11 Dekabr 2019 01:12
810
SİYASƏT
A- A+

Sahibkarlıq strategiyasının banisi


"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”

Heydər ƏLİYEV


Ümummilli Lider Heydər Əliyev bu gün bizimlə olmasa da, zaman bizi o ağır gündən sürətlə uzaqlaşdırsa da, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri yaddaşlara dərindən hopmuş, hər bir azərbaycanlının qəlbində silinməz iz qoyaraq tariximizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Onun həyat yolunun möhtəşəm salnaməsini vərəqləyərkən göz önündə Azərbaycan tarixinin çətin və şərəfli bir dövrünün dolğun mənzərəsi canlanır. Xalqımızın yetişdirdiyi bu dahi şəxsiyyətin bütün fəaliyyətinin Azərbaycanın inkişaf yolu ilə sıx vəhdət təşkil etdiyini bir daha aydın şəkildə görürük.

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikanın bütün sahələrində tamamilə yeni dövr başladı, böyük intibahın təməli qoyuldu. Ulu Öndərin təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş ittifaqın inkişaf etmiş respublikaları sırasına çıxartdı. Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək əslində gələcəyin təməlini qoydu.

1993-cü ildə ölkəmiz çətin sınaqlarla üz-üzə qalanda da xalq yeganə xilaskar kimi Heydər Əliyevi rəhbərlikdə görmək istədi. 26 il əvvəl, iyun ayında Naxçıvandan Bakıya gələn Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyəti ilə respublikamızı məhvolmadan xilas etdi, müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi.

Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifəni - bir ictimai-iqtisadi sistemdən digərinə, yəni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli Heydər Əliyevin adı ilə bağlıdır.

On illik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkənin xarabalıqlarında dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövləti millətinə bəxş etdi. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi. Heydər Əliyev hakimiyyətə praqmatik və balanslaşdırılmış xarici siyasət kursu ilə gəlmişdi.

Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu. O, bütün istehsal sahələrinin bərpası, habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlb olunması üzrə antiböhran proqramını işləyib hazırladı.

Heydər Əliyevin müəyyənləşdirdiyi yeni neft strategiyası nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyanın ən qabaqcıl neft şirkətləri ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi haqqında müqavilə imzalandı. "Əsrin müqaviləsi” bağlandıqdan az sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənilməsi ilə əlaqədar 30-dan çox saziş imzalandı ki, bu da Azərbaycana böyük həcmdə xarici sərmayənin qoyuluşuna imkan yaratdı.

Həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.

Ulu Öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan Ümummilli Lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı.

Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını, intellektual resurslarını insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu artırmaqla, sahibkarlığın inkişafına güclü təkan verir.

Ölkə iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, habelə cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü” kimi təsis edilmişdir.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Elmi-texniki inqilabın məhsulu olan müasir informasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, insanlar arasında olan mənəvi idealları ifrat maddiləşmənin mənfi təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən də yüksək qiymətləndirilir.

Yaxın günlərdə Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri zamanı Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində yerləşən "Azərbaycan” pavilyonunun onun iştirakı ilə açılışı ölkəmiz üçün tarixi əhəmiyyətə malikdir.

23 noyabr 2019-cu il tarixində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Moskvada keçirilmiş X Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri də iştirak etmişlər.

Forum çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə "Opora Rosii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Həmçinin Rusiyanın tanınmış mətbuat kommunikasiya qurumu olan "Biznes-Dialoq Media” ilə əməkdaşlıq sazişi də rəsmiləşdirilib.

Forum zamanı kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, turizm sektorları üzrə panellərdə konfederasiya prezidentinin rəhbərlik etdiyi nümayəndələr fəal iştirak ediblər.

Tədbir zamanı "Delovaya Rosiya” Ümumrusiya İctimai Birliyi ilə görüş keçirilib və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, eyni zamanda Rusiya Federasiyasının Omsk vilayətindən Azərbaycana biznes-missiyanın səfəri barədə razılıq əldə edilibdir.

Konfederasiya üzvləri inanırlar ki, "Azərbaycan” pavilyonunun açılışı çərçivəsində Moskvada keçirilmiş X Azərbaycan-Rusiya Regionlararası Forumu Azərbaycan sahibkarlarına münbit şərait yaratmaqla hər iki ölkənin iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.

2019-cu il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə ölkə Prezidentinin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur. Ölkə Prezidenti iclasda bildirdi ki, "Bizim əsas vəzifəmiz iqtisadi artımımızı birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlamaqdır”.

Prezident İlham Əliyevin uğurlu il kimi qiymətləndirdiyi 2019-cu ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər, islahatlar davam etdirilir.

Bu ilin on ayı ərzində ümumi daxili məhsulun 3 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 15,0 faiz artması dövlətin apardığı mütərəqqi iqtisadi-siyasətin bariz nümunəsidir.

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan dövlət başçısının yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan mühüm addımlardır.

Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.

Görülən işlərə əsasən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqlənən il olacaq. Prezidentin söylədiyi kimi, Azərbaycan bu il də inkişaf yolu ilə gedir.

