12 Dekabr 2019 00:56
874
SİYASƏT
A- A+

İmzası dövlətin simvoluna çevrilən dahi


Müəyyən hadisələr var ki, üstündən illər keçməlidir ki, onun əhəmiyyəti, mahiyyəti daha aydın görünsün. Ancaq elə məqamlar da olur ki, nəticəsi göz qabağındadır. Onu şüanın sınmasına bənzətmək olar: işıq şüası ya udulur, ya da istiqamətini dəyişir.

Bəzən bir xalqın taleyində də belə həlledici məqam yetişir. Olum ya ölüm dilemması qarşısında qalan millət həmin an qəti söz deyə bilən, vədinin üstündə duran bir şəxsə ehtiyac hiss edir. Əgər elə bir şəxsiyyət irəli çıxırsa və tarixin gedişinə öz təsirini göstərirsə, xalq yeni bir inkişaf xəttinə, yeni düşüncə müstəvisinə keçə bilir. Əks halda millətin varlığı sual altında qalır. O an dövlətlə liderin adı sanki eyniləşir və ondan sonra o liderin imzası dövlətin simvoluna çevrilir. Ən yeni tarixdə Azərbaycanın taleyində belə həlledici məqam Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqəlidir.

Bir hadisənin mahiyyəti, miqyası daha böyük bir rakursda daha dolğun və aydın görünür.

Necə ki Türkiyə Atatürkün, Fransa Şarl de Qollun adı ilə bağlıdır, eləcə də Azərbaycan Heydər Əliyevin adı eyniləşib. Hər üç dövlətin bu gün olduğu vəziyyətinin səviyyəsi məhz bir vaxtlar bu şəxsiyyətlərin yönəltdiyi, təyin etdiyi istiqamətin nəticəsidir. Maraqlıdır ki, tarixin fərqli dövrlərində baş versə də, hər üç dövlət bəzi oxşar məqamlardan, taleyüklü sınaqlardan keçməli olub.


Xalqının həm əsgəri, həm generalı...


Xalq həmişə onu tanıyana və milli dəyərlərinə hörmət duyan şəxsə etibar edir, güvənir. Liderlik səviyyəsinə çatmaq üçün o mühitin özündə böyümək, onun güclü-zəif tərəflərini tanımaq, bütün mahiyyətini dərk etmək lazımdır ki, yolunu kəsən maneələri daha yaxşı görsün. Məsələ burasındadır ki, bu maneələr yalnız içəridən keçilməlidir, çünki xarici qüvvə belə bir "xidmət” göstərəndə, bunun adı olur işğal, müstəmləkə. Ölkə rəhbəri İlham Əliyev BDU-nun 100 illik yubileyində gənclər haqqında təsadüfən demirdi ki, "Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı”. Başqa sözlə desək, xalq adlı ordunun generalı, Lideri olmağın yolu mütləq onun əsgəri olmaqdan keçir. Keçməlidir ki, hər daşının və vətəndaşının qədrini bilsin. Yalnız bu halda həlledici məqamı sezmək və zamanında müdaxilə etmək mümkündür.

Birinci Dünya müharibəsi dövründə Osmanlı ordusunda xidmət edən Mustafa Kamal bir il müddətində general rütbəsinə qədər yüksələ bilmişdi. Mövcud durumu düzgün dəyərləndirməklə o, nəinki uduzmaqda olan, hətta artıq ərazisi hərraca qoyulan Osmanlı İmperiyasının məğlubiyyətini Türk Qurtuluş Savaşına çevirə bildi və Ankara Hökumətini qurdu. Yalnız türk ruhunun gücünü bilən və özü də eyni hissi yaşadığına görə ən çətin döyüşlərdə qazi olan bir şəxs əsgərlərə belə bir əmr verə bilərdi: "Mən sizə savaşmağı əmr etmirəm, ölməyi əmr edirəm”. Məhz bu ruhu oyatmaqla böyük İmperiyanın dağılması prosesini yeni bir dövlətin yaranması üçün zəminə çevirə bildi. Və tarixdə Türkiyə adlı səhifənin yazılması başladı.

Bənzər hadisələr İkinci Dünya müharibəsi dövründə Fransada baş verdi. Faşist Almaniyası tərəfindən işğal olunan və bütün mümkün köməklərdən əli üzülən Fransanın köməyinə elə öz əsgəri Şarl de Qoll gəldi: "Fransa döyüşü uduzdu, ancaq müharibəni uduzmayıb! ...Gün gələcək, Fransa öz azadlığını və əzəmətini geri qaytaracaq”. Bu, həlledici məqam idi - fransız xalqını öz məhvi ilə barışmaqdan və uçurumun dibinə yuvarlanmaqdan qorumaq idi. Alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etməsi və iki il ərzində Fransada yaradılmış müvəqqəti hökumətin başçısı olması Şarl de Qollun öz missiyasına inanmağına və inandıra bilməsinə dəlalət edirdi.

