20 Oktyabr 2019 02:10
3373
CƏMİYYƏT
A- A+

Şəffaf xidmət, asan qulluq


Prezident İlham Əliyevin 5 il öncə açılışını etdiyi Sabirabad "ASAN xidmət” mərkəzinin fəaliyyətindən indiyədək 1 milyondan çox vətəndaş yararlanıb


Muğan, Mil və Şirvan düzünün kəsişdiyi, ana Kürlə xan Arazın birləşdiyi Suqovuşanda - Sabirabad rayonundayıq. Şimaldan Kürdəmir, şimal-şərqdən Hacıqabul, şərqdən Şirvan, cənub-şərqdən Salyan, qərbdən Saatlı, cənubdan Biləsuvar, yəni 6 rayonla həmsərhəd olan Sabirabadın müasir siması xoş təəssürat yaradır.

Rayonda sosial-iaşə obyektlərinin, müxtəlif təyinatlı müəssisələrin fəaliyyəti onu deməyə əsas verir ki, burada kiçik və orta sahibkarlıq inkişaf mərhələsindədir. Əhalinin sosial problemlərinin həlli istiqamətində də uğurlu layihələr həyata keçirilir.

Sumqayıt və Gəncə şəhərlərindən sonra ölkə rayonlarında ilk "ASAN xidmət” mərkəzinin açılışı da, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "ASAN” Könüllülərinin I Ümumrespublika Forumu da Sabirabadda reallaşıb. Gəlişimizin məqsədi də 4 ildir Sabirabad, Neftçala, Biləsuvar, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, Beyləqan və Füzuli rayonlarında qeydiyyatda olan vətəndaşların xidmətində olan bu mərkəzin fəaliyyəti ilə tanışlıqdır.


Gün ərzində 900-1200 vətəndaşa xidmət


Rayonun Heydər Əliyev prospekti, 128 ünvanında yerləşən mərkəzin açılış mərasimi 2014-cü ilin dekabr ayının 15-də keçirilib. Prezident İlham Əliyevin yaratdığı yeni Azərbaycan brendi 5 yanvar 2015-ci il tarixdən fəaliyyətə başlayıb.

Artıq 4 ildir ki, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində öz prinsiplərinə, missiyasına sadiq qalan "ASAN xidmət” mərkəzində bu gün 12 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Xarici İşlər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qida Təhükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir.

Sabirabad "ASAN xidmət” mərkəzində fəaliyyət göstərən dövlət orqanları və funksional yardımçı xidmətlər tərəfindən ümumilikdə gün ərzində 900-1200 vətəndaşa xidmət göstərilir. Bugünə qədər mərkəzə 1 milyondan çox vətəndaş müraciət edib. Ay ərzində mərkəzdə 20-25 nəfər könüllü çalışır.


Məlumat Mərkəzi - operativlik və nəzakətlilik


Sabirabad "ASAN xidmət” mərkəzi müasir tələblərə cavab verən dördmərtəbəli inzibati binadan ibarətdir. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri, yol nişanlarını tanımaları üçün bütün şərait var.

Digər tərəfdə isə uşaqlar üçün idman alətləri quraşdırılıb.

Mərkəzin daxili də xarici görünüşü kimi çox cazibədardır. Digər mərkəzlərdə olduğu kimi, burada da mühafizəçilər binaya daxil olan vətəndaşları ciddi şəkildə yoxlayırlar. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevlə söhbət edə-edə mərkəzlə tanışlığa başlayırıq.

Məlumat Mərkəzinin gülərüz əməkdaşlarının vətəndaşlarla iş prosesini kənardan izləyirik. İçəri daxil olan vətəndaşlar burada ilk dəfə olurlarsa, Məlumat Mərkəzinə yaxınlaşıb istəkləri ilə bağlı müraciət edirlər. Əməkdaşlar vətəndaşların sənədlərini yoxladıqdan sonra onlara hansı xidmət üçün müraciət etməli olduqlarını aydınlaşdırırlar. Beləcə, hər kəs asanlıqla istənilən xidmətdən yararlana bilir.

Məlumat Mərkəzinin əməkdaşı Arzu İsmayılova 2 ildən çoxdur ki, burada çalışır. Ali təhsillidir. Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu deyir ki, mərkəz 11 rayonun əhalisinə xidmət etdiyi üçün müraciətlər çox olur. Ancaq buna baxmayaraq, mərkəzin əməkdaşları hər zaman vətəndaşları gülər üzlə, təmkinli şəkildə dinləyir və istiqamət verirlər: "6 ildir ki, bu mərkəz fəaliyyətdədir. İstər işimizdə, istərsə də vətəndaşlarla ünsiyyətdə heç bir çətinliyimiz olmur. Əlimizdən gələni edirik ki, vətəndaşlar məmnun qalsın. Axı biz operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri əsasında fəaliyyət göstəririk”.


Rahat xidmət, kitabxana, istirahət yeri və stress əleyhinə otaq


Mərkəzdə sanki başqa ab-hava var. Elnur Niftəliyev deyir ki, bu gün burada Yaponiya mədəniyyət günləri keçiriləcək. Ona görə də hazırlıq işləri görülür. Biz isə həm göstərilən xidmətlərlə, həm də vətəndaşlara olan diqqət və qayğı ilə maraqlanmaq üçün işimizi davam etdiririk.

