21 Oktyabr 2019 16:23
816
İQTİSADİYYAT
A- A+

İqtisadi islahatlar real nəticələr verir


Şahin MUSTAFAYEV: "Prezident İlham Əliyevin hər bir tapşırığı üzrə ayrıca əhatəli Tədbirlər Planı hazırlanır”


"Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı qarşıdakı dövr üçün mühüm və konkret vəzifələr müəyyənləşdirib. Cənab Prezidentin verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq əlavə iqtisadi artım mənbələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi, işgüzar fəallığın daha da artırılması, iqtisadi subyektlərin əlavə dəyərin yaradılmasında iştirakının genişləndirilməsi üçün tədbirlərin görülməsi istiqamətində araşdırma və təhlillər aparılır”.

Bu fikirləri Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyində reallaşan kollegiya iclasında nazir Şahin Mustafayev söyləyib. Prezidentin verdiyi tapşırıqların icrası istiqamətində nazirlik tərəfindən görülən və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verən Şahin Mustafayev vurğulayıb ki, beynəlxalq maliyyə institutlarının təcrübəsi nəzərə alınmaqla, dövlət dəstəyi tədbirlərinin və investisiyaların iqtisadi artıma təsirinin qiymətləndirilməsi üzrə yeni metodologiyanın ekspertlərin cəlb olunması ilə hazırlanması işləri həyata keçirilir.


9 ayda əsas kapitala 10,1 milyard manat sərmayə yatırılıb


İqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək müşavirədə Prezident İlham Əliyevin bu ilin 9 ayının sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirdiyini diqqətə çatdırıb. Belə ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər və köklü islahatlar nəticəsində bu dövrdə ÜDM 2,5 faiz, qeyri-neft ÜDM-i 3,5 faiz artıb. ÜDM-də qeyri-neft sektorunun payı 60,7 faiz təşkil edib. Sənayedə 1,7 faiz, qeyri-neft sənayesində 15,6 faizlik məhsul istehsalının artımına nail olunub. Toxuculuq sənayesi 39,2 faiz, kimya sənayesi 20,6 faiz, tütün məmulatları istehsalı 78,5 faiz, qida məhsulları istehsalı 15,1 faiz, içki istehsalı 40,4 faiz, ağac emalı və istehsalı 99 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2 faiz, kənd təsərrüfatı 7,1 faiz, rabitə xidmətləri 16,4 faiz artıb. Tikinti sahəsində 5,6 faiz azalma olub.

Azərbaycanın xarici dövlət borcu ÜDM-in 17 faizini təşkil edir. Bu göstəriciyə görə ölkəmiz dünyada doqquzuncu yerdə qərarlaşıb. Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10,1 milyard manat sərmayə yönəldilib ki, onun da 6,3 milyard manatı qeyri-neft sektoruna, o cümlədən 1,2 milyard manatı qeyri-neft sənayesinə yatırılıb.

İnflyasiya 2,6 faiz təşkil edib, ərzaq məhsulları 3,5 faiz, qeyri-ərzaq məhsulları 1,3 faiz, xidmətlər 2,4 faiz bahalaşıb. Əhalinin gəlirləri 6,7 faiz artıb və inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.

Doqquz ayda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8 faiz artaraq 25,3 milyard dollar, xarici ticarət saldosu müsbət 4,5 milyrad dollar təşkil edib. Qeyri-neft ixracı 15,5 faiz artmaqla 1,4 milyard dollara çatıb, sənaye məhsullarının ixracında 13,1 faiz, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faiz artıma nail olunub.

Bu dövrdə 186 ölkə ilə ticarət əlaqələri aparılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxdur. Xarici iqtisadi fəaliyyətlə məşğul olanların sayında 81,4 faiz artım müşahidə olunub, ixrac məhsul çeşidlərinin sayı artaraq 2780-ə çatıb.

2020-ci ildə qeyri-neft ixracının 20 faiz artımı proqnozlaşdırılır.

