20 Oktyabr 2019 00:50
526
İQTİSADİYYAT
A- A+

Torpağa bağlı ömür


Fermer Lətif Cəfərovu çoxdan tanıyıram. Uşaqlıq illəri İkinci Dünya müharibəsinin ağrılı-acılı dövrünə təsadüf edib. Orta məktəbdə oxuya-oxuya Təzəkənddəki "Türkmənistan” kolxozunun pambıq sahələrində kətmən vurub, gücü çatdığı digər işlərin qulpundan yapışıb, mal-qara saxlayan valideynlərinə yardımçı olub.

Orta məktəbi bitirdikdən sonra Salyan Kənd Təsərrüfatı Texnikumunun aqronomluq şöbəsində təhsil alıb doğma kəndlərində aqronom-entemoloq kimi əmək fəaliyyətinə başlayıb. Kolxoz rəhbərliyi təşəbbüskarlığını görüb böyük bir briqadaya başçılığı ona həvalə edib. O da etimadı doğrultmaq üçün gecəsini gündüzə qatıb əvvəllər yol verilən nöqsanların aradan qaldırılması üçün yorulmadan çalışıb. İşə bu cür yanaşması rəhbərlik etdiyi briqadanın hər il rekord miqdarda məhsul yetişdirməsi ilə nəticələnib. Adı o dövrdə şan-şöhrət qazanmış biləsuvarlı Sosialist Əməyi qəhrəmanları Qızqayıt Həsənova və Ərəstun Məmmədovla yanaşı çəkilib. Qazandığı nailiyyətlərə görə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunub, yüksək mükafatlara layiq görülüb.

Bir neçə il öncə Lətif kişidən soruşmuşdum ki, mükafatların hansı sənin üçün əzizdir. Cavabında demişdi: "Ulu Öndər Heydər Əliyevin 1974-cü ilin yayında Biləsuvar rayonuna səfəri zamanı briqadamda olub mənə mükafat verdiyi "QAZ-24” markalı minik maşını. O zaman belə bir maşın hər kəsə nəsib olmurdu”.

SSRİ-nin süqutundan sonra kolxoz və sovxozlar da dağıldı. İş yerlərinin bağlanması, iqtisadi əlaqələrin pozulması, istehsalın dayanması insanların yaşayış səviyyəsinə mənfi təsir göstərdi. Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasına, apardığı torpaq islahatına sevinənlərdən biri də Lətif Cəfərov oldu.

Payına düşən torpağın yaşadığı Təzəkənddən xeyli uzaq olması da onu məyus etmədi. Hər gün kəndə gedib-gəlməmək üçün torpağın bir küncündə çiy kərpicdən koma tikdirib ailəsini ora köçürdü.

Mülkiyyətçilərin əksəri yüksək gəlir əldə etmək məqsədilə başqa bitkilər, günəbaxan, qarğıdalı əkəndə o, "ağ qızıl” yetişdirdi. Buna görə çoxları Lətif kişini "pambıq Məcnunu” çağırsalar da, bundan incimədi. Bilirdi ki, pambıq digər bitkilər üçün yaxşı sələfdir.

Dövlətin aqrar sahəyə göstərdiyi diqqət bütün fermerlər, torpaq mülkiyyətçiləri kimi, onun da köməyinə çatır. Qazancı çoxaldıqca əlavə torpaq sahələri, kənd təsərrüfatı texnikaları alır. Dədə-baba yurdları olan Təzəkənddə oğlanları Mehdi, Mübariz, Əsgər və Anarın hər biri üçün müasir, yaraşıqlı yeni ev tikdirib, minik maşını alıb. Nəvələrinin əksəriyyəti ata-babaların yolu ilə gedir. Ali təhsilli nəvəsi Səbuhi təsərrüfatın mühasibidir.

L.Cəfərovun 50 baş iribuynuzlu, 80 baş xırdabuynuzlu mal-qarası var. Həyətində kifayət qədər toyuq-cücə yetişdirir. Deyir ki, kəndli qənd-çaydan, paltardan savayı heç nəyə pul verməməlidir. Özünü, ailəsini geninə-boluna ət, süd, yağ, yumurta və digər məhsullarla təmin etməklə bərabər həmin məhsulları üstəlik bazara da çıxarmalıdır.

Bu günlərdə yolum yenə Lətif kişinin fermer təsərrüfatına düşmüşdü. 85 yaşlı fermerlə söhbətimiz pambıq tarlasının kənarında oldu. Hal-əhval tutandan sonra dedi ki, 30 hektar sahədə pambıq əkiblər. İndiyə kimi 130 tondan çox pambıq yığıblar. 13 hektarın məhsulunu maşınlarla toplayıblar. Orta məhsuldarlığa gəldikdə, yığılan sahələrin hər hektarından 43 sentner məhsul götürülüb. Həmin sahələrdə məhsul hələ çoxdur. Yəqin ki, tam yığılanda 50 sentnerə çatacaq.

2017-ci ildə qocaman pambıqçı əldə etdiyi yüksək məhsuldarlığa görə "Tərəqqi” medalı ilə təltif edilib. Lətif kişi deyir ki, qazandığımız uğurda pambıqçı qızlarımızın əməyi böyükdür. Onlar həmişə "ağ qızıl”ın bir kiloqramını belə sahədə qoymamaq əzmi ilə çalışırlar.

Bu, həqiqətən də belə idi. Payız günəşi yavaş-yavaş qüruba ensə də, qız-gəlinlər yığımın sürətini azaltmadan işləyirdilər.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video