06 Dekabr 2019 04:12
8768
Mədəniyyət
A- A+

“Məndə sığar iki cahan...” misrasının sirri


Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığı başdan-başa hələ də açılmamış sirlərlə doludur. Bu zəngin yaradıcılıq öyrənildikcə öyrənməyə, araşdırıldıqca araşdırılmağa maraq oyadır. Ona görə də şairin şeirlərindən danışanda qarşıya istər-istəməz suallar çıxır. Bu sualların da cavabını tapmaq çox zaman ona görə çətin olur ki, onların doğrusunu yalnız Nəsiminin özü bilirdi.

Nəsiminin ən çox mübahisə doğuran şeirlərindən biri "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə başlayan qəzəlidir. Bu qəzəllə, hətta yalnız ondakı iki cahanla bağlı ötən əsrin 70-ci illərində qızğın mübahisələr başlandı. Lakin bu mübahisəyə qoşulanların heç biri ağlabatan nəticəyə gəlib çıxa bilmədi. Bu iki cahan çoxlarını düşündürdü. Onlardan birinin bizim bu cahan olduğu heç kimdə mübahisə doğurmurdu və onunla bağlı mübahisələr getmirdi. Bunu hamı birmənalı şəkildə qəbul edirdi. Bütün söz-söhbətlər, mübahisələr, dartışmalar ikinci cahanın başındaydı. Nə idi bu iki cahan?

Bir çox alimlər Nəsimini Allahsız sayır, guya Tanrını tanımadığını, hətta ona asi çıxdığını düşünür və ikinci cahan deyəndə onun gedər-gəlməzlər dünyasını, yeraltı dünyanı nəzərdə tutmadığı fikrinin üstündə dururdular. Onlar ikinci cahan deyəndə Nəsiminin bu cahan boyda başqa bir cahanı xəyalında canlandırıb hər iki cahanı varlığında, canında, bədənində sığdırmaqla özünün böyüklüyünü göstərdiyini vurğulayırdılar. Digər alimlər isə bu fikirlərlə razılaşmır, daha inandırıcı mülahizələr söyləyirdilər. Onlardan bəziləri Nəsiminin gedər-gəlməzlər dünyasına inanmadığını şübhə ilə də olsa qəbul etmir, onun şairin şeirindəki ikinci cahan olduğunu düşünürdülər. Bunu da ağlabatan saymayan üçüncülər tamam başqa yol tutaraq şeirdə heç iki cahandan söhbət getmədiyini düşünür və misranın "Məndə sığar ikən cahan, mən bu cahana sığmazam” şəklində olduğunu qəbul edib onu məhz bu cür açmağa çalışırdılar. Onlara görə, şeirdə iki cahandan söhbət getmir. Nəsimi bir cahandan danışır ki, o da bizim yaşadığımız bu dünyadır. Dördüncülər isə ikinci cahan deyəndə Nəsiminin özünü, öz varlığını, canını, bədənini nəzərdə tutduğunu bir fikir kimi ortaya atırdılar. Əvvəlkilərə baxanda sonuncu fikrin heç bir məntiqi əsası yox idi.

Bəs bu misranın sirrinin açılmağının çətinliyi nədədir?

Bu sirri açmağın çətinliyinin iki səbəbi var: Birincisi, o sirrin doğru cavabını yalnız Nəsiminin özü bilirdi. İkincisi isə, Nəsimi o sirrin açarını özü ilə aparmayıb. Onun digər şeirlərində bu misranın sirrini, daha doğrusu, şairin dediyi ikinci cahanın nə olduğunu tapmaq üçün çoxlu ipucları, açarlar, yönləndirici işarələr saxlanmışdır.

Nəsimi bir şeirində deyirdi:

Həq mənə söylə dedi, əmr etdi, mən də söylədim,

Sözümü dastan edib aləmdə təkrar etdilər.

Əgər Tanrı Nəsimiyə əmr edirdisə, söylə deyirdisə, deməli, Nəsimi Tanrı ilə danışırdı. Başqa sözlə desək, Tanrı əmr edirdi, Nəsimi də onun səsini eşidirdi. Bəs Tanrı hansı dildə danışırdı ki, Nəsimi onun dediklərini başa düşürdü?! İndi Şumer qaynaqları ilə yaxından tanışlıq bu sualların cavabını tapmağı xeyli asanlaşdırır. Nəsimi Tanrı ilə danışdığı dil haqqında bir şeirində belə deyir:

Sən bu Nəsiminin dilini anla, bil sözün,

Kim, var bu dildən özgə bizim bir lisanımız.

