Alternative content

18:23 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Davamlı ənənələrin işığı
Davamlı ənənələrin işığı
ANA SƏHİFƏ / SİYASƏT
01:36 18.10.2019


Bu yaxınlarda akademik İsa Həbibbəylinin 70 yaşı tamam oldu. Uzun və şərəfli omrün yeni bahar yaşına qədəm qoydu İsa müəllim. Mən bahar deyirəm, çünki İsa Həbəbbəylini yaradıcı ruhu və enerjisi baxımından həmişə bahar təzəliyini əks etdirən ovqat və dinamikada görmüşəm. Bu, onun fərqliliyinin və özəlliyinin ilkin göstəricisidir.

Onun yubileyi münasibətilə çap olunmuş yazılara nəzər yetirirəm. Yanaşma və baxış spektri çoxcəhətlidir: ölkəmizin ali qanunverici orqanının komitə rəhbəri kimi gördüyü işlər, elmi fəaliyyətinin, ədəbi-publisistik yaradıcılığının təhlili, ictimai xadim, ziyalı kimi yüksək məziyyətləri, şəxsi keyfiyyətləri hər biri bu məqalələrin predmetinə çevrilir. Mənim tanıdığım İsa Həbibbəyli bütün yaxşı sözlərə, dəyərli fikirlərə layiqdir, düşüncəmdə onun işıq heykəli kimi ucalan dəyişməz, sabit obrazı var. Qüdrətli imza kimi yazılarına, alim kimi bəsirətinə, millət vəkili, ziyalı kimi milli dövlətçilik dəyərlərimizə sadiqliyinə hər zaman heyran olduğum İsa Həbibbəyli obrazı...

***

Yəqin, dəyərli oxucum, bunu çox müşahidə etmisən: bir ocaqda dünyaya gəlib, eyni atanın-ananın tərbiyəsini görmüş övladlar illər sonra böyüyüb boya-başa çatdıqca hərəsi bir xarakterin sahibi olur, bir niyyətin ardınca gedir və yaşa dolduqca görürsən ki, bioloji doğmalıqdan, atalı-analı günlərin, qayğısız uşaqlıq çağlarının bal kimi şirin xatirələrindən savayı eyni olan, rahatlıqla paylaşa biləcəyin çox az şeylər qalıb arada...

Amma elə insanlar da olur ki, ömrün hansı məqamında rastlaşırsan-rastlaş, belələri ilə ünsiyyətdən qısa müddət sonra elə bilirsən onlarla bir evdə doğulmusan, bir ananın südünü içmisən, uşaqlığını, məktəb, tələbəlik illərini, iş həyatını, bir sözlə, bütün ömrünü bir yerdə keçirmisən...

İnsanları bir-birinə bu cür doğmalaşdıran onların malik olduqları ortaq dəyərlərdir...

İsa Həbibbəyli ilə tanışlığımız, yaxın ülfətimiz, daha çox 2005-ci ilə, hər ikimizin 3-cü çağırış Azərbaycan Milli Məclisinin deputatı seçildiyimiz zamana təsadüf edir. Yeni Azərbaycan Partiyasının üzvləri, Milli Məclisdə bu partiyanın təmsilçiləri olaraq biz İsa Həbibbəyli ilə əqidə yoldaşıyıq, bir məsləkin daşıyıcılarıyıq, bizim bir-birimizlə yaxın ülfətimiz üçün bu mənsubiyyət duyğusu da kifayət edərdi...

Amma hiss edirəm ki, bu insanı ilk dəfə mənə tanıdan, tanıyan kimi də doğmalaşdıran tamam başqa dəyərdir... Biz ikimiz də coğrafi Vətənlə yanaşı, həm də Ədəbiyyat adlı vətəndə doğulub boya-başa çatmışıq, söz bulağından su içmişik. Və ən etibarlı, ən sarsılmaz ünvanımız buradır. Elə bilirəm ki, İsa Həbibbəylini sinnimizin bu vaxtlarında deyil, dünyada ədəbiyyat adlı bir dəyərin mövcudluğu barədə xəbər tutduğum uşaqlıq illərimdən, o gözəl günlərdən tanımışam.

