12 Dekabr 2019 00:46
1914
SİYASƏT
A- A+

Müasir Azərbaycanın qurucusu


Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Zaman ötdükcə Heydər Əliyevin yaratdığı irsin, onun ideyalarının dəyərini daha dərindən anlayırıq. Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Ulu Öndərin anım günündə Milli Məclisin deputatları dahi şəxsiyyətlə bağlı təəssüratlarını qəzetimizlə bölüşdülər.


Qüdrətli dövlət xadimi


Rafiq MƏMMƏDHƏSƏNOV,

Milli Məclisin deputatı:

- 12 dekabr 2003-cü il. Bu tarix müasir dövlətçiliyimizin banisi, Ümummilli Lider Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, xalq öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Çünki xalqı, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməzlər.

Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə yazılmış əbədiyyət dastanıdır. Milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş Ulu Öndər Heydər Əliyev artıq öz bəşəri əməlləri ilə qüdrətli dövlət xadimi və əvəzedilməz şəxsiyyət olduğunu dünya qarşısında nümayiş etdirib.

Hər bir dövlətin mövcudluq tarixində ciddi sınaqlar qarşısında qalması, xalqın milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar çoxdur. Fəqət, ən çətin, ekstremal siyasi şəraitdə millətin iradəsini və istəklərini, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində dövlətlər öz varlığını davam etdirmiş, millətlər dirçəlmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər.

Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu.

Ulu Öndər Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürdü, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkdi. Onun dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli oldu.

Dahi şəxsiyyətin Azərbaycanda gördüyü nəhəng quruculuq işləri müstəqillik dönəminin ən böyük nailiyyətləri olmaqla ölkə tarixinin müasir dövrü üçün silinməz izlər buraxdı. Ümummilli Lider respublikada sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi.

Azərbaycan tarixinin şanlı salnaməsini yaradan, mənalı ömrünün böyük bir hissəsini doğma vətəninin və canından əziz bildiyi xalqının iqtisadi tərəqqisi, səadət və xoşbəxtliyi naminə mübarizəyə həsr edən Heydər Əliyevə olan sevgi və məhəbbət təkcə Azərbaycanda yaşayan yurddaşlarımızın deyil, vaxtilə müxtəlif ictimai-siyasi münaqişələr üzündən doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın da qəlbində yaşayır.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir. Ötən 16 ilin siyasi-iqtisadi-sosial mənzərəsi göstərir ki, cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz lider olduğunu təsdiqləyib, ictimai inamı tam doğruldub. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.

Əminliklə deyə bilərik ki, Ulu Öndər Azərbaycan xalqının birliyinin və dövlət müstəqilliyinin rəmzidir. Nə qədər söz desək də, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə yetərsizdir.


Ulu öndər daim yüksək ehtiramla anılacaq


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri:

- Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə həkk olunub. Ölkəmizin inkişafının şanlı, o cümlədən müstəqillik dövrünün ilk şərəfli səhifələri məhz Ulu Öndərin müəllifliyi ilə yazılıb. Xalqımızın qəlbində özünə taxt qurmuş bu dahi şəxsiyyət çalışdığı bütün vəzifələrdə, fəaliyyətinin bütün mərhələlərində vətəninə, xalqına layiqincə, böyük məhəbbətlə xidmət edib, milli dəyərlərimizə hər zaman bağlı olub. Bu mənada xalqımızın malik olduğu ali keyfiyyətlər Heydər Əliyev dühasının kamil şəxsiyyətində öz təcəssümünü tapıb.

Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalqın Ümummilli Liderinə çevrilməsini şərtləndirən əsas keyfiyyətlər onun çətin, mürəkkəb və böhranlı siyasi-iqtisadi situasiyalarda milli təəssübkeşlikdən çıxış etməsi, problemlərin həlli üçün əsl vətəndaşlıq nümunəsi göstərməsidir. Heydər Əliyevin tarixi xidmətlərindən söz açandan ilk olaraq onun 50 il əvvəl Azərbaycanda başlatdığı inkişaf prosesləri yada düşür. 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin elə ilk günlərdən respublikanın və xalqın inkişafı istiqamətində fəaliyyətinin, atacağı addımların cizgiləri, istiqamətləri məlum idi. Bütün sahələrdə neqativ hallara son qoyulması, respublikanın iqtisadi potensialının hərəkətə gətirilməsi, səriştəli kadrların irəli çəkilməsi kimi vəzifələri müəyyən edən Heydər Əliyevin ölkəyə rəhbərliyi ilk vaxtlardan Azərbaycanda böyük iqtisadi inkişafa yol açdı. Ulu Öndərin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verdi.

Bu mənada 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Hansı ki, bu işlər həm də ölkədə müstəqil düşüncəyə yol açmış, Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün zəmin formalaşdırmışdı. Lakin xalqımız öz azadlığına nail olduqdan, müstəqilliyini bərpa etdikdən sonra ölkədə hakimiyyətə gələn iqtidarlar bu potensialdan səmərəli istifadə etmək əvəzinə dövləti parçalanmaq təhlükəsi qarşısında qoydular. Onların bir-birilə apardıqları hakimiyyət uğrunda mübarizə hətta ərazi bütövlüyü uğrunda ölüm-dirim savaşını da arxa plana keçirdi. Elə bunun nəticəsində Ermənistan öz işğalçılıq planlarını gücləndirdi, ərazilərimiz işğala məruz qaldı.

Həmin çətin, ağır, böhranlı günlərdə xalqımız çox düzgün qərar qəbul edərək yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın hələ kövrək olan müstəqilliyinin qorunmasına və gücləndirilməsinə xidmət edən amil oldu. Ulu Öndərin siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi.

Ulu Öndər Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətdir. Məhz buna görə xalqımız Heydər Əliyevin adını tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.

Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan tək regionda deyil, dünyada sayılıb-seçilən ölkədir.

Xalqımız Heydər Əliyevi daim yüksək ehtiramla xatırlayacaq. Çünki Ulu Öndər daim qəlblərdə yaşayır və yaşayacaq. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.


Xilaskar


Tahir SÜLEYMANOV,

Milli Məclisin deputatı:

- Ulu Öndər Heydər Əliyev şəxsi keyfiyyətləri, davranışı, keçdiyi şərəfli ömür yolu ilə hər birimizə nümunə olan böyük şəxsiyyətdir. Onun dövlətimiz qarşısındakı tarixi xidmətləri o qədər böyükdür ki, bütün bunları sadalamaqla qurtarmaq olmaz. Dekabrın 12-si bir daha Heydər Əliyevi anmaqla, məzarını ziyarət etməklə, Ulu Öndərin əziz xatirəsinə öz ehtramımızı bildiririk.

Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri əvəzedilməzdir. Həssas olan bir bölgədə yerləşən Azərbaycanda dövlətçiliyin yaradılması və bu dövlətçiliyin bütün bəşəriyyətə örnək olan inkişaf modelinin qurulması istiqamətində Heydər Əliyevin tarixi xidmətləri dünyanın qəbul etdiyi və öyrəndiyi zəngin bir irsdir. Heydər Əliyev müasir dövlət quruculuğu fəlsəfəsini yaradan bir siyasətçi idi. O, sivil, demokratik, dünyəvi dövlət quruculuğu təcrübəsini ortaya qoydu. Heydər Əliyev kimi şəxsiyyətlər tarixi yaradırlar, sonrakı nəsillər üçün örnək və məktəb olurlar.

Sovet illərində Heydər Əliyevin təşəbbüsləri ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına güclü təkan verən tədbirlər həyata keçirilirdi. Bu mənada o illərdə təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Sovet ideologiyasının qılıncının arxasının da, qabağının da kəsdiyi bir dövrdə Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin əriyib itməməsi üçün əlindən gələni etdi. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqının milli-mənəvi dəyərlərini xalqın şüurundan silə bilmədi.

