14 Noyabr 2019 00:44
2422
PARLAMENT
A- A+

2020-ci ilin dövlət büdcəsi inkişafın real göstəricisi olacaq


Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi (birinci oxunuş) davam etdirildi.


Xərclərin artımı inkişaf proseslərinin nəticəsidir


Parlamentin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev dedi ki, büdcə xərclərində baş verən keyfiyyət dəyişiklikləri ölkədə gedən inkişaf proseslərinin nəticəsidir. Respublikamızda aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.

Daha sonra Eldar Quliyev qeyd etdi ki, hazırda Bakı ətrafı kənd və qəsəbələrdə əhali sıxlığının artması ilə əlaqədar bəzi orta məktəblərdə yeni korpusların tikilməsinə ehtiyac yaranıb. Zabrat və Maştağa qəsəbələri ilə bağlı bəzi sosial məsələləri diqqətə çatdıran deputat, həmçinin bəzi ərazilərdə daxili və məhəlli yolların yenidən qurulmasını təklif etdi.

Deputat Mirzəcan Xəlilov diqqətə çatdırdı ki, Sumqayıtın Corat qəsəbəsində yeni uşaq bağçasının tikintisinə ehtiyac var.

"2020-ci ilin büdcəsi ümumdünya inkişaf templərinə yaxındır. Bu barədə danışan deputat Tahir Kərimli dedi ki, bütün bunlar ölkə rəhbərinin iradəsi sayəsində mümkün olub. Müdafiə xərclərinin növbəti illərdə də artırılmasının vacibliyini önə çəkən deputat, həmçinin Ağsu rayonunda bəzi kəndlərə yeni yolların çəkilməsini, nəqliyyat sıxlığını azaltmaq üçün Bakıda Bayıldan Zığa qədər gəmi xəttinin yaradılmasını təklif etdi.

"Aktuallığı və möhtəşəmliyi ilə 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın inkişafına, xalqımızın daha da yüksəlməsinə xidmət edəcək”. Bunu isə deputat Hüseynbala Mirələmov söylədi. Ölkəmizin hər yerində həyata keçirilən yaşıllaşdırma işlərinə diqqəti yönəldən Hüseynbala Mirələmov dedi ki, yeni ağacların qorunmasına da xüsusi diqqət göstərmək lazımdır. Deputat Lerik rayonunun kəndlərinə qaz və su çəkilişi ilə də bağlı təkliflərini diqqətə çatdırdı.


Azərbaycanın artan gücünün göstəricisi


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov dedi ki, 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın artan gücünün göstəricisidir. Bu baxımdan növbəti ilin büdcəsini Prezident İlham Əliyevin uğuru kimi dəyərləndirən komitə sədri bütün parametrlər üzrə xərclərin artırılmasını, icbari sığorta üçün vəsait ayrılmasını, cari xərclərin çoxaldılmasını, artan xərclərin əsasən sosial sferaya yönəldilməsini yüksək qiymətləndirdi. Deputat həmçinin gələn il üçün kino çəkilişlərinə ayrılan vəsaitin 5 dəfə artırılmasını mədəniyyətə göstərilən diqqət və qayğı kimi dəyərləndirdi.

"Azərbaycanda avtomobil bazasının dəyişdirilməsinə ehtiyac var”. Bunu isə deputat Şahin İsmayılov söylədi. Onun sözlərinə görə, statistik göstəricilərə nəzər salsaq, yol qəzalarının müəyyən bir hissəsi köhnə avtomobillərin payına düşür. Bu baxımdan əhalinin yeni avtomobil almasını asanlaşdırmaq, kredit şərtlərini sadələşdirmək, insanların yeni avtomobillərə əlçatanlığını təmin etmək lazımdır. Deputat onu da bildirdi ki, elektriklə işləyən avtomobilləri bütün növ rüsumlardan azad etmək məqsədəuyğun olar. Artıq dünyada bu sahədə yaxşı təcrübə var.