***

Sənətinin ustası olan insanları çox sevirəm...

Onların məşğul olduqları peşəyə sevgilərinə şahid olmaq, gördükləri işə necə məsuliyyətlə yanaşdıqlarını, ən kiçik detallara da həyati vacib məsələ kimi diqqət yetirdiklərini müşahidə etmək çox gözəldir. Elələri də var ki, onların öz sənətlərinə münasibəti sevgi mərhələsini də keçib, bu insanlar öz sənətlərinin bir parçasına çevriliblər artıq...

İsa Həbibbəyli də çoxdandır ki, sadəcə ədəbiyyatşünas deyil, həm də ədəbiyyatın özüdür, ədəbiyyatla iliklərinə qədər qaynayıb qarışmış əli qələmli adamdır...

Məşhur türk yazarı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamuk həmvətəni Əziz Nesin haqqında çox maraqlı bir xatirəsini bölüşür. Deyir, bir dəfə xaricdə səfərdə idik, axşam hərəmiz öz hotel odamıza çəkilmişdik. Yadıma düşdü ki, Əziz Nesinə nəsə kitabmı, ya sənədmi çatdırmalıyam, qapısını döydüm, o qapını açdı, gördüm ki, barmaqlarının arasında qələm var - mən qapını döyəndə masa arxasında nəsə yazırmış. Bir anlıq onun əlindəki qələmə diqqət yetirdim və mənə elə gəldi ki, qələm Əziz Nesinin əlində artıq altıncı barmağa çevrilib.

Hər dəfə İsa Həbibbəyli ilə söhbətə qapılıb ikilikdə qəvvas kimi ədəbiyyat dəryasının dərinliklərinə baş vuranda, onun ədəbiyyat haqqında danışarkən necə ruhlandığını, gözlərindən saçdığı alovu hiss edəndə, bu ruhun lətif meyvələri olan yazılarını oxuyanda o anı xatırlayıram və düşünürəm ki, qələm artıq İsa Həbibbəyli üçün də sadəcə bir yazı ləvazimatı deyil, cisminin, ruhunun bir parçasıdır...

***

Hər gün səhərlər ölkədə çıxan nüfuzlu, hətta orta səviyyəli qəzetləri mütləq vərəqləyirəm. Belə vərəqləmə həm də bir axtarışdır: qəzetlərdə diqqətimi cəlb edən, ilk baxışdan maraqlı görünən hansısa yazı olarsa, dərhal ayırıb qovluğuma qoyuram ki, axşam evdə günün bitmək bilməyən cari işlərindən, aramsız telefon zənglərindən daha rahat, sakit bir vaxtda oxuya bilim. Amma deyim ki, həmişə belə etmək olmur. Bu qəzetlərin daimi müəllifləri sırasında çox az sayda elə imzalar var ki, onların hansısa yazısı gözümə dəyən kimi, necə deyərlər, əlimdə yağım da daşsa, gərək elə o an, dərhal oxuyum.

Onlar oxucunu gözləməyən, oxucunun hisslərinə hökm edən, oxunması təxirə salınmayan, birnəfəsə su kimi içilən yazılar, imzalardır. Və bu imzalardan biri də İsa Həbibbəylidir...

Ölkəmizin ictimai-siyasi həyatının müxtəlif məsələləri ilə bağlı onun qələmə aldığı yazılar müasir siyasi publisistikamızın şah əsərləridir. Azərbaycanın ən yeni tarixi ilə bağlı obyektiv baxışları əks etdirən çox məqalələr, kitablar yazılır. Onların hər biri özlüyündə çox dəyərlidir. İsa Həbibbəylinin qələmə aldığı publisistik mətnlərin əsas özəllikləri isə onların həm də elmi məzmun daşımasıdır. Bir mətn daxilində həm püxtə qələmli publisist, həm də görkəmli alim baxışlarını əks etdirməsidir. Azərbaycanın dünəni, bu günü və gələcəyi ilə bağlı məsələlərə, tutduğumuz yola, vaxt axarında yaranan tarixə, həyata keçirilən siyasətə ötən əsrin əvvəllərində yaşamış maarifçi, alim və publisistlərimiz sayaq mütəfəkkircəsinə münasibət bildirməsidir.