Əgər Ulu Öndər 1993-cü ildə xalqın təkidli çağırışlarını qəbul etməsəydi, indi nə müstəqil dövlətimiz vardı, nə də firavan yaşayışımız. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan dövlətçiliyini qurdu, yaşatdı. Ulu Öndər ağır döyüşlərin getdiyi cəbhə bölgələrinə, səngərlərə baş çəkirdi, hərbçilərin problemləri ilə yerindəcə tanış olurdu, respublikamızın bütün regionlarına, eləcə də xarici ölkələrə səfərlər edirdi, islahatlar aparırdı, yorulmadan çalışırdı. Bu tükənməz enerji, dərin siyasi təcrübə sayəsində yeni, gənc müasir Azərbaycan dövləti quruldu. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib, reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi.

Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi şəxsiyyət onun sıralarından çıxıb. Biz bu gün müstəqilliyimizdə, inkişafımızda Heydər Əliyevə borcluyuq. Biz bu gün atdığımız hər bir addıma Heydər Əliyevin baxışları ilə qiymət verməliyik. Tarix sübut edir ki, Heydər Əliyevin Azərbaycan üçün seçdiyi yol düzgün idi. Bu gün Azərbaycan bütün parametrlər üzrə nəinki regionun, ümumilikdə götürdükdə böyük bir arealın inkişaf nümunəsidir. Heydər Əliyev irsinə dünyanın bir çox yerlərində müraciət edirlər. Dünyanın neçə-neçə ölkəsində Ulu Öndərin abidəsi qoyulub, onun irsi öyrənilir. Biz Heydər Əliyevlə fəxr edirik, ondan nümunə götürürük.

İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bu qoca dünyanın unikal və qədim sivilizasiya ərazilərindən olan Azərbaycanda bir ad daim yaşayacaq, hörmətlə, ehtiramla xatırlanacaq - Heydər Əliyev. Bu adın qarşısında saysız-hesabsız titullar, millət, xalq, Vətən qarşısında misilsiz və müstəsna xidmətlər dayanır - Azərbaycanın xilaskarı, müstəqil dövlətçiliyin memarı və qurucusu, Ümummilli Lider, fenomen şəxsiyyət, Azərbaycan və azərbaycanlıların şərəf simvolu...

Ümummilli Liderimiz həm də unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb. Heydər Əliyev elə bir tarixi şəxsiyyət idi ki, onun ideyaları Azərbaycanın özü qədər əbədi olacaq. Biz Azərbaycan xalqının dünyaya belə bir şəxsiyyət bəxş etməsindən qürur hissi keçiririk. Bu dahi insanın vətən qarşısındakı xidmətləri, həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir.

Hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdırır, mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Ötən əsrdə xalqımızın yetirdiyi belə nadir şəxsiyyətlərdən birincisi olan Heydər Əliyev müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi yeni şərtlərlə davam etdirməyə qadir olan, istedadlı, praqmatik, rasional təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı - lider yetişdirmişdir. Heydər Əliyev elə bir partiya yaratdı ki, onun da sıralarından Heydər Əliyev kursunu, onun ideyalarını və hətta dəstxətini ləyaqətlə davam etdirə biləcək yeni siyasi lider yetişdi. Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyev təkcə dövlət başçısı olaraq deyil, həm də Yeni Azərbaycan Partiyasının sədri və ideoloji kursun lideri kimi Heydər Əliyevin başladığı işləri bütün aspektlərdə davam etdirir.

Bu gün Ulu Öndərin milli dövlətçilik konsepsiyasının bütün atributları öz real təsdiqini tapmaqla, Azərbaycanı iqtisadi, siyasi, sosial, humanitar inkişaf yoluna çıxarmışdır. Gündən-günə tərəqqi edən Azərbaycanın hansı guşəsinə baxsan, gözümüzün önündə Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımız üçün gördüyü möhtəşəm işlər canlanır.