Azərbaycanın taleyində ilk belə taleyüklü məqam 1990-cı ilin 20 Yanvarında yetişmişdi. Tərkibində olduğu sovet imperiyası ona xəyanət etdi və bir gecənin içində dinc əhalisinə divan tutdu. Əhali çaşmışdı - dünənə qədər "böyük qardaş” hesab etdiyi qatil çıxmışdı, arxalandığı şəxslər isə ümumiyyətlə kölgəyə çəkilib gizlənmişdi. Belə bir məqamda xalqa dəstək Ulu Öndər Heydər Əliyevdən gəldi. Faciənin sabahı Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməklə və etiraz səsini ucaltmaqla o, özünün Ümummilli Lider olduğunu təsdiqlədi. Maraqlıdır, o zaman Heydər Əliyev sanki siyasi meydanda tək idi. Özü də vurğulayır ki, "Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram”. Ancaq bu ona öz düşüncələrini xalqa çatdırmağa mane olmadı: "Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram”. Başsağlığı və təəssüf hissini çatdırmaqla əslində Ulu Öndər xalqa daha böyük bir ismarıc çatdırdı: sizin Lideriniz mənəm, nə qaçmıram, nə gizlənmirəm və heç bir maneəyə, çətinliyə baxmayaraq yanınızdayam. Bununla insanların özünə inamı da, cəsarəti də bərpa olundu. Deyilənlərdə incə və çox əhəmiyyətli bir məqam var: xalq böyük qüvvədir və onun istəyi qarşısında hər şey acizdir, ancaq bəzən qəfil təcavüz, arxalandığı şəxslərin satqınlığı, düşünülməmiş addımlar atması bu gücün üstünü örtür, sanki korşaldır. Xalq bir növ özündən bixəbər hala düşür. Buna görə də, Ulu Öndərin dediyi kimi, "səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaradan” şəxsdən başçı ola bilməz. Lider xalqa öz gücünü xatırladan, onu özünə qaytarandır. Düzdür, Lider tək şəxsdir, ancaq xalqın səsini bərpa etməklə onda bütün xalqın səsi ilə danışmaq qüdrəti yaranır. Hər üç dövlətin nümunəsində əhəmiyyətli məqam məhz budur: Liderin gücü və müqəddəs missiyası xalqla özünün birliyinə inanmaq və inandırmaq, istənilən addımında bu vəhdətin gücünə arxalanmaq.

1990-cı ilin yanvarında, uzun illər Azərbaycandan uzaqda, Moskvada olsa belə, Heydər Əliyevin bir Ümummilli Lider kimi önə çıxmağa, səsini ucaltmağa tam haqqı çatırdı. Prezident İlham Əliyevin də vurğuladığı kimi, "əgər 1970-ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, - 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı, - Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissini saxlayırdı”. Hələ Sovet dönəmindən xalqın xidmətində olan bu şəxsin fəaliyyətində bir özək xətti daim saxlanıb: Azərbaycan güclüdür, öndə durmalıdır və öz kökü ilə qürur duymalıdır. 15 respublika arasında ən öndə duranlardan, iki donor respublikadan biri olmaq, ən vacibi isə imperiyanın tərkibində ola-ola milli ruhunu qorumaq böyük hünər istəyirdi. Heydər Əliyev uzun illər təhlükəsizlik orqanlarında çalışmışdı və general-mayor rütbəsinə qədər yüksələ bilmişdi. Eyni zamanda o, universitetin tarix fakültəsini bitirmişdi. Bu ona Azərbaycanın tarixi və reallığı arasında paralellər aparmağa imkan verirdi.

Bunu deməyə əsas verən bir faktı göstərmək olar. 1969-cu ildən başlayaraq 1982-ci ilə qədər Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışarkən Heydər Əliyev xalqın milli ruhunun qorunması, milli təfəkkürün daim oyaq qalması üçün əlindən gələni edirdi. Başqa sözlə desək, o, Azərbaycanı sovet imperiyasının ən qabaqcıl respublikalarından biri etməklə kifayətlənməyərək, həm də milli kimliyinin qayğısına qalırdı. Bu istiqamətdə onun gördüyü çox əhəmiyyətli və uzaqgörən fəaliyyətlərdən biri milli kadrların yetişdirilməsi idi. Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında (7 mart 1991-ci il) bunu özü də vurğulayır: "O dövrdə respublikamızda yaranmış güclü sosial-iqtisadi və intellektual potensial xalqımızın milli sərvətidir və Azərbaycanın müstəqilliyi üçün yaxşı zəmin yaradır”. Dövlət başçısı İlham Əliyev bugünün mənzərəsindən çıxış edərək deyir: "Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət göstərirdi, hər il böyük müşavirələr keçirirdi. Eyni zamanda, Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezam edilmişdir. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı”. Deyilənlərdən çox aydın bir həqiqət müşahidə edilir: bir general layiqli əsgərlərin yetişməsi və irəli getməsi üçün əlindən gələni edir, çünki çox gözəl bilir ki, Vətənin rifahı məhz millətini sevən gənclərdən asılıdır.