Uzun illərdir ki, onun yazılarının çox diqqətli oxucularındanam və tam məsuliyyətimlə deyirəm ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət haqqında elmi məzmunlu siyasi publisistikanın ən mükəmməl nümunələrini bu gün milli mətbuatımızda məhz İsa Həbibbəyli yaradır.

Onun ədəbi yaradıcılığı, tənqidçilik fəaliyyəti isə müasir ədəbiyyatşünaslıq elmimizin, yeni ədəbi mühitə, oxucu auditoriyasının xarakterinə, ehtiyaclarına uyğunlaşmış akademik üslubun etalonudur.

Hansı mövzuda yazırsa-yazsın, İsa Həbibbəylinin qələmə aldığı yazıların hər biri elə ilk cümləsindən dil-üslubunun şirinliyi, bulaq suyu kimi saflığı, duruluğu ilə adamın ruhunu oxşayır, yaddaşına hopur. O, ana dilimizin zənginliklərindən istifadə edərək qələmi ilə xariqələr, yaradır. Sözlərin, cümlələrin əlvan xalça naxışı kimi ilmə-ilmə düzülüşünə, bir-birini incəliklə tamamlamasına heyran olursan. Bu yazılardakı zahiri sadəlikdən açılan gözəllik aləmindən, fikir dünyasından düşüncələrini yayındıra bilmirsən.

Oxuduqca oxuyursan, düşünürsən, öyrənirsən...

Çox istərdim ki, İsa Həbibbəylinin müəllifi olduğu yazılar ölkəmizdəki ali məktəblərin Jurnalistika fakültələrində öyrədici vəsait kimi tədris olunsun. Tələbələrə yazı texnikasını, bu sənətin incəliklərini öyrətməkdən ötrü bu dəyərli alimin yazılarından lazımınca istifadə edilsin. Çünki İsa Həbibbəylinin qələmə aldığı yazıların hər biri işlənmə forması, strukturu, ideya-məzmun xüsusiyyətləri, dil-üslub özəllikləri ilə hər bir gənc yazar üçün praktik dərs vəsaiti qədər faydalıdır.

***

O, üçüncü çağırışdır ki, Azərbaycan Milli Məclisinin deputatıdır. Son 4 ildir Milli Məclisdə Elm və Təhsil Komitəsinə rəhbərlik edir. Özüm başqa komitədə təmsil olunsam da, elm, təhsil sahəsinə yaxın bir insan kimi bu komitə də mənim üçün doğmadır, fəaliyyətini həmişə xüsusi diqqətlə izlədiyim ünvandır. Müşahidələrimə əsaslanaraq deyirəm ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin ən məhsuldar dövrü məhz İsa Həbibbəylinin bu komitəyə rəhbərlik etdiyi dövr olub. Bu dövrdə onun başçılığı və yaxından iştirakı ilə hazırlanmış, qəbul edilmiş qanun layihələrinin sayı, məzmunu, cəmiyyət üçün əhəmiyyəti, yəqin ki, bu qənaətimi təsdiqləyə bilər.

İsa Həbibbəyli yalnız komitə sədri kimi təkcə qanun layihələrinin hazırlanması və ictimaiyyətə təqdim olunması ilə öz işini məhdudlaşdırmayıb. Həm də bu qanunvericilik sənədlərinin hər birinin ictimai müzakirəsini təşkil edib, cəmiyyətin onlar barədə rəyini öyrənib. Onu yaxından tanıyan insanlar bilir ki, başqa cür ola bilməzdi. Çünki İsa Həbibbəyli bu sənədlərin Azərbaycan insanının, Azərbaycan cəmiyyətinin gələcəyi ilə bağlı nə qədər böyük ictimai məsuliyyəti ehtiva etdiyinin fərqindədir. Ona görə də bu komitənin hazırlayıb təqdim etdiyi elə bir qanun layihəsi yoxdur ki, onun məzmununu akademik İsa Həbibbəyli şəxsən özü izah etməmiş olsun. O, ayrı-ayrı hüquqi yeniliklər ətrafında başlanan ictimai müzakirələrdə də fəal iştirak edir, yanlış anlaşılan hansısa məqamlara alim fəhmi, yüksək ziyalı etikası, ictimai xadim səbatı ilə dərhal aydınlıq gətirir. İstəyir ki, elm-təhsil sahəsində aparılan islahatların, qanunvericilikdə edilən dəyişikliklərin məramını, mahiyyətini, gələcək üçün yaratdığı dəyərləri hər kəs düzgün anlaya, qəbul edə bilsin, bu dəyişikliklər ümumum razılığını əks etdirsin.