Aparılmış islahatların nəticələri beynəlxalq hesabatlarda da öz əksini tapmışdır, "Doing Business 2020” hesabatında Azərbaycan ümumilikdə 190 ölkə arasında 34-cü mövqedə qərarlaşıb. Belə ki, Azərbaycan kreditlərin alınması üzrə 1-ci, biznesə başlama üzrə 9-cu, müqavilələrin icrası üzrə 28-ci, vergilərin ödənilməsi üzrə 40-cı, əmlakın qeydiyyatı üzrə 44-cü, müflisləşmənin həlli indikatoru üzrə 47-ci, tikinti üçün icazələrin alınması üzrə 59-cudur. Göründüyü kimi, Azərbaycanın "Doing Business 2020” hesabatında ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində "Daşınar əmlakın yüklülüyü haqqında” qanuna və Mülki Məcəlləyə edilən dəyişikliklərlə uyğunlaşdırmaların aparılması daha çox səmərə verib.

Bu hesabata görə, Azərbaycan ötən ildə olduğu kimi, bu il də 20 ən islahatçı ölkə sırasındadır. Üstəlik, Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkə top-20 siyahısına daxil edilməyib. Çünki etalona yaxınlaşdıqca ən çox islahat aparan ölkə statusunu qorumaq da çətinləşir.

Aparılan kompleks islahatlar nəticəsində "Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard dollardan çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə regionun lider ölkəsidir. Bu ilin ilk 9 ayında da qeyri-neft sektorunda əsas kapitala yönəldilən vəsaitlər 8,9 faiz artaraq 6,3 milyard manatı üstələyib. Sərmayə cəlbinin artması isə həm yeni iş yerlərinin yaradılması, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması deməkdir.

Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 16 il ərzində artması nəticəsində özəl sektorda iş yerlərinin əsaslı şəkildə çoxalması bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.

Bu tədbirlərdən biri də sahibkarların güzəştli kreditlərlə təmin edilməsidir. Belə ki, fondun fəaliyyəti dövründə 36 min sahibkara 2,2 milyard manat güzəştli şərtlərlə kreditlər verilmişdir ki, bundan istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minədək yeni iş yerinin açılmasına imkan yaradılmışdır. 2019-cu ilin əvvəlindən bugünədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşür.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə edilən uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini quraraq, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Azərbaycan Hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri kimi, kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir. Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir.

Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən biri də onun yolunu davam etdirməyə, ideyalarını daha da zənginləşdirib həyata keçirməyə qadir olan cənab İlham Əliyev kimi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar siyasi lider yetişdirməsidir. Heydər Əliyev inanırdı ki, İlham Əliyev xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, işləri başa çatdıracaq. Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin Azərbaycana rəhbərllik etdiyi 16 ildə respublikamız bütün sahələrdə özünün dinamik inkişafı ilə dünya birliyinin diqqət mərkəzindədir və bu şərəfli tarixin hər gün yeni, daha parlaq səhifələri yazılır. Bu illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır.

Azərbaycanın tərəqqisi üçün geniş imkanlar açan, həm də bölgəmizin və ümumən Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan "Əsrin müqaviləsi” sazişinin müddətinin 2050-ci ilə uzadılmasına nail olan cənab Prezident İlham Əliyev möhtəşəm bir tarix yazdı.

Bütün yuxarıda göstərilənləri təhlil edərək belə bir məntiqi nəticəyə gəlmək olar ki, Heydər Əliyev yolu - müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur. Prezident İlham Əliyev həmin parlaq yolun və böyük gələcəyin qüdrətli təminatçısı, mahir sükançısıdır. Aparılan məqsədyönlü siyasət müstəqil Azərbaycan dövlətini yeni və daha geniş magistrallara çıxarmağa uğurla xidmət edir. Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik ənənələri qorunur. Onun müdrik ideyaları ölkəmizin gələcəyə yönəlmiş strateji hədəflərini müəyyən edir. Ulu Öndərin Azərbaycanın gələcəyi ilə bağlı böyük ideallarının həyata keçirilməsi indi İlham Əliyevin missiyasıdır. Dövlət rəhbəri öz tarixi missiyasını əzmlə həyata keçirir. Dövlət başçımızın, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan bəşəriyyətə sevgini, şəfqəti, xeyirxahlığı, maarifi, mədəniyyətlərarası dialoqu, sülh və tolerantlığı aşılayır, ölkələr və cəmiyyətlər arasında mənəvi körpüyə çevrilir.

Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqillik illəri ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan Ümummilli Liderin xidmətləri və keçdiyi ömür yolu haqqında çox deyilsə də, əsrlər boyu bu mövzuya müraciət olunacaq və onun zəngin irsi həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaqdır. Ulu Öndər qısa müddətdə Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırmış və özünün şəxsiyyət bütövlüyü ilə doğma vətəni Azərbaycanı bütövləşdirmiş və hər yerdə onu layiqincə təmsil etmişdir.

Heydər Əliyevin gələcək ücün nəzərdə tutduğu iqtisadi ideyalar və arzular artıq gercəkliyə cevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Buna görə də əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub, əsrlər boyu qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Ulu Öndərin xatirəsinə ən böyük abidə də elə çiçəklənən, güclənən, qüdrətlənən müstəqil Azərbaycandır!

Unudulmaz liderimiz Heydər Əliyevin qoyduğu zəngin irs, ölməz ideyalar bu gün də yaşayır və bizi inamla gələcəyə aparır. Ulu Öndərin özünün də dediyi kimi, nə qədər ki, Azərbaycan var, o da olacaqdır. Əminliklə demək olar ki, hazırda Azərbaycanın taleyi etibarlı əllərdədir. Ölkəmiz Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf tariximizin yeni salnaməsi yaranır.

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız və Sahibkarlar Konfederasiyası Azərbaycan iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində səlahiyyətləri daxilində əlindən gələni əsirgəməyəcək.


Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video