20 Oktyabr 2019 16:45
584
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa İttifaqının (Aİ) sözçüsünün oktyabrın 19-da Bakıda aksiyanın keçirilməsi cəhdi ilə bağlı açıqlamasına dair AZƏRTAC-ın sualını cavablandırıb.

Bununla bağlı Leyla Abdullayeva deyib: "Təəssüflə qeyd etmək istərdim ki, Avropa İttifaqının sözçüsü tərəfindən verilən açıqlamada qeyd edilmir ki, bu aksiyanın keçirilməsi üçün Bakı şəhərinin digər ərazisində müvafiq yer ayrılmışdı. Aksiya iştirakçısı olan bir qrup şəxs isə icazəsiz şəkildə həftəsonu əhalinin istirahət etdiyi və sıx olduğu, mərkəzi küçələrə çıxmışdı. Bu qanunsuz aksiyaya görə 3 metro stansiyası və 14 avtobus xətti bağlanmış və şəhərdə insanların hərəkətinə maneələr yaranmışdır. Qeyd etmək istərdim ki, aksiya iştirakçılarına qarşı hər hansı zorakılıq tətbiq olunmamış və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən yayılmış rəsmi açıqlamada qeyd edildiyi kimi, saxlanılan şəxslərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışdır. Bakıdakı hadisələri yaxından izləyən Avropa İttifaqının yəqin ki, bu məlumatlardan xəbəri olmalı idi.

Qeyri-qanuni aksiyaların və hüquqazidd əməllərin qarşısının alınması hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycan Respublikasında da müvafiq hüquq-mühafizə qurumları tərəfindən təmin olunur. Aİ üzv ölkələrində baş verən qanunsuz aksiya iştirakçılarına münasibətdə görülən tədbirləri hamımız izləyirik və hesab edirik ki, bu məsələdə ikili standartlara yol verilməməlidir. Aİ sözçüsünə İttifaqın üzv ölkələri ərazisində son zamanlar kütləvi hal daşıyan iğtişaşlarda istifadə olunan güc və insan ölümü halları barədə, eləcə də bu ölkələrdə artmaqda olan islamofobiya, radikal millətçi, hətta faşist partiyalarının fəaliyyəti haqqında düşünməyi tövsiyə edirik. Qeyd olunan məsələlərlə bağlı Aİ-nin açıqlamalarının verilməsi digər ölkələr tərəfindən İttifaqın fərqli standartlara yol vermədiyinə inamı artıra bilərdi”.

Leyla Abdullayeva əlavə edib ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin olunur və bu proses ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyası, digər müvafiq qanunları, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və beynəlxalq öhdəlikləri vasitəsilə tənzimlənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video