İsa müəllim cəmiyyətdəki böyük nüfuzu, sözünün sanbalı, elm-təhsil çevrələrindəki rəy, təcrübə və media ilə sıx əməkdaşlığı sayəsində buna çox uğurla nail ola bilir.

Bu mənada, İsa Həbibbəyli müasir Azərbaycan elminin, təhsilinin, ictimai fikrinin onurğa sütunlarındandır...

***

Ömürlüyü bir az da XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış maarifçilərimizi xatırladır: Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə və başqa dəyərli ziyalılarımızın həyatını. Onların həyat salnaməsini vərəqlədikcə görürsən ki, ayrı-ayrı dönəmlərdə müxtəlif şəhərlərdə yaşayıblar, ömürləri fərqli şəhərlərin maarifçi mühitində keçib. Əslində bu mühiti elə o ziyalılar yaradıb. Üzlərini o kəslərə tutublar ki, sözləri eşidilməyib. Amma yenə də deməkdən, yazmaqdan usanmayıblar. Ona görə həyat və yaradıcılığın ayrı-ayrı şəhərlərlə bağlı mərhələləri bu şəxsiyyətlərin irsinin elmi tədqiqində ən mühüm məqamlardan biri kimi mütləq nəzərə alınır.

İsa Həbibbəyli də ali məktəbi başa vurduqdan sonra Bakının elm-təhsil mühitindən sonra uzun illər Naxçıvanda yaşadı, Naxçıvan Dövlət Universitetinin rektoru kimi, bu ali təhsil ocağının bir çox nailiyyətlərinin, yüksələn reytinqinin müəllifi oldu. Sonra isə Bakıya gələrək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru kimi davam etdirməyə başladı.

İsa Həbibbəyli o adamlardandır ki, fitrətində sənətinə sevgi olan kamil bir bağban əli yetişən hər torpaq parçasını qısa müddətə gülüstana çevirdiyi kimi, o da olduğu bütün sahələrə varlığı ilə, tükənməz enerjisi ilə yeni nəfəs gətirməyi bacarır...

Akademik İsa Həbibbəylinin gəlişi ilə AMEA-nın fəaliyyətinə bir çeviklik gəldi, onun vitse-prezident kimi kurasiya etdiyi ictimai-humanitar bölməyə aid elmi institutların fəaliyyətində canlanma yarandı. Bu, İsa Həbibbəylinin məqsədyönlülüyündən, tələbkarlığından, insanları motivasiya etmək qabiliyyətindən, ən əsası isə məsuliyyətindən irəli gəlir. O, yaxşı bilir ki, dövlət rəhbərliyinin həyata keçirdiyi siyasətə sadiqlik mücərrəd bir anlayış deyil, bu hər bir insanın öz işi-gücü, ona həvalə edilmiş vəzifədə vicdanla çalışması, gözləntiləri doğruldub ortaya qoyduğu real nəticələrlə bu siyasətə verdiyi töhfələrdir. Lap məşhur türk şairi Ziya Paşanın yazdığı kimi: "Ayinəsi işdir kişinin, lafə baxılmaz, Şəxsin görünər rütbeyi-əqli əsərindən...”