Birinci mərtəbədə ana və uşaq otağı, könüllülərin əl işlərindən ibarət guşə, kommunal xidmətlər, hüquqi yardım, laboratoriya, tibb məntəqəsi, gözləmə zalı, saxlama kamerası, hüquqi yardım mərkəzi, bank və yardımçı funksional xidmətlər mövcuddur. İkinci mərtəbədə Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlər, sürücülük vəsiqəsinin dəyişdirilməsi, şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportunun verilməsi və dəyişdirilməsi, hərbi səfərbərlik, qida təhlükəsizliyi, miqrasiya xidməti, İqtisadiyyat Nazirliyinin lisenziyalarının alınması, vergi xidmətləri həyata keçirilir. Üçüncü mərtəbədə isə əmək pensiyalarının təyin olunması, arxiv arayışlarının verilməsi, daşınmaz əmlakın qeydiyyatı, notariat, gömrük bəyannamələrinin hazırlanması, dördüncü mərtəbədə isə əməkdaşlar üçün kitabxana, konfrans otağı, xidməti istirahət yeri, stress əleyhinə otaq var.


Nəzakətlilik, məmnunluq, vətəndaşın sevinci...


Rayon sakini Nəsibə Quliyeva şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün yenisini almağa gəlib. Amma bu dəfə nədənsə fərqli mənzərə ilə qarşılaşıb: "Əvvəllər eləcə sənədləri verirdik və gəlib vəsiqəmizi götürürdük. İndi daha müasirləşib. Barmaqlarımızı xüsusi aparata toxundururuq, elektron formada lövhəyə qol çəkirik. Vallah, dövlətin yaratdığı bu xidmət hamının ürəyindəndir. Kimsə kiməsə rüşvət vermir, heç kim insanı incitmir. Rahat gəlib nə istəyirsən alırsan. Bundan asan nə ola bilər ki?”

Nərminə Gəncəliyeva isə ilk dəfə ümumvətəndaş pasportu alır. 10 gün öncə müraciət edib və bu gün sənədini götürmək üçün mərkəzdə növbə gözləyir. Bir qədər sonra növbə elan edilir və Nərminə xanıma yeni pasport təqdim olunur: "İlk ümumvətəndaşlıq pasportumu aldım. Sevincliyəm. Buraya gələndə insan özünü çox rahat hiss edir. Hətta kimsə bayırdan içəri daxil olanda əsəbi halda olursa, onunla elə nəzakətlə davranırlar ki, tamam sakitləşir. Çox sağ olsunlar ki, bizim üçün belə xidmət yaradıblar. Hər kəs məmnun qalır "ASAN xidmət”dən”.

Saməddin Cəbrayılov isə həyat yoldaşı ilə birgə yeni doğulmuş körpələri üçün doğum haqqında şəhadətnamə almağın sevincini yaşayır: "Yenicə dünyaya gəlib. Adını Fatimə qoymuşuq. Gəlmişik ki, qızımız üçün doğum haqqında sənəd alaq. Bizə göstərilən diqqətə görə təşəkkür edirik”.


Təmənnasız xidmət və xeyirxahlıq missiyası - "ASAN Könüllüləri”


6 il öncə Sabirabadda bir ilk də reallaşmışdı. Prezident İlham Əliyevin iştirakı ilə "ASAN xidmət”in açılışından sonra rayonda Heydər Əliyev Mərkəzində "ASAN Könüllüləri”nin I Ümumrespublika Forumu keçirilmişdi.

Könüllülərin fəaliyyətini dəyərləndirən dövlət başçısı demişdir: "Gənclərimiz bizim gələcəyimizdir. Mən şadam ki, Azərbaycanda çox müasir, dövlətə, vətənə bağlı olan gənc nəsil yetişir və "ASAN könüllüləri”nin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü göstərmisiniz və işinizlə ölkəmizin ümumi inkişafına töhfənizi verirsiniz. Bu, çox gözəl haldır, təqdirəlayiq hadisədir. Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir. Çünki Azərbaycanda hazırda mövcud olan ictimai-siyasi vəziyyət, gözəl ab-hava belə təşəbbüslərin irəli sürülməsinə imkan yaradır”.

Ümumiyyətlə, könüllülük mərhəmət, əliaçıqlıq, ədalət hissi deməkdir. Könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Hər mərkəzdə olduğu kimi, burada da səmimi, mehriban kollektiv var.

16 yaşlı Rəvan Ağayev 2 aydır mərkəzdə könüllü kimi çalışır. Sabirabad Peşə Liseyinin tələbəsi olan Rəvan deyir ki, burada çalışmaqda məqsədi təcrübə toplamaqdır. Sözlərinə görə, könüllü olmaq dünyagörüşünün artırılması üçün çox yaxşıdır. Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunu olan Rəşad Əliyev 42 gündür burada çalışır: "Akademiyada təhsil aldım, burada isə xeyirxahlıq, mərhəmətin nə olduğunu hiss etdim, insanlara təmənnasız xidmət savabdır”.

