06 Dekabr 2019 04:19
469
İQTİSADİYYAT
A- A+

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin XII Assambleyasında iştirak ediblər


3-4 dekabrda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin12-ci Assambleyasının növbədənkənar iclası keçirilmişdir. Tədbirdə ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Müxtəlif ölkələrdə 7 nümayəndəliyi olan Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi fəaliyyət göstərdiyi 27 il ərzində 28 ölkədə olan milli birliklərlə, eləcə də 32 ölkənin sahibkarlar birliyi və 200-ə yaxın partnyor təşkilatlarla əlaqələr qurmuşdur.

Assambleyanın iclasından əvvəl 3 dekabr 2019-cu ildə Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Şurasının iclası keçirilmişdir. Şura iclasında 12-ci Assambleyanın gündəliyində duran məsələlərə dair fikirlər bildirilmiş və müzakirələr aparılmışdır.

25-dən çox ölkənin rəsmi şəxslərinin, sahibkarlar birliklərinin və biznes icması nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin Şura sədri Vasile Tarlev iclası açıq elan etdi. Konqresin 11-ci Assambleyasının iclasından sonra görülmüş işlər barədə hesabat dinlənilərək qəbul edildi və Beynəlxalq Konqresə yeni üzvlərin seçilməsi məsələsinə baxıldı.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi 12-ci Assambleyasının iclasında çıxış edərək Beynəlxalq Konqresin üzv ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi. O qeyd etdi ki, bu tədbirlərin bir qismi Azərbaycan Respublikası rəhbərliyinin dəstəyi ilə Bakıda keçirilmiş və bu işlərdə təşkilatın üzvü kimi Azərbaycan Sahibkarlar Konfederasiyası təşkilatçı qismində yaxından iştirak etmişdir.

M.Musayev iclas iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan Sahibkarlar Konfederasiyası uzun müddətdir ki, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq təşkilata daxil olan ölkələr arasında iqtisadi əlaqələrin inkişafında, yeni tərəfdaşların axtarışında öz bəhrəsini verir.

Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı Cənubi Qafqazda və Xəzər bölgəsində sabitliyə və təhlükəsizliyə şərait yaradır. Bu gün Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq kimi xarakterizə edilir. Son illərdə Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər münasibətlərin çoxvektorlu xarakterini müəyyənləşdirir və demək olar ki, bütün sahələrdə əlaqələrin inkişafına təkan verir.

21-24 noyabr 2019-cu il tarixlərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, X Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan pavilyonunun açılışı göstərdi ki, ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq, mehriban qonşuluq və səmimi dostluğun nəticəsində mümkün olmuşdur.

Həmin səfər zamanı baş verən ən xoş hadisə ikitərəfli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Mehriban Əliyevaya "Dostluq” ordeninin təqdimatı oldu. Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim olunan bu mükafat Birinci vitse-prezidentin Azərbaycan və Rusiya arasındakı əməkdaşlığa verdiyi böyük töhfələrə görədir.

M.Musayev əminliklə ifadə etdi ki, X Rusiya-Azərbaycan forumunda əldə olunan razılaşmalar iki ölkə arasında dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirəcəkdir. Əlavə etdi ki, Azərbaycan Rusiya Federasiyasının 70-dən çox regionu ilə iqtisadi əlaqələr qurmuşdur. Hazırda Azərbaycanda Rusiya kapitalı ilə 700-ə yaxın müəssisə qeydiyyata alınıb. Rusiya ilə Azərbaycan arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası saziş mövcuddur. Kimya sənayesi, əczaçılıq, nəqliyyat və digər sahələrdə ortaq layihələr həyata keçirilir. SOCAR Polymer zavodu tikildi, Aqrokimya müəssisəsi modernləşdirilir, Gəncə Avtomobil Zavodunda KamAZ yük avtomobilləri və Ural avtomobilləri yığılır. Rusiya şirkətləri neft-qaz və enerji sektorlarında iştirak edirlər.

M.Musayev bildirdi ki, Rusiya Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının əsas istehlakçısıdır. Öz növbəmizdə Rusiyadan kənd təsərrüfatı texnikası və mineral gübrələr alırıq.

Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Assambleyasının 12-ci iclasında Rusiya Sənayeçilər və Sahibkarlar birliyinin Prezidenti Aleksandr Şoxin çıxış edərək bu təşkilatın üzv ölkələri ilə Rusiya Federasiyasının iş birlikləri arasında olan qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərindən danışdı.

Daha sonra konqresdə təmsil olunan Rusiya Federasiyasının Uzaq Şərq regionu üzrə nümayəndəsi Yevgeniy Rusetckiy çıxış edərək Uzaq Şərq və Asiya-Sakit Okean regionunda fəaliyyət göstərən sahibkarlar birliyi ilə əlaqələrin genişləndirilməsi istiqamətində aparılan işlərin əhəmiyyətindən danışdı.

Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin Prezidenti Artem Çayka çıxış edərək Beynəlxalq Konqresin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar görüləcək işlərdən, bununla bağlı Beynəlxalq Konqresin Nizamnaməsinə bir sıra dəyişikliklər edilməsinin zəruriliyindən danışdı və Nizamnamə yeni redaksiyada qəbul edildi.

Tədbir zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin üzvü olan nümayəndə heyətləri və digər ölkələrdən olan ticarət palataları, işəgötürənlər təşkilatlarının rəhbərləri ilə işgüzar görüşlər keçirmişdir.

Tədbirin əsas nəticəsi kimi Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin nəzdində fəaliyyət göstərən üzv qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə müxtəlif formada işbirliyi platformasının yaradılması, vaxtaşırı görüşlərin və məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə edilmiş, sonda müzakirə edilən məsələlər üzrə birgə bəyanat qəbul edilmişdir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video