Yaşı 70-ə yetsə də, onun köksündə müasir təfəkkürlü, yeniliklərə açıq, enerjisi bitib-tükənməyən bir gəncin qəlbi döyünür. İsa Həbibbəyli zamanla ayaqlaşmağı, yenilikləri tez bir zamanda mənimsəyərək tətbiq etməyi bacaran insanlardandır.

Bu keyfiyyəti ilə o, sübut edir ki, yeniliklərə münasibətdə yaş bəhanədən başqa bir şey deyil. Yenilik birdən-birə qəfil axınla gəlmir və inkişafa meyilli hər bir insan çox asanlıqla özünü onlara uyğunlaşdıraraq özü də inkişaf prosesinin bir parçasına çevrilə bilər. Ətalətə qapılmış kəslər üçünsə yaşın heç bir fərqi yoxdur, onlar həmişə vaxtın ardınca sürünəcəklər.

Bu da bir həqiqətdir ki, bütün cəmiyyətləri tərəqqiyə İsa Həbibbəyli kimi müasir düşüncəli, yenilikçi insanlar aparır...

***

İsa Həbibbəyli ictimai fikir tariximiz üçün bir dəyərdir...

Onu bu mənziləyə yüksəldən heç də daşıdığı ali titullar, adlar, tutduğu yüksək vəzifələr deyil. İsa müəlliin öz şəxsiyyəti, əxlaqı, vicdanı ilə bu titulların, adların, vəzifələrin haqqını verməsidir, meyar yaratmasıdır.

Akademiya deyəndə, akademik sözünü dilə gətirəndə həmişə yadımıza sovet dövründə yaşayıb yaratmış Yusif Məmmədəliyev, Həsən Əliyev, Məmməd Cəfər Cəfərov, Məmməd Arif, Məmmədağa Şirəliyev, Abbas Zamanov, Azad Mirzəcanzadə və başqa bu kimi alimlərimiz gəlib...

Bu gün İsa Həbibbəyli kimi alimlərimizin simasında bu nurlu şəxsiyyətləri görürük... Akademik deyərkən, gözlərimiz önünə onların işıqlı simaları ilə yanaşı, həm də bu dəyərin canlı daşıyıcısı kimi İsa Həbibbəyli gəlir. İsa müəllim həyat və fəaliyyəti, təmsil etdiyi dəyərlər, mənəvi keyfiyyətləri ilə o irsi yaşadır, gələcəyə ötürür, yeni nəsillər üçün daha bir örnək yaradır.

***

Mən yazıçıyam. Doğrudur, dünyanın böyük yazıçılarının əsərlərini oxuyandan sonra özünə bu adı yaraşdırmaq hünər istər. Amma təvazökarlıq reallığı da dəyişmir: ad-soyadımı yazıçı imzası kimi qəbul edən bəlli bir oxucu auditoriyam illər ərzində formalaşıb, şükürlər olsun... Ona görə də ürəklənib, ara-sıra özümə yazıçı deyə bilirəm. Bir yazıçı kimi AMEA-nın Ədəbiyyat İnstitutu mənim üçün əsl məbəddir. Bu mənəvi məbəd ölkəmizdəki ədəbi proseslərə yön verir, qlobal ədəbi meyilləri diqqətlə izləyib onları cəmiyyətimizə çatdırır, ədəbiyyat tariximizin ən dərin qatlarını üzə çıxarıb bu misilsiz sərvətə yeni həyat bəxş edir.

Bu institutu AMEA-nın çoxsaylı elmi-tədqiqat müəssisələrindən biri statusundan çıxarıb əsl ədəbiyyat məbədinə, mənim kimi yazı-pozu adamları üçün müqəddəs söz məkanına çevirən akademik İsa Həbibbəylidir.

