19 Oktyabr 2019 03:14
1949
SİYASƏT
A- A+

İşıqlı ölkə


Son illər Azərbaycanda onlarca elektrik stansiyası və yarımstansiyası tikilib, ötürücü infrastruktur təkmilləşdirilib


Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabatını təqdim edib. Hesabatdan bir daha məlum olur ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Bu il oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə həmin hesabatdan bəzi məqamlar göstərilib. Onlardan biri də Azərbaycanın elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünyada ikinci yerdə olmasıdır.

Yaxın keçmişdə ölkəmizin əhalisi elektrik enerjisi sarıdan çox korluq çəkirdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində insanların kortəbii miqrasiyasının - kəndlərdən şəhərlərə axınının, eləcə də digər ölkələrə üz tutmasının bir səbəbi də işığın və istiliyin olmaması idi. Amma heç şəhərlərdə, elə paytaxtın özündə də sakinlər kifayət qədər elektrik enerjisi ala bilmirdilər. Bu barədə Nazirlər Kabinetinin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev həmin dövrü xatırladaraq demişdir: "Vaxt var idi ölkəmizi qaranlıq bürümüşdü. Vaxt var idi gecə saat 12-də televizor da söndürülürdü ki, elektrik enerjisinə sərfiyyat azalsın. Biz xaricdən elektrik enerjisini alırdıq və özümüzü güc-bəla ilə təmin edirdik. İndi biz xaricə elektrik enerjisi ixrac edirik. Ölkə daxilində bütün bu işlər görülüb”.

Bu günlərdə 9 ayın göstəricilərindən bəhs edən iqtisadi müşavirədə də dövlət başçısı sözügedən sahədə qazanılan nailiyyətləri bir daha qeyd etmişdir: "Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik. Son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin tikilməsi bax bizi dünya miqyasında ikinci yerə gətirib çıxardı”.

Regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramı həyata keçirilməyə başladığı vaxtdan bu sahədə də genişmiqyaslı işlər görülüb. Beləliklə, 15 il ərzində, yəni keçən ilin sonunadək 31 yeni stansiya tikilib, 2500 meqavatlıq yeni güclər yaradılıb. Onlardan biri də bu ilin sentyabrında Bakıda istifadəyə verilmiş "Şimal-2” elektrik stansiyasıdır.

"Şimal-1” və "Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saat təşkil edir. Hazırda ən yüksək faydalı iş əmsalına malik olan bu iki elektrik stansiyası birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək.

Yeni elektrik stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir göstərməklə yanaşı, həm də il ərzində 77 milyon kubmetr təbii qazın qənaət edilməsinə, eləcə də regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kilovat-saat elektrik enerjisi itkisinə qənaət etməyə imkan yaradacaq.

Elektrik stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir. Bu, Cənubi Qafqaz regionunda ən faydalı iş əmsalı sayılır. Bu obyekt il ərzində 3,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.

Elektrik stansiyalarının tikintisi Bakıda və digər şəhərlərdə aparılmaqla yanaşı, bir çox rayonları da əhatə edir. Bölgələrdə elektrik stansiyalarının yaradılması həm enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, həm də regionların inkişafına təkan verməklə əlavə iş yerlərinin açılmasına səbəb olur. Bu baxımdan Lerik rayonunda gücü 16,5 meqavat olan elektrik stansiyası da əhəmiyyətlidir.

Bu, Prezident İlham Əliyevin açılışında iştirak etdiyi çoxsaylı obyektlərdən biridir. Stansiya ölkənin cənub bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə inşa edilib və bir il əvvəl istifadəyə verilib. Elektrik stansiyası Lerikin mərkəzindən bir kilometr cənubda, Cəngəmiran kəndində 3,6 hektar ərazidə yerləşir.

Burada hər birinin gücü 3,3 meqavat olan beş mühərrik-generator, həmçinin iki yarımstansiya quraşdırılıb. Layihənin komponentlərinə, həmçinin bir blok, iki güc və iki xüsusi sərfiyyat transformatoru da daxildir.

Bu layihə bölgənin enerji təminatı baxımından əhəmiyyəti ilə seçilir. Belə ki, regionun enerji təminatının keyfiyyət göstəricilərini yaxşılaşdıran stansiya ildə 75 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir. Bu da Lerik və Yardımlı rayonlarının elektrik enerjisinə tələbatından 40 faiz çoxdur. Stansiyanın fəaliyyəti ilə regionun ucqar nöqtələrində gərginlik səviyyəsinin normadan aşağı düşməsi hallarının qarşısı alınır.

Digər bölgələrdə istifadəyə verilən elektrik stansiyalarının da həmin ərazinin iqtisadiyyatına və orada yaşayan əhalinin sosial həyatına müsbət təsiri böyükdür. Bu stansiyalardan son illərdə istismara daxil olan "Astara”, "Şəki”, "Xaçmaz”, "Naxçıvan”, "Şahdağ”, "Səngəçal” və başqalarını göstərmək olar. "Vayxır”, "Biləv”, "Cənub”, "Taxtakörpü”, "Şəmkirçay”, "Arpaçay-1” və "Arpaçay-2”, "Balakən” və digər stansiyalar, adlarından da göründüyü kimi, ölkənin müxtəlif rayonlarında inşa edilib və sosial-iqtisadi həyata öz töhfələrini verməkdədir. Ötən dövrdə, eləcə də "Azərbaycan” İES-də və "Mingəçevir” SES silsiləsində modernləşdirmə istiqamətli əsaslı yenidənqurma işləri həyata keçirilib.

Sözügedən sahədə ötürücü infrastrukturun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər isə enerjisistemin dayanıqlığını möhkəmləndirməklə yanaşı, regional əməkdaşlıq və kommersiya əlaqələri üçün texniki imkanların genişləndirilməsinə də şərait yaradıb.

Həyata keçirilən ardıcıl tədbirlər Azərbaycana öz əhalisini elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin etməyə və onun digər ölkələrə ixracına imkan verib. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə qeyd edildiyi kimi, bu, beynəlxalq reytinq təşkilatlarının da diqqətindən yayınmır və onlar Azərbaycanın nailiyyətlərinə layiqincə dəyər verirlər.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video