12 Oktyabr 2019 02:34
602
SİYASƏT
A- A+

Azərbaycandakı dini konfessiya rəhbərlərinin birgə bəyanatı


İşğalçı Ermənistanın Azərbaycanın Şuşa şəhərindəki Gövhərağa məscidinə qarşı həyata keçirdiyi vandalizm siyasətini ört-basdır etmək cəhdi ilə bağlı Azərbaycandakı dini konfessiya rəhbərləri 2019-cu il oktyabrın 11-də birgə bəyanat qəbul ediblər. AZƏRTAC bəyanatı təqdim edir.

* * *

Bir Olan Yaradanımızın Adı ilə!

İşğalçı Ermənistan növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək mənəvi müstəvidə, dini abidələrimizə qarşı beynəlxalq hüquq normaları - sivil dünyanın mənəvi irsin qorunması ilə bağlı qəbul etdiyi konvensiya və digər sənədlərin tələblərini kobud surətdə pozur. Azərbaycanın işğal olunmuş Şuşa şəhərinin Cümə məscidinə - 1883-cü ildə görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış dini memarlıq abidəsinə qarşı Ermənistan tərəfindən məqsədyönlü terror həyata keçirilir.

İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan özlərinin dağıtdığı Şuşadakı Gövhərağa məscidinin "təmir-bərpa”sından sonra təxribat xarakterli "açılışına” hazırlaşır. Məscidin "təmir”dən sonra "açılış”ı ilə Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa, özünü tarixi abidələrə "qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Bu, işğalçı Ermənistanın və onun cinayətkar rejiminin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin daha bir bariz nümunəsidir. Təəssüf doğuran və bizi narahat edən hal həm də ondan ibarətdir ki, yayılan məlumatlara görə, işğalçı rejim bu işləri qonşu, müsəlman ölkəsi olan İranın "Part Saman Jahan” şirkəti ilə birgə həyata keçirir.

Zəbt olunmuş Azərbaycan torpaqlarında məscidləri, qəbiristanlıqları, digər məbədləri davamlı şəkildə məhv edən təcavüzkar ermənilər indi saxta humanizm pərdəsi altında, bərpa adı ilə məscidin tarixi görkəmini dəyişdirərək onun etnik mənsubiyyətini saxtalaşdırır, işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin silinməsi ilə məşğul olurlar. Məscidin "təmir-bərpa” işlərindən sonra saxta dəyişikliklərə məruz qalacağı, qədim Alban kilsələrində və digər məbədlərdə olduğu kimi, tarixi təhrif edən düzəlişlərlə təqdim olunacağı şübhəsizdir.

Biz - Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri Şuşadakı dini-mədəni abidəyə bu dırnaqarası qayğı kampaniyasını qətiyyətlə pisləyir, ermənilərin işğal altında saxladıqları ərazilərimizdə dini-mədəni abidələrimizə qarşı tarixin saxtalaşdırılması yolu ilə həyata keçirilən əməllərini beynəlxalq konvensiyalara meydan oxuyan yolverilməz qəsbkarlıq siyasəti kimi dəyərləndirir, buna heç bir bəraət olmadığını bəyan edirik. Bu təxribatı ilə erməni tərəfi, hər zamankı kimi, bu dəfə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesindən yayındığını və dini liderlər formatında imzaladığımız birgə bəyanatların ruhuna zidd riyakar əməllərindən əl çəkmədiyini nümayiş etdirir.

Biz beynəlxalq ictimaiyyəti əzəli Azərbaycan torpağında tarixi-dini abidə olan Gövhərağa məscidinə və işğal altındakı bütün ərazilərimizdəki tarixi-dini abidələrə qarşı vandalizm aktlarına öz qətiyyətli münasibətini bildirməyə, "Silahlı münaqişə hallarında mədəni irsin mühafizəsinə dair” Haaqa Konvensiyasının (1954), UNESKO-nun Ümumdünya Mədəniyyət və Təbiət İrsinin Qorunmasına dair Konvensiyasının (1972), Arxeoloji İrsin Qorunmasına dair Avropa Konvensiyasının (1992) müddəalarına istinadən bu kimi halları kəskin qınamağa, bir daha təkrarlanmaması ilə bağlı ciddi addımlar atmağa çağırırıq.

Şeyxülislam Allahşükür PAŞAZADƏ,

Qafqaz Müsəlmanları İdarəsinin sədri

ALEKSANDR,

Bakı və Azərbaycan Arxiyepiskopu

Melih YEVDAYEV,

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Robert MOBİLİ,

Azərbaycandakı Alban-udi Xristian İcmasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video