O, həyata keçirdiyi islahatlarla Ədəbiyyat İnstitutunun ab-havasını büsbütün dəyişib, burada yeni istiqamətlərin əsasını qoyub. Akademikin təşəbbüsü ilə Ədəbiyyat İnstitutunda yaradılmış Nizamişünaslıq, Azərbaycan mühacirət ədəbiyyatı, Ədəbi tənqid, Uşaq ədəbiyyatı, Mətbuat tarixi və publisistika, Azərbaycan-Asiya ədəbi əlaqələri, Beynəlxalq əlaqələr, Təhsil şöbəsi, Füzulişünaslıq bölməsi və bu strukturların hər birinin öz fəaliyyət istiqamətləri üzrə ortaya qoyduğu real nəticələr İsa Həbibbəylinin rəhbərlik etdiyi alimlər komandası ilə birgə ədəbiyyatşünaslıq elminin inkişafına, beynəlxalq elmi əlaqələrin genişlənməsinə, ədəbiyyatın, bədii sözün cəmiyyətimiz üçün bir dəyər kimi qorunması işinə zəngin töhfələridir.

İsa Həbibbəyli rəhbərlik etdiyi kollektivlə birgə bu nəticələrə ona görə nail ola bilir ki, təşkilatçılıq məharəti ilə yanaşı, yaradıcılığı ilə də digər alimlər üçün nümunə göstərir. Bir anlıq masamın üzərindəki faktlara diqqət yetirirəm, akademikin monoqrafiya, kitab və elmi məqalələrinin sayı 1500-dən artıqdır. Bu, alimin elmə fədakarcasına xidmətinə, yaradıcılıq ruhuna dəlalət edən çox nadir göstəricilərdəndir...

İsa Həbibbəyli üçün də həyatın mənası nəcib işdə, insanlara, cəmiyyətə fayda verən əməldədir. Təkcə iki faktı deyim ki, müstəqillik dövrü Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnaməsi məhz İsa Həbibbəylinin sədrliyi ilə hazırlanıb və təsdiq olunub. Azərbaycançılıq konsepsiyasının hazırlanıb çap olunması da akademikin adı ilə bağlıdır. Bu məqamda bir faktın üzərində xüsusi dayanmaq istəyirəm.

Yaxınlarda İsa Həbibbəylinin yeni, uzun və gərgin axtarışlarının nəticəsi olan daha bir kitabı işıq özü gördü. "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adlanan bu kitab məxəzdir, özündə bütün ədəbiyyat zamanlarının ritmini, ahəngini daşıyır. İsa Həbibbəyli bu əsəri ilə müstəqillik illərinin ilk mükəmməl dövrləşdirmə konsepsiyasını yaratdı. Kitabda dünəndən bu günə, bu gündən sabaha gedən magistralın ən gözəl örnəkləri nişan verilir. Bu fundamental kitabı oxuduqca İsa Həbibbəylinin ədəbi faktlara necə ehtiyatla yanaşmasını, hər faktla bağlı sistemli və geniş tədqiqlərə varmasını görüb şahid oluruq, həm də akademikin genişmiqyaslı təfəkkür və fəaliyyət dairəsinə. Bu kitabında da İsa Həbibbəyli ənənəsinə sadiqdir, böyük ənənələrin davamçısı olduğunu sübut edir. Çünki burada həm özündən əvvəlki söz sahiblərinin ədəbiyyat tarixi ilə bağlı araşdırmalarına ehtiram yer alır, həm də onların yeni gözlə oxunub dərk və şərh edilməsində həmin ənənədən gələn işığın özü qorunaraq yeni üfüqləri müəyyən etməkdə İsa Həbibbəyli üçün bələdçiyə çevrilir. Bu belə də olmalı idi. Təməlsiz ideyadan doğan elmi qənaət özünü doğrultmazdı və "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” kitabının da əsas özəlliyi budur ki, ədəbi irsin layiqli əllərdə olduğunu, azərbaycançılıq ideologiyasına müəllif ehtiramını layiqincə ifadə edir.

***

İsa Həbibbəyli çox sədaqətli, əqidəsində sabit insandır.

O, yüksək sədaqət hissini bütün münasibətlərdə qoruyub saxlamağı bacarır: dostluqda da sədaqətlidir, prinsiplərində də, dəyərlərə münasibətində də... Bu keyfiyyəti onu tanıyan hər kəsdə böyük rəğbət doğurur.

