08 Noyabr 2019 16:25
870
Mədəniyyət
A- A+

Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinə dair beynəlxalq konfrans keçirilib


Əl-Xarəzmi adına Urgənc Dövlət Universitetində "Azərbaycan və Özbəkistanın ədəbi əlaqələri: Hüseyn Cavid və Abdulhəmid Çolpan-dünya dramaturgiyasının zirvəsi” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və özbəkistanlı alimlər, elm, mədəniyyət və incəsənət xadimləri, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.

Əvvəl universitetin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib.

Universitetin prorektoru, professor Dilşod Qaipov konfransı açaraq ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb, bildirib ki, indiki dövrdə də bütün istiqamətlərdə, o cümlədən ədəbi, mədəni-humanitar sahələrdə əməkdaşlıq durmadan inkişaf edir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində universitetdə iki ölkə arasında ədəbi əlaqələrə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb, ötən əsrin əvvəllərində Azərbaycan maarifçilərinin, ziyalılarının Orta Asiyaya gəlişi, insanların maariflənməsində yaxından iştirakı, tarixən şair və yazıçılarımız arasında olan yaradıcılıq əlaqələri haqqında söhbət açıb.

Konfransın dahi dramaturqlarımız Hüseyn Cavid və Abdulhəmid Çolpan yaradıcılığına həsr edildiyinin təsadüfi olmadığını, hər iki şəxsin Azərbaycan və özbək xalqlarının azadlığı, maariflənməsi üçün mücadilə etdiklərini və bu yolda öz canlarını fəda edərək, repressiya qurbanları olduğunu bildirib. Dövlətlərimizin bu azadlıq carçılarının əziz xatirəsini əbədiləşdirdiyini qeyd edən Samir Abbasov bu gün Hüseyn Cavid və Abdulhəmid Çolpan xatirəsinə ən böyük hədiyyənin dövlətlərimizin müstəqilliyi və xalqlarımızın azadlığa qovuşması olduğunu söyləyib. S.Abbasov vurğulayıb ki, foyedə keçirilən kitab sərgisindəki əsərlər universitetə hədiyyə olunub.

"Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva Özbəkistanın Xarəzm vilayətində iki ölkə arasında ədəbi əlaqələrə işıq salan konfransın əhəmiyyətini qeyd edərək, millətlərimizin azadlığı və hürriyyəti üçün öz canlarından keçən Cavid və Çolpan yaradıcılığından danışıb.

Cavid yaradıcılığının yalnız Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının dramaturgiyasının zirvəsi olduğunu qeyd edən Sona Vəliyeva özbək xalqının, türk dünyasının yenilməz sərkərdəsi Əmir Teymur haqqında yaratdığı əsərlə Hüseyn Cavidin öz adını ədəbiyyat tariximizə qızıl hərflərlə yazdırdığını bildirib. Dramaturqun yaradıcılığına ən böyük töhfənin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edən alim 1982-ci ildə məhz ümummilli liderin rəhbərliyi ilə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğulduğu Naxçıvan torpağına gətirilərək dəfn edildiyini vurğulayıb.

Azərbaycanlı alim, professor Kamran Əliyev, "Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, özbək alim və tərcüməçi Babaxan Şərif, professor Həmidulla Baltabayev, dosent Adxambek Alimbekov ədəbi əlaqələrimizdən, alim, şair və yazıçılarımızın dostluğundan danışıblar.

Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Urgənc Dövlət Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Tərəflər elm, təhsil, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, universitetdə Azərbaycan Dili Mərkəzinin və Fondunun yaradılmasına dair razılıq əldə ediblər.

Tədbir çərçivəsində iki ölkə arasında ədəbi əlaqələr sahəsindəki xidmətlərinə görə azərbaycanlı alim Sona Vəliyevanın Urgənc Dövlət Universitetinin fəxri professoru seçildiyi elan edilib və bununla bağlı sənəd ona təqdim olunub.

Konfransda universitetin tələbələri Sona Vəliyevanın şeirlərini də söyləyiblər.

Xatırladırıq ki, mədəniyyət günləri AMM-nin, "Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı "Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video