd etmək olar.

Azərbaycan Respublikası Konstitusiyasının dördüncü bölməsi "Yerli özünüidarəetmə”, IX fəsli isə "Bələdiyyələr” adlanır ki, burada yerli özünüidarəetmənin təşkili, bələdiyyələrin statusu, səlahiyyətləri haqqında Konstitusiya qanunu təsbit edilmişdir.

2001-ci il yanvarın 17-də dövlətimiz Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul olunmuşdur. 2001-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Milli Məclisi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etmişdir.

Heydər Əliyev dövlətçilik təliminə uyğun olaraq milli mənafenin, dövlətçilik maraqlarının üstün tutulması Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsipini təşkil edir. Azərbaycan Prezidentinin 7 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasətin parlaq nümunəsidir. Azərbaycan Prezidentinin siyasətinin mərkəzində insan amili durur. Dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir.

Bələdiyyələrin fəaliyyət göstərdiyi 20 illik dövrü nəzərdən keçirərkən aydın olur ki, yerli özünüidarəetmə işinin qurulmasında, uğur əldə edilməsində və vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolunun təmin edilməsində bir sıra mühüm şərtlər var. Belə ki, keçən dövrdə bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının peşəkarlıq səviyyəsi artmışdır. 20 illik fəaliyyətin nəticəsi olaraq yerli özünüidarəetmə sistemində təcrübəli və peşəkar kadr heyəti formalaşmışdır. Bələdiyyə üzvlərinin təhsil səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli yüksəlmişdir. 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində ali təhsillilərin sayı 7563 nəfər olmaqla 34 faiz təşkil edirdisə, 2014-cü ildə keçirilmiş son bələdiyyə seçkilərində seçilmiş ali təhsilli bələdiyyə üzvlərinin sayı 13434 nəfər olmaqla, 89,8 faiz təşkil etmişdir. 2004-cü ildə bələdiyyə sədrlərinin yalnız 44 faizini ali təhsilli şəxslər təşkil edirdisə, hazırda rəsmi məlumata görə bütün bələdiyyə sədrləri ali təhsillidir.

Bələdiyyə üzvləri yaş fərqinə görə də gəncləşmişdir. Son dövrlər dövlət qurumlarında müşahidə olunan gəncləşmə siyasəti, gənclərin dövlət idarəçiliyində önə çıxarılması və yüksək postlara təyin edilmə prosesi yerli özünüidarəetmə sistemində də gənclərin aktivliyinə səbəb olmuşdur. Belə ki, respublika üzrə 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş gənc bələdiyyə üzvlərinin sayı 500 nəfər olaraq, 2 faiz təşkil etmişdirsə, 2009-cu ildə bu rəqəm artaraq 4303 nəfər - 27,6 faiz olmuşdur. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində isə seçilmiş gənclərin sayı artaraq 5450 nəfər olmaqla 36,42 faizə kimi yüksəlmişdir. Ən yaxşı hal olaraq bələdiyyə üzvləri arasında qadınların sayında artım olmuşdur. Qadınların ölkənin ictimai-siyasi həyatında iştirakında və mühüm dövlət orqanlarına irəli çəkilmə hallarıında ötən illərlə müqayisədə yüksək göstəricilik müşahidə edilmişdir. Cinsi ayrı-seçkilik olmadan kişilərlə bərabər hüquqlu vətəndaş olmasına dövlət idarəçiliyində və ümumiyyətlə, ictimai-siyasi sahədə qadınların atkivliyinə Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin II bəndinə əsasən təminat verilmişdir. Ölkənin ictimai-siyasi həyatında qadınların fəallığının artması bələdiyyə sistemində də özünü göstərmişdir. Bələdiyyə üzvü seçilmiş qadınların sayı ilk seçkilərlə müqayisədə 6 dəfə artaraq 5236 nəfər olmuşdur. Bu isə bələdiyyə üzvlərinin sırasında qadınların payının 4 faizdən yüksələrək 35 faiz təşkil etməsi deməkdir. Bütün bu göstərilən şərtlər vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolunun artmasını şərtləndirən amillər olmuşdur.

Bu ilin dekabr ayında keçiriləcək yeni bələdiyyə seçkiləri ərəfəsində olduğumuzu nəzərə alaraq bəzi fikirlərimi də bildirmək istərdim. Bəzən bələdiyyə üzvləri öz fəaliyyətlərində gözləmə və yaxud müşahidəçi qismində iştirak edən kimi görünürlər. Yaxşı olar ki, onlar təşəbbüskar olsunlar və fəallıqlarını artırsınlar. Görüşlər keçirsinlər. Bu görüşlərə "Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu”ndan danışmaq üçün tanınmış mütəxəssislər, ziyalılar, hüquqşünaslar, hüquq mühafizə orqanlarının nümayəndələri dəvət olunsa, daha faydalı olardı.

Respublikada aparılan hərtərəfli quruculuq işləri və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti göstərir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar və quruculuq işləri respublikanın bütün regionlarını əhatə etməkdədir. Azərbaycanda inteqrasiya prosesinin gücləndiyi, hüququn müasir inkişafı və keçirilən islahatların məntiqi davamı kimi, Konstitutsiya islahatlarının aparılması zərurətə çevrilmişdir. Məhz bu zərurətdən qaynaqlanaraq 2002, 2009 və 2016-cı illərdə referendum keçirilməklə Konstitusiyamıza əlavələr və dəyişikliklər edilmişdir.

Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir və qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Ölkə rəhbərinin xalqın intellektual potensialının, təhsilinin, elminin, mədəniyyətinin inkişafı naminə imzaladığı silsilə fərmanlar, sərəncamlar və bugünkü uğurlar bizə əsas verir deyək ki, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu əvəzsizdir.

Şikar QASIMOV,

Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video