İsa Həbibbəyli xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideallarına, bu böyük strateqin milli dövlətçilik irsini uğurla davam etdirərək dövlətimizi zamanın ən qüdrətli məqamına yetirmiş Prezident İlham Əliyevin siyasi xəttinə hər zaman sadiq olub.

Onun Əliyevçilik irsinə sədaqəti ötən əsrin 80-90-cı illərinin çətin sınaqlarından şərəflə çıxan əsl kişilik dəyəridir. Heydər Əliyev təqib olunanda, onun adını çəkmək yasaqlananda Naxçıvan Dövlət Universitetinin müəllimi olan İsa Həbibbəyli çəkinmədən əliyevçilərin və mübarizənin ön sırasında dayananlardan biri idi...

O, bu yüksək sədaqət hissini sadəcə daşımır, həm də böyük sevgi və qürur hissi ilə təbliğ edir, yazılarında, kitablarında elmlə ideologiyanın, siyasi baxışların uğurlu vəhdətini yaradır, dövlət rəhbərliyinin həyata keçirdiyi siyasətə müdrik münasibəti ilə insanlarda aydın rəy formalaşdırır.

İsa Həbibbəylinin bu sədaqət hissini iki böyük əsərinə - böyüdüb boya-başa çatdırdığı övladları Səhət və Ərəstü Həbibbəylilərə ötürməsini, onların da eyni əqidənin daşıyıcısı, təbliğatçısı olmalarını görmək o qədər qürurverici hissdir ki... İsa müəllimin ocağından çıxmış saleh övladlar atalarının yoluna - Əliyevçilik irsinə və dövlətçilik amalına canları-qanları ilə bağlıdırlar. Onların da ataları kimi tutduqları yola, daşıdıqları əqidəyə, malik olduqları dəyərlərə daim sadiq qalacaqlarına adım kimi əminəm...

Çünki bu keyfiyyət ocaqdan gəlir...

O ocaq ki...

***

...Bir neçə il öncə Naxçıvana səfərdə ikən İsa Həbibbəylinin Dan yeri kəndindəki ata evində qonaq olmuşduq və bu məqamları səfər təəssüratlarımda da qələmə almışdım. İsa müəllimgil 5 qardaşdırlar, hamısı da kənddə sadə və yaraşıqlı ev tikdirib. Bu ailənin həyətində indiyə qədər heç yerdə görmədiyim qədər ağaclar vardı. Bütün bunlar, Naxçıvan insanlarının torpağa, yurda bağlılığından irəli gəlir, bu öz yerində. Diqqəti çəkən ən mühüm cəhət isə bu evlərin heç birinin arasında çəpərin, hasarın olmaması idi. Həyatda qardaşlar arasında çox hasarlar gördüm, mal-mülk üstündə çox qardaş davalarına şahid oldum. İsa müəllim və qardaşları isə hasarları ixtisara salmaqla ata yurdunun ərazisini bir az da genişləndiriblər. Yer üzünün başdan-başa sərhədlərlə bölündüyü, kimlərinsə beş qarışlıq yeri belə çəpərləyib mənimsəməyə çalışdığı indiki dövrdə bu mənzərə məni çox duyğulandırdı.

İsa müəllimin yaşı doxsana yaxınlaşmış anası Qəndab xanımla görüşümüz, ünsiyyətimiz isə səfərimizin, demək olar ki, ən yaddaqalan məqamlarından idi. Sinəsi söz boğçası olan əsl el ağbirçəyi, müdrik Ana abidəsini elə söhbətimizin ilk dəqiqələrindən titulsuz akademik adlandırdım, sözündən-söhbətindən doymaq bilmədim. Adamı mütəəssir edən - dünyanın hər üzünü, min bir əziyyətini, elin çətin günlərini, yaxşı günlərini görmüş bu ixtiyar qadının ədaləti, Heydər Əliyev irsinə, İlham Əliyevin apardığı siyasətə doxsan ilə yaxın həyat təcrübəsi işığından verdiyi obyektiv qiyməti, bu böyük dövlət adamlarına şükranlıq duyğuları, dövlət rəhbərimizin uğurunun həmişə xeyir olması üçün titrək əlləri ilə Tanrıya ünvanlanmış duaları idi. Bu, İsa Həbibbəylinin, ya başqa övladların təsiri deyildi əsla, hətta fikirləşdim ki, övladların əqidəsi, haqqa-ədalətə sadiqliyi bu ananın südündən, bu ocağın halallığından gəlir...