Mənfəətli neft və qazdan 149 milyard dollara yaxın vəsait əldə olunub


Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deputatların qaldırdığı bir sıra məsələlərə münasibət bildirdi. Qeyd etdi ki, indiyədək Dövlət Neft Fondunun hesabına neft-qaz əməliyyatlarından, mənfəətli neftin və qazın satışından 149 milyard dollara yaxın vəsait daxil olub. Bu, dünyada mədən sənayesində ən yüksək göstəricilərdəndir. Xarici şirkətlər tərəfindən dövlət büdcəsinə yüz milyonlarla vergi daxil olur. Azəri-Çıraq-Günəşli yatağından Azərbaycana 50 milyard kubmetrə yaxın təbii qaz təhvil verilib. Bunun dünya bazarlarında qiyməti milyardlarla dollar edir.

Valeh Ələsgərov tələbə yataqxanaları ilə də bağlı təkliflərini verdi. O, bütün dünyada istifadə olunan "Tik, istifadə et, təhvil ver” sxemi üzrə dövlətin vəsatindən istifadə etməməklə tələbələrin yataqxana ilə təmin olunmasının mümkünlüyünü bildirdi. Bunun üçün təmiz, şəffaf qaydalar yaratmaq, torpaq sahələri ayırmaq, texniki standartları müəyyən etmək və bunları biznesmenlərə təqdim etmək lazımdır.

Milli Məclis Sədrinin müavini Şəmkir və Samux rayonlarında Kür çayının şimalında yerləşən kəndlərin qazlaşdırılmasının vacibliyinə də diqqət çəkdi. Qeyd etdi ki, artıq Kürün o tərəfinə qaz xətti çəkilib. Lakin Kürün o tayında olan 8 kənddən 3-nə qaz verilib. Qalan 5 kənd qazsızdır.

Deputatlardan Elçin Quliyev, Hikmət Məmmədov, Rauf Əliyev, Zahid Oruc qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər.

Milli Məclisin Sədri Oqtay Əsədov müzakirələr zamanı deputatlardan 46 nəfərin çıxış etdiyini, digər deputatlara qanun layihəsinin ikinci oxunuşda söz veriləcəyini bildirdi.

Yekunda "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi.


DSMF-in büdcəsi 16,9 faiz artacaq


Daha sonra iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarıldı. Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Qeyd etdi ki, gələn il üçün büdcədə sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı üçün 4 mlrd. 825 mln. 508 min 800 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da əvvəlki illə müqayisədə 697 milyon manat çoxdur. Təkcə onu demək kifayətdir ki, bu büdcənin tərkibində transfertin həcmi 2012-ci ildə mövcud olan 42 faizdən gələn il üçün 29 faizə enərək 1 mlrd. 427 mln. manat təşkil edəcək. Bu büdcənin artan böyük məbləği məhz DSMF-in öz imkanları hesabına toplanacaq.

Hadi Rəcəblinin sözlərinə görə, sevindirici hal odur ki, Prezidentin apardığı struktur islahatların səmərəsi nəticəsində qeyri-leqal məşğulluğun bu il təxminən 160 min nəfərinin sığortaya cəlb olunması büdcənin artımında özünü kəskin surətdə göstərə bildi. Ehtimal var ki, bu artımlar gələn ildə çoxalacaq və DSMF əlavə vəsaitlərin toplanmasında mühüm rol oynayacaqdır. Rəqəmlər bir daha onu deməyə əsas verir ki, gələn il pensiyaların və əmək haqlarının artım tempi yerində saymayacaq və davamlı surətdə çoxalacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq əhalinin sosial müdafiəsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ildə dövlət başçısının fərmanları ilə iki sosial paket reallaşdırılmış, bu tədbirlər 4,2 milyon nəfər vətəndaşı əhatə etmiş, islahatların 2019-cu il üçün maliyyə tələbatı 2,3 milyard manat təşkil etmişdir. Cari ildə minimum əməkhaqları 93 faiz, minimum pensiya 72 faiz, sosial müavinətlər və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərin aylıq müavinətləri 50 faiz, təhsil alan tələbələrin təqaüdləri 20 faiz artırılmış, iki yeni Prezident təqaüdü təsis edilmiş, fiziki şəxslərin problemli kreditləri ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Bu artımlardan sonra Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın məbləği MDB ölkələri arasında alıcılıq qabiliyyəti indeksinə görə birinci yerdə, orta aylıq pensiyanın məbləği isə üçüncü yerdə qərarlaşıb.