"Bu dildən özgə bizim bir dilimiz də var” deyəndə Nəsimi nəyi nəzərdə tuturdu? Sözsüz ki, burada ərəb və fars dillərindən söhbət gedə bilməz, çünki onların olduğunu hamı bilir. Nəsimi isə heç kimin bilmədiyi ikinci bir dilin adını çəkir. Əgər söhbət Nəsiminin Tanrı ilə danışmağından gedirsə, onda burada Tanrı dilinin nəzərdə tutulduğu şübhə doğurmamalıdır. Bu fikri söyləməyə şeirin digər misraları daha çox əsas verir. Şeirin ilk iki misrası belədir:

Var bu cahandan özgə bizim bir cahanımız,

Surət bu aləm oldu bizə, ol məkanımız.

Nəsimi bu dünyanı o biri cahanın surəti adlandırır. Həm də oranı özünün əsl məkanı hesab edir. Onda Nəsiminin aşağıdakı misralarının sirri də çox asanlıqla açılır:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam.

Deməli, bu iki cahanın biri Nəsiminin öz məkanı hesab etdiyi dünya, ikincisi isə, onun surəti olan bu dünyadır. Bəs onda bu dünyanın əsli olan dünya hansıdır? Buna da Nəsiminin özü çox aydın cavab verir:

Ey dəvət eyləyən bizi firdövsə, eylə bil,

Cənnətdən özgə vardurur əla məkanımız.

"Cənnətdən özgə əla məkan” deyən kimi Adəmlə Həvvanın cənnətdən qovulmaları haqqındakı əfsanə yada düşür. Onlar da sözsüz ki, o dünyadan bu dünyaya qovulmamışdılar. Deməli, cənnət heç vaxt o dünyada ola bilməzdi. Bu dünyadan sonra insanların cənnətə gedəcəkləri fikri din adamlarının uydurmalarıdır. Bəs onda görəsən Nəsiminin cənnətdən əla dediyi o məkan haradır? Bu sualın cavabını tapmaq üçün Şumer mətnlərini bilmək lazımdır. Şumer mətnlərinə görə, bu dünyanı Tanrılar yaratdılar. Onlar bu gün də tapılmamış Nabur planetində yaşayırlar. Nəsimi bu dünyanı Nabur planetindəki dünyanın surəti hesab edir ki, buna yox demək çətindir. Nəsimi Tanrı ilə danışırdısa, deməli, həmin dünyadan xəbəri var idi. Ona görə də oranı cənnətdən daha gözəl məkan adlandırırdı. Nəsimi bu dünyanı o dünyanın surəti adlandıranda da insanın Tanrının surəti olduğu haqqında söylədiklərinə möhür vurmuşdur. Nəsimi özünü artıq həmin dünyada görürdü. Onun dediyi ikinci dil də Tanrıların yaşadıqları dünyadakı dildir.

Bunlar şübhə doğurmasın deyə, xatırlatmaq istəyirəm ki, Şumer qəhrəmanı Bilqamıs Humbabanı öldürməyə gedərkən Günəş Tanrısı Utuya üz tutur, ona qahmar durmağını istəyir. Utu onun səsini eşidir, qahmar duracağını bildirir. Bilqamısla Utu açıq danışırlar.

Bilqamıs türk dilində danışırdı. Bu dili ona anası Tanrı Ninsun öyrətmişdi. Ninsun həm də Tanrılarla danışırdı. Burada ikidillilikdən söhbət açmağa belə dəyməz. Ninsun oğluna öz dilindən başqa dil öyrədə bilməzdi. Nəsimi "Var bu dildən özgə bizim bir lisanımız” deyəndə Ninsunla Bilqamısın danışdığı dili nəzərdə tutduğuna heç bir şübhə yoxdur. Nəsiminin burada Tanrı dilini nəzərdə tutduğunu onun "Həq mənə söylə dedi, əmr etdi, mən də söylədim” misrası da təsdiqləyir. Tanrı həmin dildə Nəsimiyə əmr etmişdir. Onda insan Tanrının, bu dünya Tanrıların dünyasının, dilimiz də Tanrıların dilinin surətidir.

Deyilənlərdən aydın olur ki, Nəsiminin "Məndə sığar iki cahan...” misrasındakı cahanın biri bizim yaşadığımız bu dünya, digəri Tanrıların yaşadığı dünyadır. Nəsimi həmin dünyanı yaxşı görür və dərk edirdi. Artıq özünü həmin dünyada hiss edirdi. "Həq mənəm, həq məndədi, həq söylərəm” sözlərini də məhz özünü həmin dünyada hiss etdiyinə görə söyləyirdi.

İslam SADIQ,

filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video