Köhnə tarixdə yeni səhifə


Bir xalqın tarixinin zənginliyini təmin edən faktorlardan biri də onun kəsilməzliyidir. Əbu Turxanın dediyinə görə, "...cəmiyyətin inkişafında qazanılan hər hansı bir nailiyyət sonradan davam etdirilmirsə, o, böyük müddət intervalında tarixi prosesə daxil ola bilmir”. Kontekstimizə uyğun olaraq onu da əlavə edək ki, Lider bu kəsilməzliyi təmin etməklə yanaşı, həm də xalqın taleyində yeni bir səhifə açan, yeni bir mərhələyə keçirdə biləndir. Başqa sözlə desək, xalqın ruhunun gücünü saxlamaqla və ondan düzgün istifadə etməklə Lider onu nəinki mövcud böhrandan çıxarır, üstəlik inkişaf üçün yeni, güclü bir təkan da verir. Onu da mütləq vurğulamaq lazımdır ki, hər nə qədər həlledici söz, hərəkət bir anda baş versə də, yeni müstəvidə başlayan inkişaf tədrici bir prosesdir və nəticəsini görmək üçün bir neçə il lazım olur.

Çanaqqala savaşı 1916-cı ildə, Qurtuluş Savaşı isə 1919-cu ildə bitdi. Böyük Millət Məclisi 1920-ci ildə açıldı, Türkiyə Cümhuriyyəti isə 1923-cü ildə elan edildi. Yəni ilk dönüş məqamı ilə onun tarixi nəticəsinin arası təqribən 7 il çəkdi. Mustafa Kamal Atatürk elan edilən cümhuriyyəti belə təqdim edir: "Hökumətimiz artıq despot bir hökumət deyil. Mütləq və konstitusional bir hökumət də deyil. Hökumətimiz nə Fransa, nə də Amerika respublikaları ilə oxşar deyil. Hökumətimiz xalq hökumətidir. Tam bir şura hökumətidir. Yeni Türkiyə dövlətində səltənət millətindir...” Hadisələrin sonrakı gedişi də göstərdi ki, ölkədə aparılan hər islahat xalqın özgüvənini və savadını artırmaq, xarici qüvvələrə duruş gətirə bilən bir səviyyəyə qaldırmaq məqsədi daşıyıb. Belə ki, əgər hökumət xalqındırsa, o zaman xalqın səviyyəsinin qalxması ilk şərtdir, çünki bilavasitə hökumətdə əks olunacaq. Bunu Atatürkün gəncliyə xitabında müşahidə etmək mümkündür: "İlk vəzifən Türk müstəqilliyini, Türk Cümhuriyyətini əbədi qorumaq və müdafiə etməkdir. Bu onun varlığının və gələcəyinin yeganə əsasıdır. Bu təməl ən qiymətli xəzinəndir. Lazım olan qüdrət damarlarındakı nəcib qanındadır!” İstər-istəməz yada Bakı Dövlət Universitetinin yubileyində Azərbaycan Prezidentinin çıxışı düşür: "Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin”. Bu, bir aksiomdur: bir dövlətin müstəqilliyinin qoruyucusu da, inkişafının da, ən vacibi isə müstəqilliyinin də təminatçısı gənclərdir. Gənclərə müraciət etmək, əslində ölkənin gələcəyinə səslənməkdir.

Hadisələrin təqribən eyni gedişatını Fransada da izləmək mümkündür. 1940-cı ildə Fransanın azadlığının məsuliyyətini üzərinə götürən Şarl de Qoll 1958-ci ildə yeni konstitusiyanı qəbul etməklə 5-ci Respublikanın təməlini qoydu. Şarl de Qollun konstitusiyanın da təməlini təşkil edən görüşləri bu prinsip üzərində bərqərar etdi: "Mənim fikrimcə, dövlətin başçısı, yəni rəhbəri olmalıdır ki, millət onun simasında dövlətin təməlinə cavabdeh olan şəxsi və öz taleyinin qarantını görə bilsin”. Burada birbaşa millət-Lider vəhdəti göstərilməklə yanaşı, Liderin daha bir ağır məsuliyyəti də vurğulanır: xalqın taleyinə görə məhz o cavabdehdir. İkinci dəfə hakimiyyətə gələndə Şarl de Qoll məhz bu məqamın üzərində durur: "Nə vaxtsa, ağır saatda, ölkə mənə etibar etdi ki, onu xilas edim. Bu gün ölkə yeni sınaqlar qarşısındadır və qoy bilsin ki, mən respublikanın bütün səlahiyyətlərini öz üzərimə götürməyə hazıram”. 1990-cı ilin yanvarından 1993-cü ilin iyununa qədər olan Azərbaycanda baş verən hadisələri xatırlayanlar üçün çox tanış bir mənzərədir...