Könüllülərin əksəriyyəti Sabirabad Dövlət İqtisad Kollecinin tələbələridir. Saatlı, Biləsuvar rayonlarından gəlib burada təhsil alan tələbələrdən Zərifə Cavadova, Solmaz Mirzəli, Günel Əhmədli də kollektiv iş prinsiplərini öyrənməyə çalışırlar. Könüllülərin fikrincə, "ASAN xidmət” onların gələcək planlarının reallaşmasında böyük rol oynayacaq.


Yaponiya mədəniyyət günləri - suşi və dolma, Sabirabad qarpızı...


Könüllülərlə söhbətləşdikdən sonra mərkəzdə Yaponiya mədəniyyət günləri ilə bağlı maraqlı tədbir başlayır. Elnur Niftəliyev deyir ki, bu tədbir "ASAN Könüllüləri” tərəfindən multikulturalizm mövzusunda reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.

Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə bu ölkənin milli geyimləri, mətbəxinin ən məşhur nümunəsi olan suşi nümayiş etdirilirdi. Həmçinin milli mətbəximizin təamları - dolma, şah plov da hazırlanmışdı. Xüsusi guşədəki Sabirabad qarpızı və mərkəzin könüllüləri tərəfindən oriqami üsulunda hazırlanmış əl işlərinin sərgisi də qonaqların diqqətini çəkirdi. Yaponiyanın milli bayramları ilə əlaqədar olan guşədə isə həmin bayramların rəmzləri nümayiş olunurdu.

Mərasimin rəsmi hissəsi yekunlaşdıqdan sonra mərkəzə təşrif buyurmuş qonaqlar, məktəblilər guşələrdə nümayiş olunan yapon və milli təamlarımızdan daddılar, əl işləri, rəmzlərlə yaxından maraqlandılar.

Biz isə mərkəzə təşrif buyuran vətəndaşlara yaxınlaşaraq onlara göstərilən xidmətlərlə bağlı fikirlərini soruşuruq. Rayon sakinləri Dünyamin Musayev və Kamran Mədətov Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin mərkəzdəki xidmətinə müraciət edərək məhkumluqla bağlı arayış almışdılar: "İçəri daxil olanda ilk baxışdan adama elə gəlir ki, burada qarışıqlıqdı. Amma məlumat mərkəzində hər şeyi asanlıqla izah edirlər. Məhkumluqla bağlı arayış lazım idi. İşə qəbul olunmaq üçün tələb olunan vacib sənəd olduğu üçün biz də "ASAN xidmət”ə gəldik. Məhkumluğumuz olmadığı üçün cəmi 15 dəqiqəyə arayışımızı aldıq. Çox əla xidmətdi, hər kəs razılıq edir”.

Saatlı rayonundan gələn 69 yaşlı Tahir Məmmədov isə evini qızına bağışlamaq üçün mərkəzdəki notariat xidmətinə müraciət üçün gəlibmiş: "Sizi inandırıram ki, burada olan xidmət bəlkə də dünyanın heç bir yerində yoxdur. Elə asanlıqla hər şeyi başa salırlar ki, heç bir çətinlik çəkmirsən. Adam növbə gözləyəndə də rahat olur. Nəsə başa düşməyəndə gənclər yardım edirlər. Bu da insana xoş təsir bağışlayır. Bir vaxtlar sənədlər almaq üçün neçə-neçə idarə qapılarında qalırdıq. Günlərlə vaxt itkisi olurdu. İndi sağ olsun dövlətimiz, vətəndaşın qayğısına qalır. Çox-çox razıyam və mən tək deyiləm, hər kəs bu xidmətdən razıdı”.


12 dövlət orqanı, 320 müxtəlif xidmət


Göründüyü kimi, yeni Azərbaycan brendi olan "ASAN xidmət” illərdir öz prinsiplərinə sadiq şəkildə fəaliyyətini davam etdirir. Hazırda ölkədə 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bu il Tovuz, Ağcabədi, Şamaxı, Kürdəmir və Balakəndə "ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır.

Həmçinin Prezident İlham Əliyev 5 aprel 2019-cu il tarixdə Bakı şəhərində iki yeni "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

Bu günə kimi "ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 33 milyondan çoxdur. Bu ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edir.

Sabirabad "ASAN xidmət” mərkəzində şahidi olduğumuz mənzərə, Prezident İlham Əliyevin söylədiyi kimi, ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. Bu, sadəcə olaraq, vətəndaşlara rahat xidmət mərkəzi deyil, insanlarda böyük dərəcədə dəyişikliklərə səbəb olan, nadir ictimai xidmət mərkəzinə çevrilən bir qurumdur. 7 il öncə yaradılarkən vətəndaşlarda dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, əlavə xərclərin və vaxt itkisinin azalması, etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması əsas məqsədlər idi. Əminliklə deyə bilərik ki, agentlik qısa müddətdə bu məqsədlərə nail ola bilib.

Rəşad BAXŞƏLİYEV,

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video