19 Oktyabr 2019 13:42
493
İQTİSADİYYAT
A- A+

ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür


Oktyabrın 19-da Avstriyanın Vaxau regionunda yerləşən Vösendorf qəsəbəsində Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) Fəxri Şurasının iclas keçirilib. İclas "Yeni İpək Yolu” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, toplantıda "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Avstriya Parlamentinin üzvü və Avstriya İqtisadiyyat Palatasının Baş katibi Karlhaynts Kopf, Avstriyanın keçmiş Federal Kansleri Alfred Quzenbauer, keçmiş nazir Sofi Karmasin, Avstriya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi və üzvləri, "Liebherr”, "Rail Cargo Austria AG” və digər şirkətlərin rəhbər şəxsləri, iş adamları və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Avstriya-Azərbaycan Ticarət Palatasının sədri Qerald Qerstbauer təşkilatın 10 ili əhatə edən fəaliyyət dövrünə nəzər salıb, iki ölkə arasında işgüzar əlaqələrin dərinləşməsi, qarşılıqlı biznes səfərlərinin təşkili, uğurlu biznes əlaqələrinin qurulması istiqamətində görülən işlərdən bəhs edib.

Avstriya Parlamentinin üzvü və Avstriya İqtisadiyyat Palatasının Baş katibi Karlhaynts Kopf və Avstriyanın keçmiş Federal Kansleri Alfred Quzenbauer isə çıxışlarında ərazi və əhalisinə görə oxşar xüsusiyyətlərə malik Azərbaycan və Avstriya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının vacibliyini qeyd edərək, hər iki ölkənin Avropa və Asiya arasında nəqliyyat və logistik bağlantıların güclənməsində mühüm rol oynaya biləcəklərini vurğulayıblar.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxışında qeyd edib ki, ATAZ 10 il ərzində yaradılma məqsədlərindən ən əsası olan iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da intensivləşdirilməsində önəmli rol oynayıb və bir çox uğurlara imza atıb. Həmçinin, təşkilat tərəfindən şəbəkələşmə, informasiya və məsləhət xidməti, eləcə də işgüzar səfərlər və tədbirlər təşkil edilib. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində böyük potensial olduğunu nəzərə alaraq, gələcəkdə də palatanın Avstriya və Azərbaycan arasında iqtisadi, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsində özünəməxsus rol oynayacağı və bu istiqamətdə uğurlu fəaliyyətini davam etdirəcəyi şübhəsizdir. C.Qurbanov ATAZ-ın Fəxri Şurasının üzvü kimi bu istiqamətdə palataya öz dəstəyimi əsirgəməyəcəyini də ifadə edib.

Xüsusilə böyük məmnunluqla qeyd olunub ki, ölkələrimiz arasında rəsmi səviyyədə də əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev Avstriya ilə əlaqələrə xüsusi önəm verir və bu ilin martında Avstriyaya səfəri çərçivəsində dövlət və hökumət başçıları ilə apardığı görüşlər, eləcə də bir neçə gün öncə Bakıda Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi dövlətimizin başçısının Avstriya ilə əlaqələrə verdiyi önəmin göstəricisidir.

C.Qurbanov bildirib ki, o, ATAZ-ı strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan ölkələrimiz arasında körpü olaraq görür. Avstriya Mərkəzi və Şərqi Avropaya açılan qapı olduğu kimi, Azərbaycan da Mərkəzi Asiyaya çıxış üçün önəmli tranzit məkanında yerləşmişdir: "Böyük bir fəxr hissi ilə bildirirəm ki, Azərbaycanın günü-gündən beynəlxalq layihələrdə, o cümlədən dəmir yolları daşımalarında, xüsusilə tranzit daşımalarında rolu artmaqdadır. Bu sahədə son uğurlarımıza misal olaraq, cari ilin sentyabrında "Azərbaycan Dəmir Yolları” QSC-nin 100-ə yaxın şirkət və 24 ölkənin təmsil olunduğu "Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası”na üzv qəbul edilməsini qeyd etmək olar”.

Həmçinin qeyd edilib ki, "Yeni İpək Yolu” layihəsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışı, Bakı-Gürcüstan sərhədinə qədər dəmir yolu xəttinin yenidən qurulması, Ələtdə yeni ticarət dəniz limanının açılışı kimi böyük infrastruktur layihələri uğurla başa çatdığına görə, respublikamız şərq-qərb marşrutu ilə yüklərin daşınması üçün tam xidmətlər təqdim etmək imkanına malikdir.

"Azərbaycandan keçən şərq-qərb dəhlizinin marşrutu bu marşrutun şaxələndirilməsinə, yük sahibləri üçün yeni bir logistika məhsulu təqdim etməyə imkan verir. Bu marşrut təkcə region ölkələrinin deyil, həm də bütün Avrasiya məkanının logistik xəritəsini dəyişə bilər. Bu marşrutu inkişaf etdirmək üçün Avstriya Federal Dəmir Yolları (ÖBB) və "Rail Cargo” kimi tərəfdaşlarımızla birgə səylər göstəririk. Bu gün Sian-Praqa marşrutu üzrə yüklərin konteyner blok qatarı ilə daşınması həyata keçirilir. Bu qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən keçərək Türkiyədəki Marmaray tuneli ilə dəmir yolu vasitəsilə kəsintisiz, birbaşa Avropaya hərəkət edən ilk yük qatarı olacaq. Beləliklə, Sian-Praqa marşrutu üzrə konteyner blok qatarı Bakıdan Avropaya qədər fasiləsiz olaraq yalnız dəmir yolu vasitəsilə hərəkət edəcək”, - deyə C.Qurbanov əlavə edib.

Bildirilib ki, İstanbulda qatarın təntənəli qarşılanma mərasiminin keçirilməsi nəzərdə tutulur. Avropada bu layihənin operatoru kimi Avstriyanın "Rail Cargo” şirkəti ən uğurlu tərəfdaş kimi görünür.

Sonda 2020-ci il bu marşrut üçün dönüş nöqtəsi olacağı və ATAZ-a bütün dövrdə bu istiqamətdə bütün təşəbbüslərdə göstərdiyi dəstəyə görə təşəkkür edilib.

İclasda təşkilata yeni qoşulmuş şirkətlər təqdim olunub, eləcə də iki ölkə arasında iqtisadi əlaqələrin perspektivləri, yeni işgüzar səfərlərin təşkili imkanları, eləcə də təşkilatın on illik yubileyinin təşkili kimi məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video