Dövlətçiliyimizi və müstəqilliyimizi əbədi edən şəxsiyyət


Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı:

- Xalqların və dövlətlərin tarixdəki yüksəliş mərhələlərinin bilavasitə nəhəng şəxsiyyətlərin fəaliyyətinin nəticəsi olduğunu elə tarix özü həmişə isbat edib. Dahi şəxsiyyətlərin ideyalarından kənarda tarixin mütərəqqi səhifələrini yazmağın mümkün olmaması da çoxdan sınaqdan çıxmış reallıqdır. Hər bir dövlət və xalq öz tarixinin ən möhtəşəm və qürur doğuran səhifələrini məhz dahi şəxsiyyətlərinin müdrikliyi və qətiyyəti nəticəsində yaratmağa nail olur. Adı XX əsrin görkəmli dövlət xadimləri ilə bir sırada çəkilən Heydər Əliyev də xalqımıza şərəfli bir tarix yaşatmış şəxsiyyətdir.

Ulu Öndər Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir. Çünki o, hansı vəzifədə çalışmasından asılı olmayaraq fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və öz vətəndaşının mənafeyinə xidmət edib, Azərbaycanın azadlığı uğrunda fədakarlıq göstərib, bu yolda mümkün ola bilən hər şeyi edib. Bəli, hələ 50 il əvvəl rəhbərliyə ilk gəlişi ilə Azərbaycanı tənəzzüldən inkişafa doğru istiqamətləndirən bir siyasi xəttin əsasını qoyan Heydər Əliyev 1993-cu ildə ölkəmizə müstəqillik, xalqımıza azadlıq bəxş etdi. Öz əməlləri ilə müasir, müstəqil Azərbaycan dövlətinin banisinə çevrildi. Müstəqil Azərbaycanın beynəlxalq birlikdə öz yerini tutması məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün oldu.

Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilib, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənib. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir. Bu mənada Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir.

Ulu Öndərin anım günü ərəfəsində bu böyük dühanın Azərbaycan dövləti və xalqı qaşısında xidmətlərinə nəzər yetirməklə həm də bu böyük şəxsiyyətin xatirəsinə öz ehtiramımızı ifadə edirik. Bu qeydləri yazarkən Prezident İlham Əliyevin Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdəki dərin məzmunlu, müstəqillik dövrünün həqiqətlərini dəqiq əks etdirən nitqini bir daha dinlədim. Dövlətimizin başçısı tədbirin keçirildiyi teatr binasında vaxtilə Ulu Öndərin iştirakı ilə Sumqayıtın yubileyinin qeyd edildiyini xatırlayaraq burada onun ruhunun olduğunu bildirdi. Əslində, cənab Prezidentin sözləri sumqayıtlılarla görüşün tarixi və rəmzi xarakterini ifadə edirdi. Lakin elə bu fikrə söykənib tam əminliklə deyə bilərik ki, Ulu Öndərin Azərbaycanın hər yerində ruhu, hər bir vətənpərvər azərbaycanlının qəlbində sevgisi yaşayır. Cənab Prezident nitqini yekunlaşdırarkən bir mühüm məqamı da diqqətə çatdırdı: "Ulu Öndər siyasi vəsiyyətində demişdi, bir çox işlər görülüb, amma görə bilmədiyimiz işləri bizim davamçılarımız görəcəkdir. Belə də oldu!”

İlk dəfə 2003-cü ilin 15 oktyabrında keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunu böyük vətəndaş fəallığı ilə dəstəkləyərək, bu məktəbin ən layiqli nümayəndəsini - cənab İlham Əliyevi özünə rəhbər seçməklə yeni əsrdə böyük uğurlarına imza atmış, nəticə etibarilə dövlətimizin bundan sonra da sabitlik, tərəqqi yolunda irəliləməsi mümkün olmuşdur. Bu, Azərbaycan dövlətinin və xalqının gələcəyi üçün gerçəkdən tarixi, strateji bir seçim idi. 1993-cü ilin 15 iyununda taleyini Heydər Əliyevin dühasına etibar edən Azərbaycan xalqı 2003-cü ildən sonra keçirilmiş bütün seçkilərdə Heydər Əliyevin siyasətinə sadiqliyini, həmin yola alternativ görmədiyini bir daha təsdiqlədi. İlk gündən Heydər Əliyev siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirən cənab İlham Əliyev yüksək dövlətçilik təəssübkeşliyi, insanların rifahının yaxşılaşdırılması niyyətilə həyata keçirdiyi tədbirlər nəticəsində xalqımızın gələcək inkişafının təminatçısı kimi böyük ehtiram qazanmışdır.

