09 Noyabr 2019 01:11
684
CƏMİYYƏT
A- A+

Dəyişən dünya


Yaxud ABŞ-ın Silikon vadisi ilə Qubanın Haput kəndini nə birləşdirir


"Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ avtomobil minməyiriz”.

Mirzə Ələkbər Sabirin bu iki misrasına günümüzün reallıqları prizmasından nəzər salanda fikirləşirsən: "Vallah, elə "balonlar”ı minməyə başlamışıq ki, əcnəbilərin 100 il bundan sonra ağlına belə gəlməz”. Əgər Sabir sağ olsaydı, bu iki misranın üstündən xətt çəkərdi və yerinə eləsini yazardı ki, millətin bir zümrəsinin dəymişi qalıb, kalı tökülərdi. Nədən yazardı? Onu özünüz tapın.

Sizə çətin deyilsə, evdən işə gedəndə yolda, ali məktəblərin və kolleclərin həndəvərində, avtobuslarda, metroda əllərindən qaloş boyda smartfonları buraxa bilməyən minlərlə adamı bir qədər diqqətlə müşahidə edin. Hamısı sanki ayrı dünyanın sakinləridir - bədənləri yol gedir, avtobusa əyləşir, metroya minir, amma ruhları ayrı yerdə, ayrı məkandadır. Sanki "qaloşlar”dan asılıb gəzənlər yadplanetlilərdir, bizim reallıqların onlara zərrəcə dəxli yoxdur.

Amma hiss olunur ki, elm öyrənmirlər, faydalı nəyəsə baxmırlar, internet dili ilə desək, mesajlaşırlar, yaxud kəndimizin ağbirçəyi rəhmətlik Gülsabah bibi demişkən, mırtlaşırlar. Kiməsə nəsə yazırlar, göndərirlər, sonra ötəri gülümsəyirlər, cavab alırlar, oxuyanda üzlərinin ifadəsindən görürsən ki, dədəsindən, anasından eşitmədiyi sözlərə rast gəlib. Səhər durun, aynabənddən həyətə boylanın. Görəcəksiniz ki, blokdan ayağını bayıra qoyan qonum-qonşu xanım və bəylərin bir parası tez çantasından "qaloş”u çıxarıb nəsə yazır. Yuxarıdan baxanda elə bil ki, əlindəki telefon yox, yol göstərən bələdçidir. Söndürüb gizlətsə, azacaq, yolu tapmayacaq. Bəli, etiraf edək ki, qathetlərdən, mobil telefonlardan və sosial şəbəkələrdən asılı yeni nəsil yetişməkdədir.

Artıq bu nəsil küçə, bayır, avtobus və metro ilə kifayətlənmir. İndi ad günlərində, toylarda belə, çox adam əlində çəngəl, bıçaqdan çox ağıllı telefon saxlayır. Sanki bu cihaz onların bədəninin, beyninin bir parçasına çevrilib. Hamı selfi çəkir. Təbəssümləri, göndərdikləri öpüşlər saniyəbəsaniyə çəkilir. Xülasə, toy qalır bir yana, hərəsi özünə əlində toydan fotoreportaj hazırlayır. Bir kişi də tapılmır ki, ya öz telefonunu yana tullasın, ya da yanındakına desin: "Bəsdi, yığışdır özünü, sən Sofi Lorensən bəyəm?” Bir kişi cınqırını çıxarsa, on arvad birdən atılar üstünə ki, ayıbdı, otur yerində, hoqqa çıxarma, zəmanə dəyişib.

Zəmanə isə doğrudan da dəyişib. İnsanlar artıq sosial şəbəkələrə elə pərçimləniblər ki, real həyatın çoxlarına dəxli yoxdur. Hamı, bütün qohum-əqrəba sosial şəbəkədə ünsiyyət qurur. Bütün ad günləri, bayramlar orda keçirilir, bütün şəkillər çay kimi hamının evindən ora axır.

