08 Dekabr 2019 02:02
376
SİYASƏT
A- A+

N.Paşinyanın növbəti hədəfi S.Sarkisyandır


Ermənistanda ictimai-siyasi vəziyyət daha gərgin mərhələyə keçib


Ermənistanda hakimiyyəti ələ keçirmiş baş nazir Nikol Paşinyan ötən ilyarımda nə qədər çək-çevir etsə də, nəinki ölkə ictimaiyyətinin, hətta yaxın tərəfdarlarının da ümidlərini doğrulda bilmir. Hökumət başçısının vaxtilə verdiyi vədlər söz olaraq qalır, cəmiyyətdə siyasi ab-havanı sabitləşdirmək, milli iqtisadiyyatı irəli aparmaq üçün elə bir təsirli tədbir görülmür.

Paşinyan indiki halda boşboğazlıqdan o tərəfə keçmir, xalq isə davam edən siyasi kataklizmləri müşahidə etmək məcburiyyətində qalır.

Bütün bunlara paralel olaraq Ermənistanın yeni hakimiyyəti ilə Sarkisyan-Koçaryan koalisiyası arasında yaranan qarşıdurma ölkədə siyasi sahə ilə yanaşı sosial-iqtisadi sferada da ciddi problemlər yaradır. Hakimiyyət dəyişikliyindən sonra yeni iqtidarın sələflərinə qarşı ən sərt üsullarla hücuma keçilməsinə dair verilən proqnozlar isə özünü doğrultmaqdadır.

Robert Koçaryanın ardınca bütün rəqiblərini həbs etməkdə israrlı olan baş nazirin növbəti əsas hədəfi sabiq prezident Serj Sarkisyandır. O, bunun üçün səbəblər də tapıb. Belə ki, Serj Sarkisyan dövlət büdcəsindən 2013-cü il yanvarın 25-dən fevralın 7-dək 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmədə və israf etməkdə ittiham olunur. Sabiq prezidentin ölkədən çıxması ilə bağlı qadağa qərarı qəbul edilib. Serj Sarkisyana qarşı ilkin istintaq araşdırmaları çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb.

"Lragir” qəzetinin yazdığı xəbərə görə, 24 yanvar 2013-cü ildə hökumət torpaq istifadəçilərinə dövlət dəstəyi proqramını təsdiqləyib. Proqrama əsasən təxminən 17 milyon litr dizel yanacağı satılıb. Məbləğ regional idarəetmə və Kənd Təsərrüfatı Nazirliyi sisteminin müraciətləri əsasında ayrılıb.

"Maksxur” və "Fleş” şirkətləri də daxil olmaqla dizel yanacağının tədarükünə görə keçirilən tenderdə iştirak üçün bir neçə şirkət ərizə təqdim edib. "Maksxur” daha aşağı qiymət təklif edib. Nəticədə bu şirkətin müraciəti hökumət tərəfindən təsdiqlənmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilib. Serj Sarkisyan "Maksxur”un daha sərfəli təklifinə məhəl qoymayıb və rəsmi mövqeyindən istifadə edərək tabeliyindəki şəxslərə "Fleş” şirkətinin xeyrinə seçim etməyi tapşırıb. Nəticədə hökumətin 7 fevral 2013-cü il tarixli qərarı ilə 17.041.300 litr dizel yanacağı almaq üçün hökumətin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1,7 milyard dramdan çox vəsait ayrılıb. Bu pul "Fleş” şirkətinin hesabına köçürülüb. Sonradan hökumətin qərarı ilə tələb olunan yanacağın miqdarı 17.343.530 litrə qədər artıb, məbləğ isə 1.821.070.650 drama çatıb.

Yekunda 14 fevral - 28 iyun arasında 12 ton dizel yanacağı satılıb, bunun üçün 1.269.275.070 dram subsidiya ayrılıb. Faktiki olaraq dövlət büdcəsindən 423.091.690 dram artıq pul ödənilib. Serj Sarkisyan bu xəbərə hələ ki, heç bir reaksiya verməyib.

Görünən odur ki, bu gedişlə Sarkisyanın da həbsi qaçılmaz olacaq. Ermənistan mediası bu olayların, Koçaryanın həbsinin ardınca Sarkisyanın ittiham olunmasının uzun illərdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır. Bildirilir ki, Robert Koçaryan prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olub. Ölkə mətbuatı buna misal olaraq 1 mart hadisələrini göstərib.

"Qraparak” nəşri yazır ki, Robert Koçaryan xələfi Serj Sarkisyana da güc verib. Belə ki, Serj Sarkisyan 10 il ərzində hakimiyyəti devrilmiş konstitusiya quruluşu ilə idarə edib. Qeyd olunur ki, 1998-ci ildə Robert Koçaryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal ediblər. 2003-2004-cü illərdə Koçaryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olunublar və sui-qəsdlərə məruz qalıblar. Robert Koçaryan və Serj Sarkisyan parlamentdə, o cümlədən ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirib. Bir sözlə, Ermənistanda son 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub.

Beləliklə, Sarkisyanın ətrafında baş verənlər göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. Hətta öz xalqına qarşı da o, cinayət törədir. Bu fonda beynəlxalq tribunal qarşısında dayanmazdan əvvəl Serj Sarkisyanın Ermənistanda həbsi və mühakiməsi tamamilə təbii sayılmalıdır. Azərbaycan torpaqlarının işğalında, Xocalı faciəsinin baş verməsində xüsusi rola malik olan Sarkisyan şübhəsiz ki, beynəlxalq tribunalda da bu əməllərinə görə cavab verəcək.

Bütün bunlara baxmayaraq, Nikol Paşinyan "Ermənistanı çirkabdan təmizləmək üçün ciddi islahatlar həyata keçirmək lazımdır” fikrini səsləndirsə də sələflərinin etdiyi səhvləri təkrarlayır. Əhali postinqilabçı Ermənistanın həyata keçirəcəyi yenilikləri gözləmələrinə baxmayaraq köhnə proseslərlə qarşılaşdılar. Bildirilir ki, yeni hökumət ilyarım əvvəl erməni ictimaiyyətinə vəd verdiyi islahatları reallaşdırmayacağı təqdirdə Paşinyan komandasının həyata keçirdiyi "inqilab” məğlub hesab ediləcək.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video