19 Noyabr 2019 21:16
437
İQTİSADİYYAT
A- A+

SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır


Noyabrın 19-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev "SOCAR Tower”də Norveçin "Equinor ASA” şirkətinin hasilat və işlənmə üzrə icraçı vitse-prezidenti Torqrim Reitanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə şirkətlər arasında əməkdaşlığın geniş spektri müzakirə olunub, "Qarabağ” yatağının işlənməsi istiqamətində aparılan işlərin, həmçinin Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlarının işlənməsi ilə bağlı hazırkı vəziyyət və qarşıdakı planlar ətrafında fikir mübadiləsi aparılıb. Torqrim Reitan "Equinor”un SOCAR-la birgə həyata keçirdiyi layihələrdə təhlükəsizlik və şəffaflıq standartlarını yüksək qiymətləndirib, şirkətin beynəlxalq portfelində Azərbaycandakı layihələrin mühüm yer tutduğunu qeyd edib. Tərəflər "Qarabağ” layihəsinin daha da sürətlə icra olunmasının zərurətini vurğulayaraq, bu istiqamətdə növbəti addımlar barədə müzakirə aparıblar.

Qeyd edilib ki, hazırda "Qarabağ” yatağında üzən qazma qurğu vasitəsilə qiymətləndirici quyunun qazılması üçün hazırlıq işləri aparılır. Qiymətləndirici quyunun qazılmasından sonra yataqda stasionar özülün quraşdırılması və həmin özüldən hasilatın başlanılması planlaşdırılır. Özülün dayaq blokunun inşaat işləri artıq SOCAR-ın "Bos Şelf” şirkəti tərəfindən başa çatdırılmaq üzrədir. Platformanın üst hissəsinin konsepsiyası müəyyən olunandan sonra onun da inşasına start veriləcək.

SOCAR və "Equinor” şirkətlərinin daha bir ortaq layihəsi olan "Əşrəfi-Dan Ulduzu-Aypara” çərçivəsində SOCAR-ın "Caspian Geo” şirkəti cari ilin sentyabrından etibarən seysmik kəşfiyyat işlərini həyata keçirir. 800 kilometr uzunluğunda xətt üzrə 2D ölçülü, 700 kvadratkilometrə yaxın sahədə isə 3D ölçülü seysmik kəşfiyyat aparılır. 3D kəşfiyyat işlərinin 80 faizi artıq tamamlanıb və gələn aydan etibarən sahədə toplanan məlumatların emal və təhlilinə başlanılacaq.

Qeyd edək ki, Norveçin "Equinor” (2018-ci ilədək Statoil) şirkəti Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət "Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 2049-cu ilə qədər uzadılmış Hasilatın Pay Bölgüsü Sazişinin (7,27%) və Bakı-Tbilisi-Ceyhan (8,71%) neft boru kəmərinin iştirakçısıdır. 2018-ci il mayın 30-da SOCAR və "Equinor” arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” sazişləri imzalanıb.

"Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib,1997-1998-ci illərdə kəşfiyyat qazması ilə strukturun neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətdə 120 kilometr aralıda, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. "Dan Ulduzu” və "Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilən "Aypara” sahəsi isə Bakıdan 90 kilometr şimal-şərqdə yerləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video