Şahin Mustafayev vurğulayıb ki, müşavirədə dövlət başçısı qarşıdakı dövr üçün mühüm və konkret vəzifələr müəyyənləşdirib. Belə ki, Prezident İlham Əliyev iqtisadi inkişafı şərtləndirən islahatların dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsi hesabına yüksək iqtisadi artıma nail olunması, bu sahəyə daha çox xarici investisiyaların cəlb edilməsi, sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması və təhlilində əhatəliyin və dəqiqliyin təmin olunması, Sahibkarlığın İnkişafı Fondunun, bank sektorunun və investisiyaların qeyri-neft sektorunun inkişafında və məşğulluğun artırılmasında rolunun gücləndirilməsi, büdcə xərclərinin səmərəliliyi ilə bağlı əsaslı təhlillərin aparılması, şəffaflığın təmin edilməsi və s. istiqamətlərdə tapşırıqlar verib.


Sənaye parklarında 564 milyon manatlıq məhsul istehsal edilib


İqtisadiyyatın aparıcı sahələrinin inkişafı istiqamətində görülən işlərdən danışan Şahin Mustafayev dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi tədbirlərinin daha effektiv şəkildə davam etdirildiyini bildirib.

Hazırda mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 milyard manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 milyon manat yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Bu ilin 9 ayında sənaye parklarında 564 milyon manatlıq məhsul istehsal edilib ki, bunun 233 milyon manatlıq hissəsi ixrac olunub.

Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili davam etdirilir. Ölkənin regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 milyon manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. Sənaye məhəllələrinə daha 90 milyon manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

Hazırda ölkənin digər bölgələrində də sənaye zonalarının yaradılması ilə bağlı araşdırma və təhlillər aparılır. Bu ilin sonunadək bölgələrdə daha 2 sənaye zonasının (sənaye parkı və ya məhəlləsi) təşkili barədə təkliflər aidiyyəti üzrə təqdim ediləcək.


İnvestisiya fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanır


İclasda dövlət investiya proqramı çərçivəsində görülən işlər müzakirə edilib, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması, nəzarətin daha da gücləndirilməsi üçün beynəlxalq təcrübə nəzərə alınmaqla yeni mexanizmlərin tətbiqinin əhəmiyyətli olacağı vurğulanıb.

Qeyd edilib ki, investisiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanıb. Özəl sərmayə qoyuluşunun prioritetliyi nəzərə alınaraq, iqtisadiyyatın investisiya cəlbediciliyinin stimullaşdırılması məqsədilə investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, "Azərbaycana sərmayə” ("İnvest in Azerbaijan”) və "Azərbaycanda ilk” ("First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanıb.

Bundan başqa, Türkiyə, Çin və digər ölkələrdə Azərbaycanın investisiya imkanlarının geniş təqdimatı nəzərdə tutulur. Növbəti illərdə özəl investisiyalarin orta hesabla 11 faizlik artımı gözlənilir.

Kollegiyada ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi barədə müvafiq tapşırıqlar verilib. İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən iqtisadiyyat naziri bildirib ki, indiyədək 346 sahibkara investisiya dəyəri 3,9 milyard manata yaxın olan layihələr üzrə 407 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2940 təsdiqedici sənəd verilib. Layihələrin 59 faizi sənaye, 40 faizi kənd təsərrüfatı, 1 faizi isə turizm sahələrini əhatə edir. Bu layihələrin icrası nəticəsində 27 mindən çox iş yerinin açılacağı gözlənilir. Artıq 245 sahibkarlıq subyekti üzrə 270 layihə fəaliyyətə başlayıb və 19 minə yaxın iş yeri açılıb. 9 ayda isə sahibkarlara investisiya dəyəri 807,6 milyon manat olan layihələr üzrə 75 investisiya təşviqi sənədi verilib, texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ümumilikdə 730 təsdiqedici sənəd təqdim edilib.


Sahibkarlara 130 milyon manatlıq güzəştli kredit verilib


Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin nəqliyyat-tranzit qovşağına çevrilməsi Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur.

Bu ilin 9 ayında ölkənin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəticəsində yük daşımaları 1,6 faiz artıb. Bu dövrdə qeyri-neft tranzit daşımaları 43 faiz artmaqla 2,1 milyon tondan çox olub. "Şimal-Cənub nəqliyyat dəhlizi” ilə tranzit daşımaların həcmində 77 faiz, "Şimal-Qərb nəqliyyat dəhlizi” ilə tranzit daşımalarda 53 faiz artım qeydə alınıb. Bu sahədə işlərin səmərəliliyinin daha da yüksəldəcək, əlavə iqtisadi artım üçün yeni imkanlar yaradacaq.