Dövlətlərin tarixi təcrübəsi göstərir ki, prezidentlər dəyişəndə ölkənin siyasi kursunun strateji xətti dəyişmir. Ona görə də siyasi kursda stabilliyin saxlanması olduqca vacib məsələlərdən biridir. Amma hazırda Azərbaycanın sürətli inkişaf tempi elə bir mərhələyə gəlib çatıb ki, obyektiv şərait dövlətin idarəçiliyində, dövlət siyasətinin həyata keçirilməsində zamanın tələbinə uyğun yeni münasibətləri zəruri edir. Ötən 16 ildə ölkədə irəliyə doğru baş verən yeniliklər təsdiqləyir ki, prinsipləri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilib, amma müasir dövrün tələbləri qarşısında bəzi keyfiyyət dəyişikliklərinə məruz qalıb. Yəni İlham Əliyev Heydər Əliyevin siyasi kursunu yalnız qoruyub saxlamır, yeni şəraitin tələblərinə uyğun şəkildə inkişaf etdirir. Ölkədə son illərdə yeni müstəviyə qədəm qoyan sosial-iqtisadi və siyasi islahatlar bunun təsdiqidir. Bu mənada bütün sahələrdə öz həyati effekivliyini sübut etmiş, zamanın sınaqlarından uğurla çıxmış Heydər Əliyev siyasi kursunun, ideyalarının davam etdirilməsi, bu siyasətin prinsiplərinin yaradıcı şəkildə istifadə olunması prezident kimi İlham Əliyevin fəaliyyətini şərtləndirən başlıca istiqamətdir.

Beləliklə, Azərbaycanda gedən inkişaf prosesləri bir reallığın obyektiv dərkidir ki, ölkənin daha da qüdrətlənməsinin, dövlətçiliyimizin, müstəqilliyimizin əbədiliyinin yolu məhz hər sahədə Heydər Əliyev kursunun davam etdirilməsindən, Ulu Öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. 15 ildən çoxdur respublikamızın ictimai həyatında yaxından iştirak edən, öz proqram və layihələri ilə İlham Əliyevin sosial siyasətinə böyük töhfələr verən, Azərbaycanı dünyada təbliğ edən Heydər Əliyev fondunun amalı da məhz bu məqsədə - Heydər Əliyev ideyalarının yaşadılmasına xidmət etməkdir. Bu gün Birinci vitse-prezident, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə fondun gördüyü işlər, həyata keçirdiyi bütün layihələrin hər biri cəmiyyətin, xalqımızın və nəticə etibarilə dövlətimizin mənafelərini layiqincə təmin edir. Son olaraq dekabrın 6-da Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın hər yerində 650 min ağacın əkilməsi Mehriban Əliyevanın nəcib təşəbbüsü kimi ictimiyyət tərəfindən geniş təqdir edildi.

Bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin öz başlanğıcını Heydər Əliyevin ideyalarından götürdüyü bütün xalqımız, hər bir azərbaycanlı tərəfindən birmənalı olaraq qəbul edilir. Aradan uzun illər keçəcək, nəsillər dəyişəcək, hər şey tarixə dönəcək, amma Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edən dövlətçilik idealları bütün zamanlarda yüksək ehtiramla xatırlanacaq və istinad nöqtəsi olacaqdır. Heydər Əliyev ideyaları dünya durduqca yaşayacaq, dövlətçiliyimizin və milli maraqlarımızın əsas qayəsini təşkil edəcək.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video