Amma həngamə bununla bitmir. Bir də oxuyursan ki, ərinin ad gününü təbrik edir, millətin gözü qabağında açıq yazır ki, birtanəm, yaxşı ki sən varsan. Kişi də cavabına ondan betərini yazır. Axı, biz belə deyildik, kim, nə vaxt yorğanın altında deyilən kəlmələri sosial şəbəkələrin şəridinə sərir? Cavanlar deyəcək ki, bu yaşlılar kələfin ucunu itiriblər. Bizim nəsil də, bizdən əvvəlkilər də ər-arvada aid olan sözü çölə çıxarmazdılar. Gəlin gələrdi ər evinə, özündən böyüklərin yanında yaşmaq vurardı, evdəkilər hədiyyəsini alandan sonra kəlmə kəsərdi, danışardı. Hər şeyin öz ölçüsü, hər kəsin öz yeri var idi. İndi hamının yeri nəsə səhv düşüb.

Bu gün təzə doğulan uşaq da görür ki, ata-anasının əlindən smartfon düşmür. Aramsız olaraq körpənin şəkilləri çəkilir, videoları paylaşılır. Bu, sözsüz ki, hamıya sevinc bəxş edir, ancaq körpə də buna alışır, yaşı tamam olar-olmaz mehrini mobil telefona salır, 4-5 yaşında isə artıq onun əlindən telefonu almaq mümkün olmur.

Biz uşaq olanda oyunlarımız telefona bağlı deyildi. "Qaçdı-tutdu”, "gizlənpaç”, "çiling-ağac” oynayardıq. Əmioğlu, xalaoğlu, dayıoğlu, bibioğlu həmişə bir yerdə idik. Darıxardıq bir-birimiz üçün, o üzdən qonaq gedib-gələrdik. Sosial şəbəkələr inkişaf edəndən sonra qohumluq əlaqələri də zəifləyib, hamı bir-birindən aralı düşüb. Deyəcəksiniz bu təbiidir, belə də olmalıdır.

Amma gəlin özümüzə bir sual verək. Görəsən dünyanın hər yerində belədirmi?

ABŞ-ın Kaliforniya ştatında San-Fransisko ilə San-Xose arasında Silikon vadisi (Silicon Valley) deyilən məşhur bir ərazi var. Yeni texnologiyaların, internet proqlamlarının hazırlanması ilə məşhurdur. Rəqəmsal dünyanın ən məşhur şirkətləri burada yerləşir. Kompüterlər üçün proqram təminatı hazırlayan, internet vasitəsilə mal və xidmətlər satan çoxsaylı müəssisələrin burada cəmləşməsini nəzərə alaraq son zamanlar bu regionu internet vadisi də adlandırırlar. Kompüter istehsalı və xidmətləri, proqram təminatı sahəsində varlanan sahibkarlar burada öz uşaqları üçün fərqli bir məktəb də yaradıblar. Burada heç bir məktəbdə tətbiq olunmayan ciddi qaydalar hökm sürür. Ən başlıcası isə odur ki, bu məktəbdə 15 yaşınadək uşaqlara kompüterlərdən istifadə etmək qadağan olunub! Mobil telefonların da istifadəsinə qadağa qoyulub. Dərslərin heç birində televizorun, adi monitorun belə istifadəsinə icazə verilmir. Uşaqlar yalnız qələm, dəftər və kitabdan istifadə edirlər. Bizdə isə uşaq 10 yaşından dədəsinin boğazına çökür ki, özünə telefon aldırsın! Əgər sosial şəbəkələr, mobil telefonlar bu qədər faydalıdırsa, niyə onun istehsalçıları öz övladlarına qadağa qoyurlar?!