İclasda qeyd olunub ki, bu ilin 9 ayında da özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib. Bu dövrdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşür. Bu ilin 9 ayı ərzində fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə istifadəyə verilib.

Əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə həyata keçirilib, logistik mərkəzlərin yaradılması işlərinin davamı olaraq son illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına 313 milyon manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 milyon güzəştli kredit verilib. Bu isə, ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərir.

İxracın dəstəklənməsi məqsədilə ilin 9 ayında 8 beynəlxalq sərgidə sahibkarların vahid ölkə stendi ilə iştirakı təmin edilib, müxtəlif ölkələrə 7 ixrac missiyası təşkil olunub, 90 sahibkarlıq subyektinə 16 ölkəyə 120,4 milyon dollar dəyərində məhsul ixracına görə 7,2 milyon manat ixrac təşviqi ödənilib.

Əlavə iqtisadi artım resurslarının cəlb olunması işlərinin tərkib hissəsi olaraq ölkənin 33 rayonunda 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 764 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 192 milyon manat dövlətin güzəştli kredit vəsaitləri ayrılıb. Əlavə olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi hesabına qənaət olunmuş 25,2 milyon manat vəsait layihələrin icrasına yönəldilib. Aqroparklardan 28-i artıq istifadəyə verilib, ilin sonunadək daha 5-nin istifadəyə verilməsi gözlənilir.


Ölkə üzrə KOB dostlarının sayı 18-ə çatdırılıb


İclasda mikro, kiçik və orta sahibkarlığın (KOB) iqtisadiyyatda rolunun artırılmasının sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olduğu diqqətə çatdırılıb. Bu baxımdan KOB-lara dəstək məqsədi ilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin yanvar-sentyabr ayları ərzində sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb.

Bu dövrdə 8 KOB Dostu fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə KOB dostlarının sayı 18-ə çatdırılıb. KOBİA-nın dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün mobil emalatxana, Abşeron rayonunda kombi istehsalı zavodu fəaliyyətə başlayıb, Şəmkirdə istixana təsərrüfatının fəaliyyətinin genişləndirilməsinə dəstək göstərilib. Sahibkarlara bütün dövlət-biznes ("G2B”) və biznes-biznes ("B2B”) xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təşkili və "e-KOB evi” portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir.


Gələn il qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 4,8 faiz artacaq


İqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanması prosesi barədə danışan Şahin Mustafayev proqnozların mütəmadi olaraq ölkə iqtisadiyyatının mövcud inkişaf səviyyəsi, qlobal meyillər və çağırışlar nəzərə alınmaqla yeniləndiyini qeyd edib. Bu sahədə işlərin təkmilləşdirilməsi, baş verən iqtisadi proseslərə daha çevik və adekvat yanaşmanın təmin olunması məqsədilə nazirlikdə aparılan institusional tədbirlərin genişləndirilməsi qərara alınıb.

Nazir vurğulayıb ki, görülən işlər, möhkəm iqtisadi təməl qarşıdakı 2020-ci ildə inkişafın davamlılığına əsas yaradır. Belə ki, ÜDM-in real artımının 3 faiz, o cümlədən neft sektoru üzrə 1,6 faiz, qeyri-neft sahəsində isə 3,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 4,8 faiz artacaq. Proqnozlara görə, 2020-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 65 faizi ötəcək.

2020-ci ildə əsas kapitala investisiya qoyuluşunun 18,3 milyard manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 milyard manatı daxili, 6,1 milyard manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır.

Qeyri-neft investisiyalarına əsaslanan artımın əldə edilməsi üçün iqtisadi fəaliyyət subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, maliyyə dərinliyinin Strateji Yol Xəritəsində müəyyən olunmuş 60 faizə çatdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Buna nail olmaq vacibdir.

Şahin Mustafayev iqtisadi müşavirədə dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, müşavirədə verilmiş proqram xarakterli hər bir tapşırıq üzrə ayrıca əhatəli Tədbirlər Planının hazırlanması qərara alınıb.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video