Orta hesabla 85 min ailə ünvanlı sosial yardım alacaq


Cari ildə şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmələrin verilməsi davam etdirilib. 11 min 740 şəhidin 17 min 479 vərəsəsinə birdəfəlik ödəmə verilib. Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan digər şəxslər üçün mənzil və avtomobil təminatı proqramları da genişləndirilmiş, bu ilin sonuna qədər 934 mənzilin və 600 avtomobilin verilməsi təmin ediləcək. Bu proqramların icrası 2020-ci ildə davam etdiriləcək.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi məqsədi ilə cari ildə uşaqlar üçün 70 günərzi qayğı mərkəzi, 49 icma əsaslı sosial reabilitasiya mərkəzi, 12 autizm və daun sindromlu uşaq üçün psixoloji yardım mərkəzi, 2 eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzi, 2 görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi, 10 ahıllar üçün günərzi qayğı mərkəzi, 3 insan alveri qurbanlarının reabilitasiya mərkəzləri yaradılmışdır.

İclasda bildirildi ki, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi "Büdcə sistemi haqqında” və digər qanunlara uyğun hazırlanmış, bu zaman növbəti il üçün ölkənin iqtisadi və sosial inkişaf proqnozu əsas götürülmüşdür. Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2020-ci il üçün tərtib olunmuş büdcələrində gəlir və xərcləri əhəmiyyətli dərəcədə artmışdır. 2020-ci ildə DSMF-in gəlir və xərcləri 2019-cu ilə nisbətən 16,9 faiz çox proqnozlaşdırılır. Qeyri-büdcə təşkilatları üzrə 2020-ci il üçün daxilolmalar 1 milyard 985 milyon manat proqnozlaşdırılır. Bu, 2019-cu ilə nisbətən 310 milyon manat və ya 18,5 faiz çoxdur. 2020-ci ildə ünvanlı dövlət sosial yardım proqramına ayrılan vəsaitin həcmi də 50 milyon manat artırılacaq. Gələn il ümumilikdə orta hesabla 85 min ailənin ünvanlı sosial yardımla əhatə olunması proqnozlaşdırılır.


İşsizlikdən sığorta fondunun gəlir və xərcləri artacaq


Daha sonra "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə də (birinci oxunuş) məlumat verildi. Əhalinin məşğulluğu ilə bağlı tədbirləri daha da gücləndirmək məqsədi ilə 2020-ci il üçün İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır. Bu da 2019-cu ilin gözlənilən nəticəsinə nisbətən 29,8 milyon manat və ya 30,2 faiz çoxdur.

Müzakirələr zamanı Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fəzail Ağamalı, Jalə Əliyeva qanun layihəsi ilə bağlı təkliflərini bildirdilər.

Fasilədən sonra müzakirələr davam etdirildi.

Çıxış edən Əli Məsimli, Qənirə Paşayeva, Elmira Axundova, Sədaqət Vəliyeva və Cavid Osmanov sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və İşsizlikdən sığorta fondunun gələn il üçün büdcələrinin məqbul olduğunu qeyd etdilər. Deputatlar bir sıra sosial məsələlərlə bağlı təkliflərini də irəli sürdülər. Yekunda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deputatların qaldırdığı məsələlərə münasibət bildirdi.

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihələri birinci oxunuşda qəbul edildi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi barədə (birinci oxunuş) məlumat verdi. Qeyd etdi ki, gələn il yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində nəzərdə tutulur. Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə (birinci oxunuş) məlumat verdi. Bildirdi ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur. Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Hadi Rəcəblinin təqdimatından sonra "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri birinci oxunuşda qəbul edildi.

Büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi bu gün davam edəcək.

Rəşad CƏFƏRLİ,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video