06 Dekabr 2019 04:19
386
SİYASƏT
A- A+

Həqiqət ləkə götürmür


Xarici anti-Azərbaycan dairələr və daxili antimilli ünsürlərin gəncləri yoldan çıxarmaq cəhdləri həmişə iflasa uğrayıb


Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı ölkəmizdəki multikulturalizm və tolerantlıq dünyaya nümunə göstərilir. Azərbaycan mötəbər beynəlxalq siyasi, iqtisadi, humanitar tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkan kimi də tanınır. Əlbəttə, bütünlüklə ölkənin hərtərəfli inkişafının əsasında Ulu Öndər Heydər Əliyevin uğurla davam etdirilən siyasəti dayanır.

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70, BDU-nun 100 illik yubiley tədbirlərində bu inkişafın dayanıqlı olması ilə yanaşı, ona mane olmağa çalışan antimilli düşüncəlilərin riyakarlığına da diqqət ayırdı. Respublikamızın müstəqillik tarixinə qısa ekskursiya edən dövlət başçısı gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün ideya-tərbiyə işlərinin mühümlüyü ilə yanaşı, keçmişin acı həqiqətlərindən nəticə çıxarmağın vacibliyini də xüsusi qeyd etdi.

Bəli, tarix heç nəyi unutmur. Son yüz ildə iki dəfə müstəqilliyini əldə edən Azərbaycanın təbii sərvətlərlə zənginliyi bütün hallarda onun taleyində mühüm rol oynasa da, inkişafı, qüdrətli dövlətə çevrilməsi heç də bəzi bədxahların, imperiya xislətli, qonşu torpaqlarında gözü olan riyakarların istəkləri ilə üst-üstə düşməyib. Müxtəlif siyasi gedişlərlə ərazilərimizin bir hissəsi işğal edilib. Bu məğlubiyyətlərdə, təəssüf ki, "sapı özümüzdən olan baltalar” dolayısı ilə iştirakçı olub, yaxud "böyük oyunların kiçik peşkaları”na çevriliblər.

Ötən əsrin 90-cı illərində Azərbaycan 70 illik imperiyanın caynaqlarından qan və can bahasına qurtulsa da, o zaman respublikada milli azadlıq hərəkatı adı ilə hakimiyyəti bolşeviksayağı ələ keçirən AXC-Müsavat cütlüyünün birillik yarıtmaz fəaliyyəti ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğalına, bir milyondan artıq insanın isə məcburi köçkünə çevrilməsinə səbəb oldu. Bu, az imiş kimi, dövlət müstəqilliyi də əldən gedirdi. Xalq o zaman ayıldı və özünün xilaskarını - Heydər Əliyevi təkidli tələblə ölkəyə rəhbərliyə dəvət etdi.

Hələ keçmiş sovetlər birliyi dövründə daim xalqı ilə bir olan, onun gənc övladlarının müstəqil Azərbaycanın gələcək mütəxəssisləri kimi yetişməsinə çalışan, aqrar bir məmləkəti ittifaq miqyasında "Keçici Qırmızı Bayraq”lar respublikasına çevirən Heydər Əliyev bu dəfə də özünün xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər, ilk növbədə, respublikada AXC-Müsavat cütlüyünün yaratdığı vətəndaş qarşıdurmasının qarşısını aldı. Əsgər və zabitlərimizlə birgə Ali Baş Komandan kimi ön cəbhədə, səngərlərdə düşmənə layiqli yerini göstərib, havadarlarının hərtərəfli dəstəyi ilə Azərbaycanı məğlubiyyətə düçar edən erməni daşnaklarına tutarlı cavab verdi. Düşmən məhz bundan sonra atəşkəs üçün "ağ bayraq” qaldırdı.

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubiley tədbirində tariximizin həmin səhifələrinə bir daha aydınlıq gətirərək bildirdi ki, hazırkı reallıqlara düzgün qiymət vermək üçün biz o acı dövrü yaddan çıxarmamalıyıq. Gənclərin bunu bilməsinin vacibliyini qeyd edən dövlət başçısı vurğuladı ki, bugünkü inkişaf, tərəqqi göydən düşməyib. Qoy gənclərimiz bilsinlər ki, biz bunu qanımız, canımız bahasına qazanmışıq. Ona görə də tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik ki, o dövr bir daha təkrarlanmasın: "Bunu deyəndə, əlbəttə ki, mən, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edirəm. 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Yalvarırdılar, mən bunun şahidiyəm. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri, guya, vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi...”

