09 Noyabr 2019 01:13
1396
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbi Polis Akademiyası ilə “İnformasiya təhlükəsizliyi” üzrə əməkdaşlığa başladı


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə hər iki təhsil müəssisəsinin nümayəndələri də iştirak ediblər.

Görüşün məqsədi təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, hər iki təhsil müəssisəsi, həmçinin onların elmi-pedaqoji kollektivləri arasında sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılmasıdır.

Qonaqlar əvvəlcə BANM-in tədris binasında tələbələrin hərtərəfli təhsil alması üçün yaradılan şəraitlə, tədris otaqları, çoxfunksiyalı laboratoriyalar, muzey, server otaqları və idman zalları ilə yaxından tanış olublar.

Qonaqları salamlayan rektor Elmar Qasımov onları Ali Məktəbdə görməkdən şad olduğunu bildirib.

O, ali məktəbin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, tədris prosesi, yeniliklər barədə ətraflı məlumat verib. E.Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbində yüksək ixtisaslı ingilisdilli mühəndis kadrları hazırlanır. Ali Məktəbdə beynəlxalq tədris proqramlarına əsasən tədris aparıldığını qeyd edən rektor Böyük Britaniyanın Heriot-Vatt, ABŞ-ın Corc Vaşinqton Universiteti, İsveçrənin Cenevrə Biznes Məktəbi ilə sıx əməkdaşlıq edildiyini, tələbə və təcrübə mübadiləsi həyata keçirildiyini bildirib. Bundan başqa, rektor BANM tələbələrinin nüfuzlu yerli və transmilli şirkətlərdə istehsalat təcrübəsi keçdiyini vurğulayaraq, məzunların hər birinin işlə təmin olunduğunu qeyd edib.

"Sizin rəhbərlik etdiyiniz Polis Akademiyasında da bu ildən "İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisinə başlanılıb. 2018-ci ildən etibarən Bakı Ali Neft Məktəbində də bu ixtisas üzrə qəbul həyata keçirilir. Qeyd edim ki, cari tədris ilində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisaslar olub” deyə E.Qasımov əlavə edib.

O, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, bu il Bakı Ali Neft Məktəbinin yüksək bal toplayan 23 tələbəsinin Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında ətraflı məlumat verib. BANM ilə Polis Akademiyası arasında əlaqələrin zəruriliyindən danışan rəis Azərbaycan vətəndaşına və dövlətinə xidmət edən mütəxəssislərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılmasının vacib olduğunu deyib.

N.Əliyev bildirib ki, Polis Akademiyasında "İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə kursantların qəbulu həyata keçirilir: "Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunmasının qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar qəbul edilib və sərəncamlar imzalanıb. Bununla belə hesab edirəm ki, informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində nəzəri biliklərin artırılması üçün bu sahədə mütəxəssislər hazırlayan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi zəruridir”.

Sonda təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə nəzərdə tutulan elmi-pedaqoji qrupların və tələbələrin mübadiləsi, tədris fənlərinin proqramları, iş planları və təlim-tədris texnologiyaları, qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əlaqələrin intensivləşdirilməsi qərara alınıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video