04 Oktyabr 2019 02:59
683
İQTİSADİYYAT
A- A+

Sahibkarlar etimadı doğruldur


İnkişaf etmiş ölkələrin iqtisadi gücünün artmasına diqqət yetirdikdə görürük ki, həmin ölkələr buna dərin islahatlar keçirməklə nail olub. Bu ölkələrdə aparılan islahatlar həm hüquqi, həm də maliyyə qanunvericiliyi ilə tənzimlənib. Azərbaycanda da islahatlar aparılarkən bu iki vacib elementə diqqət yetirilib. Belə ki, ilk növbədə iqtisadi inkişafa nail olmaq üçün qanunvericilik bazası yaradılıb. Bunun ardınca onun maliyyələşmə mexanizmləri işlənərək hazırlanıb.

Heç kəsə sirr deyil ki, müstəqilliyimizin ilk illərində özəl sektora dövlət tərəfindən dəstək verilməsəydi, təkcə qəbul edilən qanunlarla sahibkarlığı və özəl sektoru inkişaf etdirmək mümkün olmazdı. Dövlət sahibkarlığın formalaşması, ilkin kapitalın əldə edilməsi üçün güzəştli kreditlər verdi. Bundan istifadə edən iş adamları tədricən öz bizneslərini inkişaf etdirməyə başladı. Hazırda Azərbaycanda mükəmməl sahibkarlıq sektoru formalaşıb. İş adamlarımız nəinki ölkədə, hətta xarici dövlətlərdə belə biznes qura bilirlər. Bir daha qeyd edək ki, bütün bu imkanları onlar dövlət tərəfindən verilən dəstək sayəsində qazanıblar.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətin sahibkarlığın inkişafına xüsusi önəm verdiyini vurğulayaraq demişdir: "Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq. Bildirməliyəm ki, əvvəlki illərdə 2,2 milyard manat məbləğində güzəştli kreditlər verilmişdir, keçən il isə 160 milyon manat...

Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və göstərəcəyik. Sahibkarlara daha böyük kömək göstərmək üçün indi bir çox ölkələrə ixrac missiyaları təşkil olunur... İnvestisiya təşviqi mexanizminin işə düşməsi də çox ciddi islahat idi. Bu proqram 333 layihəni əhatə edir. Onlardan 107-si 2018-ci ildə icra edilib. İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır”.

Aparılan islahatların əsas hədəflərindən biri də qeyri-neft sektorunun inkişafıdır. Bu məqsədlə sahibkarlara bir sıra güzəştlər edilir. Sənaye zonalarının, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması geniş vüsət alıb. Ölkənin paytaxtı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlərdə də bu proses həyata keçirilir. Bugünə qədər sənaye parklarımızda 67 rezident qeydiyyatdan keçib, onlardan 40-ı fəaliyyət göstərir. Sənaye parklarında həyata keçirilən layihələrə 5 milyard manatdan çox kapitalın qoyulması nəzərdə tutulub.

Ümumilikdə isə regionlarda yaradılmış 9 sənaye parkı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident hazırda fəaliyyət göstərir. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən indiyədək 5,7 milyard manatı faktiki olaraq yatırılıb. Qeyd edək ki, bu sahəyə yatırılan kapital özünü doğruldub. Belə ki, həmin layihələrin icrası nəticəsində 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlığı ixrac edilib.

İstər texnoparklarda, istərsə də aqroparklarda dövlət vəsaiti onun mükəmməl infrastrukturunun yaradılmasına yönəldilir. Yəni sahibkarlar qaz, su, işıq, kanalizasiya, yol və digər infrastruktur olan ərazidə iş qururlar. Bununla yanaşı, onlara digər güzəştlər də olunur. Həmin sahələrdə fəaliyyət göstərən sahibkarlar gətirdikləri avadanlıqlara görə gömrük rüsumu ödəmir, 5 il ərzində vergini 50 faizlə ödəyirlər.

Məlumdur ki, qeyri-neft sektorunda məşğul əhalinin və coğrafiyanın böyüklüyünə görə birinci yerdə kənd təsərrüfatı durur. Dövlət həm ərzaq təhlükəsizliyini təmin etmək, həm də regionda yaşayan əhalinin məşğulluğunu artırmaq üçün bu sahəyə də kapital qoyuluşu həyata keçirilir. Ölkədə 51 aqroparkın yaradılması istiqamətində çox iş görülüb. Hazırda 22 aqropark fəaliyyət göstərir, ilin sonuna kimi daha 11 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulur. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq.

Regionlarda həyata keçirilən investisiya təşviqi siyasəti də öz müsbət nəticəsini verir. Bunun sayəsində bölgələrdə sahibkarlıq inkişaf edir, məhsul istehsalı artır, əhalinin işlə təminatı yaxşılaşır. Bugünədək regionlarda 400-ə qədər layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Sözsüz ki, bu sahəyə sərmayə yatıran sahibkarlara da xüsusi güzəştlər edilir. Bu da bölgələrdə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilib. Həmin dövrdə neft-qaz sənayesinə yatırılan sərmayələr azalsa da, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 5,7 faiz artıb. Ümumi sərmayənin 48 faizi dövlət, 52 faizi qeyri-dövlət, yəni sahibkarlara məxsus olub. Bu onu göstərir ki, dövlətin qayğısı sayəsində sahibkarlıq yüksək səviyyədə inkişaf edib və kapital qoyuluşunda öndədir.

Aparılan iqtisadi islahatlar, ölkənin dinamik inkişafı statistik rəqəmlərdə də özünü göstərir. Cari ilin birinci yarısında ölkə iqtisadiyyatı 2,4, qeyri-neft sektoru 3,2, qeyri-neft sənayesi 15,7 faiz, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15, kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb.

Cari ilin yanvar-avqust aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan mallar və göstərilən xidmətlər 2 faiz artaraq 30,9 milyard manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunda məhsul istehsalı 15,2 faiz artıb. Həmin dövrdə sənayedə özəl sektorun payı 82 faizə çatıb. Bu da qeyri-neft sektorunda sahibkarların lider olduğunu bir daha təsdiq edir.

Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin iqtisadi sahədə qazandığı uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz Dünya Bankının nüfuzlu "Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib.

Hesabata əsasən, Azərbaycan "Doing Business” üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir.

Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşdirmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində onların qeydiyyat prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər.

Xatırladaq ki, Azərbaycan "Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlmişdi. İndi isə ən islahatçı ölkə kimi 20-ci yeri tutması Azərbaycanın reytinqinin ildən-ilə daha da yüksəldiyini göstərir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video