19 Noyabr 2019 21:00
420
CƏMİYYƏT
A- A+

DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın şəhər, rayon polis orqanlarında/Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla/polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.

Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında keçirilir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər və digər hüquq-mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş, Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və qeydiyyatda olan şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqə qaliblərinin təyinatı zamanı, ilk növbədə, həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il noyabrın 18-dən dekabrın 18-dək http://www.mia.gov.az/index.php?/az/content/29799/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını dolduraraq elektron poçt vasitəsilə [email protected] ünvanına, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.

Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi bilet (kişilər üçün), əmək kitabçası (olanlar üçün). Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

"Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı saytında yerləşdirilib.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-92-37, 590 -80-66, 590-93-27, 590-93-45, 590-93-64, 590-95-23.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video