Azərbaycan Prezidentini güclü edən, siyasət meydanındakı min bir fitnə-fəsadlardan qoruyan, həyata keçirdiyi siyasəti həmişə öz hədəflərinə, məqsədlərinə çatdıran həm də Qəndab ana kimi ağzıdualı ağbirçəklərimizin, ağsaqqallarımızın alqışlarıdır, dua-sənalarıdır...

***

İsa Həbibbəyli Əkbər müəllimin, Qəndab ananın övladıdır. Azərbaycanın ziyalı mühitində isə hər kəs onu böyük ədib Cəlil Məmmədquluzadənin mənəvi övladı kimi tanıyır. Çünki tədqiq etdiyi ədəbi şəxsiyyəti bir ədəbiyyatşünasa ancaq övladlıq sevgisi, övladlıq borcu bu qədər doğmalaşdıra bilər.

İsa Həbibbəylinin Mirzə Cəlil haqqında çox yazılarını oxumuşam, çox söhbətlərini dinləmişəm, çox fədakarlığına şahid olmuşam və hər dəfə də anlamışam ki, bu, sadəcə alim, tədqiqatçı marağı deyil, övladın öz valideyninə sevgisidir, aşiqliyidir, onun xatirəsi qarşısında yerinə yetirmək istədiyi mənəvi öhdəlikdir, övladlıq haqqıdır...

Viktor Andriyanovla birlikdə yazdığım "İlham Əliyev” kitabımın "Körpülər” adlanan V fəslinin "Gələcəyə yolu yalnız məktəb açır” bölümündə akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadə ilə bağlı gördüyü xidmətlər və bu yöndə Ümummilli Liderimiz Heydər Əliyevin rolunu ayrıca tədqiq etmişdim. Böyük yazıçı-dramaturqun əsərlərinin tam şəkildə tədqiqi, nəvəsi Teymurla bağlı İsa Həbibbəylinin axtarışları və Heydər Əliyevin bu məsələyə xüsusi diqqət və marağını böyük həyəcan və rəğbət hissi ilə yazıya almışdım. İsa Həbibbəylinin ona gələn məktubun ardınca Tehrana, Cəlil Məmmədquluzadənin nəvəsi Teymurla görüşməyə getməsi, bu istiqamətdə davamlı fəaliyyəti sənətə və sənətkara olan böyük sevginin gücü idi! Və bu müşahidə məndə belə bir qənaəti formalaşdırıb: əgər İsa Həbibbəylinin damarlarında atası Əkbər kişinin qanı axırsa, ruhunun işığı, qələminin mürəkkəbi də mənəvi atası Mirzə Cəlildən, eləcə də eyni övlad sevgisi ilə bağlı olduğu digər mütəfəkkirlərimizdən gəlir. O şəxsiyyətlərin işığı, irsi bu gün İsa Həbibbəylinin simasında yaşayır...

Akademik İsa Həbibbəyli böyük maarifçilərimizin görmək istədikləri, arzu etdikləri Azərbaycanın tanınmış ziyalısıdır, alimidir, millət fədaisidir. Azərbaycan ziyalılığının aparıcı simalarından biridir.

Bu gün o, həm də müstəqil dövlətimizin və Əliyevçilik irsinin xidmətində şərəflə, məsuliyyətlə dayanmağın nümunəsini göstərməkdə davam edir.

Prezident İlham Əliyev tərəfindən Vətənə xidmətin ən ali səviyyəli mükafatı ilə təltif edilməsi də əslində, "Şərəf”li, "Şöhrət”li İsa Həbibbəyliyə külli Azərbaycanın ehtiramının, şəxsiyyətinə verdiyi yüksək dəyərin, gələcək fəaliyyətinə xeyir-duasının təntənəsidir...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM