04 Oktyabr 2019 11:37
1327
CƏMİYYƏT
A- A+

Bakıda “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilib


Azərbaycanda vəkilliyin yaradılmasının 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində oktyabrın 4-də Bakıda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə "Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov, Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonya Fonteyn, hüquq layihəsinin rəhbəri Tomas Herrman, Milli Məclisin deputatları, məhkəmələrin sədrləri və hakimləri, prokurorluq və ədliyyə orqanlarının nümayəndələri, o cümlədən 20-dən çox ölkənin Vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Avropa Şurasının, BMT-nin və digər beynəlxalq təşkilatların, habelə dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, hüquq ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

İki sessiyada keçirilən konfransın məqsədi beynəlxalq ekspertlərin və dünyanın müxtəlif ölkələrinin Vəkillər kollegiyalarının nümayəndələrinin vəkillik peşəsinin idarəetmə və rolu ilə bağlı perspektivlərinin müzakirəsi olub. Tədbirdə müvəkkillərin insan hüquqlarının müdafiəsini həyata keçirərkən vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılıb. Konfrans iştirakçılarının çıxışları əsasən vəkillik peşəsinin təşkili və idarəetməsi, vəkil etikası və vəkillərin peşəyə qəbulu mövzularına həsr edilib.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov konfransda çıxış edərək bildirib ki, ölkəmizdə vəkillik mürəkkəb inkişaf yolu keçib. Bu təsisat özünün ən yüksək inkişaf səviyyəsinə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra nail olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya cəmiyyətimizin müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidinin bünövrəsini qoyub. Azərbaycanda fundamental hüquqi iqtisadi sosial islahatların aparıldığı, azad sahibkarlığın inkişaf etdirildiyi şəraitdə yeni tipli vəkillik təsisatına zərurət yaranıb. Müstəqil Azərbaycanın yeni demokratik Konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişməsinə və onun insan hüquq və azadlıqlarının səmərəli təmini mexanizmi qismində formalaşmasına əsas yaradıb.

"İnsan hüquqlarının etibarlı müdafiəsi sabiq demokratik dövlətin təməl daşı və hər bir cəmiyyətin yetkinliyinin göstəricisidir. Bu mənada 1998-ci ildə islahatların növbəti mərhələsində qəbul edilmiş "Vəkillər və vəkillik haqqında” Qanun hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ daxil olmaqla Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların real təminatı kimi böyük əhəmiyyət kəsb edib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə hazırlanmış bu qanun vəkillərin yeni hüquqi statusunu və müstəqilliyinin təminatını müəyyən edib. Habelə digər qanunvericilik aktları ilə birlikdə tərəflərin prosessual bərabərlik prinsipi təsbit edilib. Bununla belə cəmiyyətin təkamül prosesi dayanmır”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Fuad Ələsgərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin dayanıqlı tərəqqisinin təmin edilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirir. Məhkəmə-hüquq islahatlarının dərinləşməsi, o cümlədən vəkillik təsisatının möhkəmləndirilməsi bu siyasətin prioritetlərindəndir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il fevralın 22-də imzaladığı Sərəncam bu sahədə atılan vacib addımların bariz nümunəsidir. Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarındakı vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslər üçün hüquqi xidmətlərin əlçatanlığının artırılmasıdır. Sərəncama əsasən, aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ üç dəfə artırılıb. Eyni zamanda, Sərəncamda Vəkillər Kollegiyasına bir sıra tövsiyələr verilib. Xüsusilə gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Kollegiya rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində Sərəncamın qəbulundan ötən dövr ərzində ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə artıb və bu proses davam edir.

Ədliyyə naziri Fikrət Məmmədov qeyd edib ki, vəkillik peşəsi Azərbaycanda qədim və zəngin köklərə malikdir. Bu şərəfli peşə barədə ilk məlumatlar hələ Miladdan əvvəl "Avesta”da - Azərbaycan ərazisində mövcud olmuş zərdüştlük dininin müqəddəs kitabında əks olunub. Azərbaycan vəkilliyi zəngin və keşməkeşli inkişaf yolu keçib. Vəkilliyin mühüm hüquq təsisatı kimi formalaşmasının 1919-cu ilə - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etməsi, Cümhuriyyət hökumətində vəkillərin geniş təmsil olunması xüsusilə əlamətdardır. Təbii ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra totalitar rejimin mahiyyətinə uyğun olaraq müstəqil vəkillik institutundan söhbət gedə bilməzdi. Sovet dönəmində vəkillik qurumu müstəqil olmayıb, onilliklər ərzində Ədliyyə Nazirliyinin faktiki tabeliyində olub və fəaliyyəti müxtəlif əsasnamələrlə tənzimlənib.

Nazir Fikrət Məmmədov qeyd edib ki, vəkillik xidməti müstəqil hüquq təsisatı kimi yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Məhz ölkəmiz üçün demokratik hüquqi dövlət quruculuğu yolu seçmiş Dahi Öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində vəkillik haqqında ilk dəfə ayrıca qanun qəbul olunub, onun müstəqil təsisat kimi inkişafına əsaslı zəmin yaradılıb. Bu gün məhkəmə-hüquq sistemində mühüm və əvəzsiz rolu olan vəkillik Prezident İlham Əliyevin rəhbərliyi ilə mütərəqqi islahatlar aparılmaqla təkmil bir struktura çevrilir, onun fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması naminə mühüm tədbirlər görülür. Vəkillik təsisatının böyük əhəmiyyəti nəzərə alınaraq vəkilliyin inkişafına dəstək vermək məqsədilə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncam xüsusi qeyd olunmalıdır.

Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, Azərbaycan müstəqilliyin bərpasından sonra demokratik dəyərlərə sadiq qalaraq dövlət quruculuğu siyasətini uğurla davam etdirib. Ulu öndər Heydər Əliyev demokratik dövlət quruculuğunun müasir prinsiplərinə istinad edərək, bu prinsiplərin uğurla həyata keçirilməsini təmin edib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Son dövrlərdə Azərbaycanda vəkillik institutunun inkişafı ilə bağlı keçirilən islahatlar, vəkillərin sayının kifayət qədər artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi insan hüquq və azadlıqlarının müdafiəsinə layiqli töhfə verəcək.

Baş prokuror Zakir Qaralov çıxışında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarının insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunmasına xidmət etməklə dövlətin hüquq siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdiyini diqqətə çatdırıb. Zakir Qaralov son illər ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə əlaqədar vəkillik institutunun da təkmilləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafına, bu sahədə yeni mərhələnin başlanmasına şərait yaratdığını vurğulayan Baş prokuror bildirib: "Həyata keçirilən mütərəqqi islahatlar vəkillik institutunun öz fəaliyyətini müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil etməsinə, regionlarda hüquq infrastrukturunun genişlənməsinə, onun kadr korpusunun gənc hüquqşünaslar hesabına formalaşdırılmasına, vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərməsinə şərait yaradıb”.

Baş prokuror qeyd edib ki, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi üçün dövlət qayğısına ehtiyacı olan, sosial cəhətdən əhalinin həssas qrupuna, aztəminatlı ailələrə və digər şəxslərə Vəkillər Kollegiyası tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi dövlətin sosialyönümlü siyasətinə dəstək verir.

Cari il iyunun 28-də Vəkillər Kollegiyası ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan Zakir Qaralov qarşılıqlı əməkdaşlığın bundan sonra da qanunun aliliyi və insan hüquqlarının təmin olunmasına, müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin effektivliyinin artmasına xidmət edəcəyinə əminliyini bildirib.

GIZ-in Azərbaycan üzrə direktoru Sonya Fonteyn, Cəmiyyətin hüquq layihəsinin rəhbəri Tomas Herrman çıxışlarında konfransın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında 2019-cu ilin Azərbaycan vəkilliyi üçün əlamətdar olduğunu, bununla əlaqədar Kollegiya tərəfindən silsilə tədbirlərin keçirildiyini bildirib. O, konfransın məqsədi və proqramı barədə məlumat verib, son dövrdə Azərbaycanda vəkillik peşəsinin inkişafı istiqamətində görülən tədbirlər, Azərbaycan Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamının, 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyətindən, ölkəmizdə bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsindən danışıb. Kollegiyanın sədri konfransın müxtəlif ölkələrlə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Sonra Türkiyə Barolar Birliyinin sədri, Türkdilli və Əqrəba Ölkələrin Vəkillik Təşkilatları Birliyinin (Türk-Av) rəhbəri Metin Feyzioğlu, Rusiya Federal Vəkillər Palatasının prezidenti Yuri Pilipenko, Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani, Bütöv Çin Vəkillər Birliyinin vitse-prezidenti Cu Cenqfu, İran Vəkillər Kollegiyası Birliyinin rəhbəri Morteza Şahbazinia, Belarus Respublikası Vəkillər Kollegiyasının sədri, Belarus Milli Məclisinin qanunvericilik və hüquq siyasəti daimi komissiyasının sədr müavini Viktor Çaiçits, Ukrayna Milli Vəkillər Kollegiyasının prezidenti Lidiya İzovitova, Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarov, Litva Vəkillər Kollegiyasının vitse-prezidenti Mindauqas Kukaitis vəkillik fəaliyyətində müasir çağırışlarla bağlı ölkələrinin təcrübələrini bölüşüblər.

Konfrans çərçivəsində tədbir iştirakçıları ölkəmizin mədəniyyəti, eləcə də bölgələri ilə tanış olacaqlar.

Qeyd edək ki, yubiley tədbirləri çərçivəsində Bakıda vəkillər arasında futbol üzrə birinci Cənubi Qafqaz beynəlxalq turniri start götürüb. Turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, İran, Polşa, Qazaxıstan, Özbəkistan və Bolqarıstanı təmsil edən 16 komanda birincilik uğrunda mübarizə aparır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video