20 Oktyabr 2019 00:38
1228
Elm və texnika
A- A+

Cazibə qüvvəsinə tabe olmayan daş


Bu, bir fiziki qanunauyğunluqdur - cazibə qüvvəsi hər şeyi Yerin mərkəzinə cəzb edir. Məhz cazibə qüvvəsi əşyaları yerə düşməyə, Ayı Yerin ətrafında fırlanmağa məcbur edir, bizə kosmosa uçub getməyə imkan vermir. Lakin Yer kürəsində elə məkanlar da var ki, bu qravitasiyaya tabe olmurlar.

Fizikanın məntiq və qanunlarını pozan belə məkanlardan biri Argentinada Buenos-Ayresdən cənub-şərqdə yerləşən Tandilia şəhərindədir.

Bu şəhərdə qayanın üzərində dayanan "Davasko” daşının min illərlə yaşı var. 300 ton ağırlığı olan "Davasko” daşı qayanın dik kənarında balanslı şəkildə dayanar, külək əsəndə isə aşmadan yellənərmiş.

Davasko - Günəşin oğlunun adıdır. Daşın adı onun şərəfinə qoyulub. Başqa adı isə "Piedra Movediza”dır. Bu, ispan dilindən tərcümədə "hərəkətli daş” mənasını verir.

"Davasko” daşını ilk dəfə XIX əsrdə Avropadan gələn səyyahlar sirli, möcüzəvi məkan kimi təsvir ediblər. O vaxtdan bəri minlərlə turist təbiətin inanılmaz möcüzəsinin şahidi olmaq üçün o şəhərə gedib.

"Davasko” daşı ilə bağlı yerli sakinlər arasında müxtəlif əfsanələr, rəvayətlər dolaşır.

Bir əfsanəyə görə, Tandilia qəbiləsinin başçısı qədim ənənəni kobud şəkildə pozur. Bu, əhalinin hiddətinə səbəb olur və üsyanla nəticələnir. Üsyana isə qəbilə başçısının həyat yoldaşı Mini liderlik edir. Lakin xalq üsyanı başçı tərəfindən amansızcasına yatırılır. Zalım rəhbər tutulan bütün üsyançıları dağa aparıb, böyük bir daşa bağlamağı, işgəncə verib qayadan aşağı atmağı əmr edir. Mini qayadan atılanda dəhşətli ildırım çaxır və bu sözlər hər yanda əks-səda verir: "Ah Tandilia, ölümüm bu dağı sarsıdacaq və sən həmişə burda döyünən ürəyimi görəcəksən”.

Başqa bir rəvayətdə isə deyilir ki, əsrlər öncə Günəşin sevimli oğlu Davasko əcdadlarımıza bu yerlərin yolunu göstərib. Onlara maldarlığı və əkinçiliyi öyrədib. Bir müddət insanlarla yaşayan Davasko xalqının artıq onsuz baş çıxara biləcəyi qənəatinə gəlir və insanları tərk edərək atasının - Günəşin yanına gedir. Getməzdən öncə xalqına söz verir ki, vaxt gələcək və o, yenidən Yer üzünə həmişəlik geri qayıdacaq. Xalqının onu unutmaması üçün Davasko nəhəng bir daşı dağın başına qaldırır. Onu qayanın lap kənarına qoyur və deyir ki, dönüşünə qədər daş heç bir zərər görmədən orda qalacaq.

Lakin bu əzəmətli təbii abidənin də sonu gəlir. 29 fevral 1912-ci ildə "Davasko” daşı sıldırımdan qoparaq aşağı düşür və parçalara ayrılır...

Əsrlər boyu tərpənmədən eyni vəziyyətdə qalan daşın qayadan düşmə səbəbi ilə bağlı elm adamları ortaq bir məxrəcə gələ bilmirlər. Bəzi alimlər buna eroziyanın və yaxınlıqdakı mədənlərdə iş zamanı partlayışların səbəb ola biləcəyini düşünür. Bəzi mütəxəssislər isə hesab edirlər ki, əslində, daş heç vaxt tək bir yerdə tərpənmədən, möhkəm dayanmayıb. Həmişə cazibə qüvvəsi altında hərəkət edib, sanki uçuruma doğru sürüşüb. Sadəcə olaraq bu proses o qədər zəif gedib ki, daşın tarazlığının pozulması nöqtəsinə çatana qədər min illər keçib.

Günəşin oğlunun daşı yerindən qopanda bütün şəhər əhli bu hadisədən sarsılır. Ancaq onlar ruhdan düşməmək qərarına gəlirlər. 95 il keçdikdən sonra, 2007-ci il mayın 13-də səhər saat 07:58 radələrində Tandilia sakinləri öz tarixi simvollarını bərpa edirlər. Amma parçalanmış daşları bir-birinə birləşdirərək yox, onun nüsxəsini yaratmaqla. Daşın plastik nüsxəsi qayanın uc hissəsində, eyni yerdə quraşdırılıb. Sadəcə təbii daşdan bir fərqi var - külək əsən zaman yellənmir.

Bu məkan yerin cazibə qüvvəsinə tabe olmayan təbiət möcüzəsi kimi illərdir turistlər tərəfindən ziyarət olunur. Qayanın ətrafında isə milli park salınıb - "Park Lithic The Movediza”.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video