Axı Qərbdə hamı öz malını tərifləyir, reklam edir. Orada hətta "it yeməyini yemək” kimi bir termin də var. Mənası odur ki, it-pişik üçün yem istehsal edən şirkətlər mallarını alıcılara reklam edərkən onu özlərinin necə yediklərini də göstərirlər. Bununla onlar alıcılarına anladırlar ki, istehsal etdikləri yem hətta insan üçün də ziyanlı deyil, onu rahatlıqla yemək mümkündür. Əgər belədirsə, onda nə üçün Silikon vadisində kompüterlərin, yeni proqramların və sosial şəbəkələrin hesabına milyardlara sahib olan varlılar uşaqlarına öz məhsullarından "yeməyə” icazə vermirlər, müəyyən yaşadək istifadə etməyə qadağa qoyurlar?!

İnternet resurslarında kifayət qədər geniş məlumat bazaları mövcuddur, onlardan faydalananlar da çoxdur. Lakin Silikon vadisindəki yaş məhdudiyyətləri belə qənaətə gəlməyə əsas verir ki, hər halda internet resurslarından müəyyən yaş həddinədək ehtiyatla davranmaq lazımdır.

Dünyada inkişaf etmiş ölkələrə fikir verəndə görürsən ki, onların uğurunun əsas səbəbi genetik dəyərlərə söykənməsində, inkişaf yollarını tarixlərində və milli xarakterlərinin incəliklərinə arxalanmasındadır. Bu baxımdan bizim üçün də vacibdir ki, müasir dünya təcrübəsinə, yeni texnologiyalara söykəndiyimiz qədər də milli-mənəvi dəyərlərimizdən bəhrələnək, bir xalq kimi üstün cəhətlərimizi inkişaf etdirək. Bununla bağlı bir olayı xatırlamaq yerinə düşərdi. Bu yay "Azərbaycan” qəzeti italyan fotoqrafı Aleksey Pivovarovla bir layihənin üstündə çalışırdı. Layihənin mahiyyəti ondan ibarət idi ki, biz rus mənşəli İtaliya fotoqrafının gözü ilə Azərbaycana baxaq. O çəkirdi, biz yazırdıq. Onu da xatırladaq ki, A.Pivovarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təsisçisi olduğu "Baku” jurnalının xətti ilə Azərbaycanda dəfələrlə olub və bütün ölkəmizi beş barmağı kimi tanıyır. Onunla Qubada olduq, Haput kəndində gəcələdik. Aleksey bilirsinizmi nələri kameranın yaddaşına köçürdü? Kənd uşaqlarını, onların oyunlarını. Yamacda oğlanlar ayrı, qızlar da ayrıca öz oyunlarını oynayırdılar. Bir tərəfdə oğlan uşaqları qol güləşdirib güclərini sınayır, at minir, digər tərəfdə də qızlar əl-ələ tutub dövrə vurub mahnı oxuyurdular. Bizə adi gəlsə də, Aleksey heyrətləndi ki, nadir səhnələrdir, indi dünyanın heç yerində uşaqlar belə oynamırlar. Onlar bu dağların, bu təbiətin bir parçasıdırlar və səhərdən axşamadək kompüterdə oynayan yaşıdlarından fərqlənirlər. Belə çıxır ki, Silikon vadisində biznesmenlər də dərk edirlər ki, uşağı Haputdakı kimi təbiətdən və reallıqlardan ayırmaq düzgün deyil.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunması istiqamətində çox vacib addımlar atır. Onun bu istiqamətdə gördüyü işlər dövlət başçısının ölkəmizdə apardığı islahatlara güclü dəstək verir, milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynayır. Onu da qeyd edək ki, məsələ ana xətt kimi dövlət başçısının əksər çıxışlarından keçir.

Prezident İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edərkən gənclərin irəli çəkilməsinin, onlara yol verilməsinin zəruriliyini bir daha vurğulamışdır: "Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar”.

Bu baxımdan biz sağlam nəsil yetişdirmək istəyiriksə, ona övladlarımızın körpəliyindən başlamalıyıq. Özü də bu, bütün cəmiyyətin işi olmalıdır. Yəni hər birimiz çalışmalıyıq ki, övladlarımız internet resurslarında, sosial şəbəkələrdə əriyib itməsinlər, milli dəyərlərimizın, milli əxlaqımızın zəngin çalarlarını qoruyub saxlasınlar.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video