Həqiqət ləkə götürmür. Azərbaycan Prezidentinin xatırlatdığı o dövrün acı reallıqları da bir daha bunu təsdiqləyir. Ölkəni idarə edənlərin nəinki səriştəsizliyi, sərvətə, xalqın malına hərisliyi də milli fəlakət səviyyəsinə qalxmışdı. Dövlət başçısı da bir daha həmin qandonduran illəri xatırlatdı ki, bundan nəticə çıxarılsın. Dünənki həmin antimillilərin bugünkü şər-böhtan, iftira dolu qarayaxmalarına inanılmasın. Onlar milli birlik yox, milləti uçuruma aparan, dövlətin daha da inkişaf etməsinin əleyhinə olanlarla - Azərbaycanın düşmənləri ilə bir cəbhədədirlər: "...Çünki baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi...”

Gizli deyil ki, 11 il aspirant kimi qalan elmi işçi Milli Məclisin sədri, tramvay xətlərini kəsdirib İrana satmağa başlayan baş nazir, heç bir xarici dil bilməyən xarici işlər naziri, yaxud da adi silahdan belə başı çıxmayan müdafiə naziri təyin edilmişdi. Milli Məclisin iclasları o zamanlar ironiya ilə el arasında "kolxoz yığıncağı” adlanırdı: "kurilka”ya da oxşayırdı: "toz-duman” içində boğulan iclas salonunda bir deputatın üzünü görmək, səsini ayrıca eşitmək mümkün deyildi.

Azərbaycan Prezidentinin o zaman dövlət katibi vəzifəsini daşıyan, bu gün isə gəncliyi dövlətə, xalqa, millətə qarşı qoymağa çalışan, onları təxribata sürükləyən, AXC-ni parçalayan, Ə. Elçibəyin xəstə yatan vaxtlarında daha çox "fəallıq” və "canfəşanlıq” göstərən (AXCP-yə sahib çıxmaq arzusunda və iddiasında olduğu üçün) Əli Kərimlinın son hərəkətləri üzərində bir qədər geniş dayanması və əməllərini açıb-ağartması təsadüfi deyildir: "...Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə. İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər? Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır...”

Müstəqil dövlətimizin və azadlıqsevər xalqımızın xoş, firavan gələcəyi naminə ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü fəaliyyətə kölgə salmağa cəhd edən ünsürlərin də (əlbəttə, onlar xaraktercə zəif olduqları kimi, say etibarı ilə də azdırlar), məntiqsiz, hədyan dolu iftira və qarayaxmaları sadə insanlarda birmənalı şəkildə hiddət doğurur. Azərbaycandan üz döndərib, "avropalaşan” bəzi nadanların hərəkətlərini nə doğmaları, nə dostları, nə də xaricdə yaşayan həmvətənlərimiz qəbul etmirlər. Nədir bəs onları "havalandıran”?! Ölkəmizdəki sabit ictimai-siyasi ab-havamı? Azərbaycanın regionda söz sahibinə çevrilməsimi? Ermənistanın isə bundan xoflanması və havadarlarına bir az da sığınmasımı?!

Qeyd etdiyimiz kimi, bu idi özlərini xalqın cəbhəçiləri adlandıranların hakimiyyəti. Əlbəttə, buna görə xalq faciələrlə üzləşmişdi. Əgər Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, ölkə dağılacaq, müstəqillik müstəmləkə ilə əvəz olunacaqdı. Beləliklə, bizim müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi, yenə də yarımçıq qalacaqdı. Ayıqlıq bu gün hər bir Azərbaycan vətəndaşının borcudur, müstəqilliyimizin qorunub saxlanması hər bir arzu və istəkdən öndə olmalıdır.

Bu gün özlərini radikal müxalifət düşərgəsinin təmsilçiləri adlandırmağa çalışanların kimliyinə və atdıqları hər addımın nəyə hesablandığına gəlincə, düşünürsən: görəsən, onlar bu qədərmi ya savadsız, səviyyəsiz-düşüncəsiz, milli hisslərdən uzaqdırlar, yoxsa bütün bunları dərk edərək müstəqil Azərbaycanın inkişafını görmək istəməyən xarici havadarlarının qullarına çevrilməyi özlərinə şərəf bilirlər?! Hər iki halda, bunun bir adı var: bədbəxt bədxahlar!

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində gəncliyi ayıq-sayıq olmağa səsləyərkən bu məsələyə diqqət ayırması təsadüfi deyildi. BDU həmişə milli hərəkatın ön sıralarında olmuşdur: "İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çapalayırlar. Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, vətəni sevəndirlər, vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər...”

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video