Tarixdə bir dövlət kimi öz mövcudluğunu qorumaq istəyən Azərbaycanda da hadisələr bir növ millət-Lider tandeminin zərurətinə aparırdı. Buna ehtiyac var idi. 1990-cı ilin tarixi məqamından sonra Heydər Əliyev Azərbaycana qayıtdı və Ali Sovetinin deputatı, 1991-1993-cü illərdə isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi fəaliyyət göstərdi. Bu gəlişin hansı məqsəd daşıdığını elə ilk addımdan sezmək mümkün oldu: 1990-cı ildə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi. Bu, 1918-ci il Xalq Cümhuriyyətinin yarımçıq qalmış prinsiplərinin, Azərbaycanın həqiqi müstəqilliyinin davam etdiriləcəyinə ilk çağırış idi. 7 mart 1991-ci ildə Ulu Öndər Ali Sovetin sessiyasında yeni mərhələdə göstəriləcək fəaliyyəti belə təyin etdi: "Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”.

Ulu Öndərə olan inam, etibar idi ki, 1993-cü ildə ölkə vətəndaş müharibəsi ilə üzbəüz qaldığı bir vaxtda xalq yenə ondan kömək umdu, onu çağırdı. Və elə həmin il xalqın seçimi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. İşin əhəmiyyətli məqamı budur ki, təqribən bir il sonra Azərbaycanda iğtişaş törətmək istəyənlərə cavab olaraq bu dəfə Heydər Əliyev xalqa üz tutdu: "Əziz həmvətənlər, Azərbaycanın vətəndaşları! Bu ağır dəqiqələrdə bir daha sizə müraciət edirəm. Sizi əmin edirəm ki, Azərbaycanın dövlətçiliyini qorumaq üçün son nəfəsimə qədər, son damla qanıma qədər öz yerimdəyəm. Xalqla birlikdəyəm. Xalqın təhlükəsizliyini qorumağa çalışacağam. Bundan ötrü lazımi imkanlardan istifadə edəcəyəm. Eyni zamanda əziz həmvətənlər, mən sizə güvənirəm, sizə arxalanıram” (1994-cü il 4 oktyabr). Bu çağırışda həm öz məsuliyyətini və gücünü bilən ölkə rəhbərinin, həm xalqının taleyini düşünən, həm də öz xalqına, onunla mənəvi bağına inanan rəhbərin səsi var. Təbii ki, artıq yaxın keçmişdə oxşar ssenarini və onun nəticələrini yaşamış xalq belə bir müraciəti cavabsız qoya bilməzdi və öz Liderinin arxasında durdu. Bu güvənin əks-sədası olaraq Ulu Öndər sonralar qürurla dedi: "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam”.


Nəticə


Lazımi məqamda xalqını sevən və tanıyan bir şəxsin - həqiqi Liderinin təklifini qəbul edib onun arxası ilə getməsi hər üç dövləti inkişafa apardı. Türkiyə keçən əsrin əvvəllərindən, Fransa ortalarından, Azərbaycan isə sonlarından başlayaraq yeni bir inkişaf mərhələsinə keçdi. Hazırda Fransa superdövlətlər sırasındadır, Türkiyə bütün çətinliklərə baxmayaraq dünyanın aparıcı dövlətlərini özü ilə hesablaşmağa məcbur etmək qüdrətindədir.

Əlbəttə, hər iki dövlətə baxanda Azərbaycan nisbətən gəncdir. Üstəlik nəzərə almaq lazımdır ki, hər nə qədər Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycanda qurulsa da, arada 70 illik bir fasilə, üst-üstə yaşadığı böhranlar, məruz qaldığı işğal ölkəni bir neçə dəfə sıfırdan başlamağa məcbur edib. Buna baxmayaraq, Azərbaycan da məhz doğru istiqamətdə olduğuna görə, qısa müddətdə adını güclülər sırasına yazdırmaq iddiasındadır və artıq bir çox nailiyyət əldə edib və etməkdədir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, "müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər, böyük cəsarət tələb edir”. Cəsarəti verən isə kökünə bağlılıq və millət-Lider vəhdətidir.

Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video